Bu gün:
Xezer.info » Cəmiyyət » Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - HƏBSİN TƏFƏRRÜATI

Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - HƏBSİN TƏFƏRRÜATI


Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - HƏBSİN TƏFƏRRÜATI
Bu ilin fevralında tanınmış müğənni Manaf Ağayev Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

“Qafqazinfo” müğənninin dörd ay əvvəlki həbsi ilə bağlı bir sıra detalları əldə edib.

Belə ki, fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub.

Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə özünü tam təqsirli bildiyini deyib:

“Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlimdən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanksiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.