Bu gün:
Xezer.info » Dünya » ABŞ “yaşıl işıq” yandırır: İran krizisdən çıxa bilər

ABŞ “yaşıl işıq” yandırır: İran krizisdən çıxa bilər


ABŞ “yaşıl işıq” yandırır: İran krizisdən çıxa bilər
Neftin qiyməti artmaqda davam edir. Bu, bir çox ölkə üçün ciddi problem yaradıb. Rusiya neftindən imtina edən dövlətlər alternativ yollar axtarırlar. Dünya bazarlarına daha çox neftin çıxarılmasını təmin etmək üçün ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb. Venesuelanın neft şirkətləri neft sata bilərlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, dünyanın ən çox neft istehsal edən ölkələrindən biri də İrandır. Vaşinqtonda İrana qarşı da sanksiyaların yumşaldılması mövzusu müzakirə olunur:

“Bunun üçün İranla nüvə sazişinin imzalanması vacib deyil. Çünki bu sazişin yaxın zamanda imzalanması problematikdir. Nüvə sazişi ilə bağlı danışıqlar nəticə vermir. Tehran İrana qarşı mövcud olan bütün sanksiyaların ortadan qaldırılmasını tələb edir. Misal üçün Tehran İran İslam İnqilabı Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılmasını istəyir. Vaşinqton isə ancaq nüvə proqramıyla bağlı sanksiyaları yumşalda bilər, İrana qarşı digər sanksiyalardan imtina etməyəcək. Buna görə də indiki şərtlər altında Vaşinqtonla Tehran arasında razılaşma problematikdir. Buna baxmayaraq, Amerikaya neft, İrana isə neftin satışından gəlir əldə etmək lazımdır.

İranda sosial vəziyyət mürəkkəbdir. Əhalinin gəlirləri azalıb, bəzi yerlərdə maaşların verilməsi gecikir ki, bu da əhali arasında narazılığa səbəb olur. İran neftini satmağa imkan əldə edərsə, sosial və iqtidadi problemlərinin həllini sürətləndirə bilər. Hazırda İran öz neftini ucuz qiymətə Çinə və Hindistana satır. Bu isə böyük gəlir əldə etməyə imkan vermir. Çin neft əvəzinə İrana məhsullar ixrac edir. İrana isə valyuta lazımdır.

İran və Səudiyyə Ərəbistanı dünya bazarlarında Rusiya neftini əvəz edə bilərlər. Vaşinqton Ər-Riyadla danışıqlar aparır ki, Səudiyyə Ərəbistanı dünya bazarlarına daha çox neft çıxarsın. İran da bu prosesə qoşularsa, neftə olan tələbat azalar və qiymətlət sabitləşər. Neftin qiymətlərinin sabitləşməsi bir çox ölkənin maraqlarına cavab verir. Neft istehsal edən ölkələr də neftin qiymətinin sabitləşməsini istəyirlər”.