FED-in uçot dərəcəsini artırması manata necə təsir edəcək? - İqtisadçı açıqladı
16-iyun-2022"Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib".
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, inflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlıdır:
"Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər. FED bu il 2 faizlik inflyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu, son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatların ÜDM-də artımı 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlara getməyə məcbur edib. FED uçot stavkasını artırmamışdan əvvəl, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə "özünə gələn" Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur".
Manatın məzənnəsinə gəlincə, deputat qeyd edib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:
"Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə