Bu gün:
Xezer.info » İqtisadiyyat » Enerji mərkəzinə çevrilən Bakı - ŞƏRH

Enerji mərkəzinə çevrilən Bakı - ŞƏRH


Enerji mərkəzinə çevrilən Bakı - ŞƏRH
“Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi bu gün regionun enerji xəritəsini dəyişməkdə, Azərbaycanı Avropa İttifaqının yeni və yeganə alternativ mənbəyinə çevirməkdədir”.

İyun ayının 1-dən 4-ə kimi paytaxt Bakı Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə (“Baku Energy Week”) ev sahibliyi edib. Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə 30 ölkədən 249 şirkət qatılıb. Bakı Enerji Forumunda isə dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

İnfrastruktur layihələri həyata keçirmək qabiliyyəti

Bu tədbirlər paytaxtımızın dünyanın enerji mərkəzinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi faktını bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də Azərbaycanın bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynadığını diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi mühüm rol oynayır və qlobal enerji oyunçularının diqqətini Azərbaycana yönəldib: “Azərbaycandan Gürcüstana çəkilmiş ilk boru kəməri olan "Supsa"nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən “Şahdəniz” yatağının işlənməsinə başladıq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir".

Regional təhlükəsizliyə mühüm töhfə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti Azərbaycanın regiondakı mövqeyini möhkəmləndirib. İqtisadçı deputatın sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs ölkəmizi Avropa İttifaqı da daxil olmaqla, regionda təhlükəsizliyin formalaşmasında xüsusi mövqeyə sahibləndirib: “ABŞ Prezidenti Cozef Baydenin dövlət başçısı İlham Əliyevə son məktubu bir daha təsdiq edir ki, Azərbaycanın regional təhlükəsizliyə, xüsusən də enerji təminatına verdiyi töhfə dünyanın inkişaf etmiş ölkələri tərəfindən xüsusi qiymətləndirilir. Azərbaycan öz enerji resursları ilə regional təhlükəsizliyə mühüm töhfə verir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri, Bakı Enerji Forumu da təsdiq edir ki, müasir çağırışlara uyğun olaraq həyata keçirilən enerji siyasəti bir tərəfdən Azərbaycanın regional bazarda daha yaxşı təmsil olunmasına, digər tərəfdən ölkəmizdə ənənəvi enerji məhsullarının istehsalı artırılmaqla alternativ mənbələrin payının çoxalmasına səbəb olub”.


Azərbaycanın güclənən geosiyasi mövqeyi

Millət vəkili deyib ki, artıq yaşıl iqtisadiyyatın formalaşması və genişlənməsi, alternativ mənbələrdən enerjinin əldə edilməsi Azərbaycan üçün prioritetdir: “Bakıda keçirilən beynəlxalq energetika tədbirləri sübut edir ki, Azərbaycan qeyd olunan istiqamətdə IV sənaye inqilabının nəticələrini tətbiq etmək niyyətindədir. Xüsusən işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin istifadə olunması məhz bu məsələnin ölkəmiz üçün prioritet olduğunu təsdiq edir. Azərbaycanda həyata keçirilən enerji siyasəti bir qədər əvvəl vurğuladığım kimi, ölkəmizin regional mövqeyini daha da gücləndirir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi bu gün regionun enerji xəritəsini dəyişməkdə, Azərbaycanı Avropa İttifaqının yeni və yeganə alternativ mənbəyinə çevirməkdədir. Bu, ilk növbədə Azərbaycanın iqtisadi gəlirlərinin stabil şəkildə artmasına imkan yaradır. Eyni zamanda ölkəmizin geosiyasi mövqeyi güclənir”.