Prezidentin dəstəklədiyi sahibkar niyə həbs olundu? - ŞİKAYƏT VAR
08-iyul-2016ANAXEBER.az-a daxil olan məlumata görə Füzuli rayonunda fəaliyyət göstərən "Qarabağ Broyler" şirkətinin rəhbəri Həriman Əliyev şərlənərək həbs olunub. Bu barədə Həriman Əliyevin qohumlarının prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirilir. Bir surəti ANAXEBER.az saytına daxil olan müraciətdə deyilir ki, Həriman Əliyev bu ilin may ayının 3-də Bakıda fəaliyyət göstərən apteklərdən birindən çıxarkən naməlum şəxslər ona yaxınlaşıb. Özlərini 13-cü polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər Həriman Əliyevə bildiriblər ki, rəis onu görmək istəyir: "Həriman Əliyev öz avtomobilində 13-cü bölməyə gedib. Lakin bölmədə onu rəisi deyil, müavini qəbul edib. Həriman Əliyevin qarşısına silah və narkotika qoyulub. Ona bildirilib ki, silah da, narkotika da sənin üzərindən çıxıb. Həriman Əliyev çaşqın halda nə baş verdiyini, niyə ona belə böhtan atıldığını soruşub. Rəis müavini isə iş adamını hədələyərək silah və narkotikanın onun üzərindən çıxdığını boynuna götürməyi tələb edib. Əks təqdirdə narkotika və silah onun evinə atılacağını və övladlarının da həbs olunacağını bildirib. Rəis müavini həmçinin Həriman Əliyevi işgəncə ilə hədələyib. Ona elektroşok veriləcəyini bildirib. Bütün bunlardan sonra Həriman Əliyev məcburiyyət qarşısında rəis müavininin tələb etdiyi ifadəni yazmalı olub".
Qohumları deyir ki, daha sonra Həriman Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələri saxlama) və 228.1-ci (qanunsuz silah saxlama) maddələrilə ittiham irəli sürülüb. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır.
Qeyd edək ki, Həriman Əliyev həm də Füzuli rayonunda 3 kəndin icra nümayəndəsidir. Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəalıdır. Həriman Əliyevin rəhbəri olduğu şirkətin açılışında prezident İlham Əliyev də iştirak edib. Rayonda Həriman Əliyev xeyirxah və dövlətçiliyə sadiq adam kimi tanınır. "Həriman Əliyevə qarşı nədən belə bir addım atdığını başa düşmürük. Həriman Əliyev həm iş adamı, həm də məmur kimi həmişə dövlətin, prezidentin yanında olub. Prezident İlham Əliyev şəxsən "Qarabağ Broyler" şirkətinin açılışında iştirak etmisiniz. Belə bir iş yerinin açılmasını alqışlayıb. Lakin görünür, kimlərsə, bütün bu işlərə kölgə salmaq istəyir", - deyə Həriman Əliyevin qohumları bildirib
Teref.info xatırladır ki, sahibkar Nəriman Əliyev 1-ci Qarabağö savaşında döyüşüb və eyni zamanda regionunda özünün xeyriyyəçi əməlləri ilə də tanınır. Son olaraq isə Nəriman Əliyev 2 Aprel döyüşlərindən sonra cəbhə xəttindəki əsgərlərimizə verdiyi maddi dəstəklə diqqətə gəlmişdi.