Quru sərhədləri gediş-gəlişə həsrət qalıb: Hökumətin qərarı niyə gecikir? - AÇIQLAMA
03-iyun-2022“Azərbaycanın quru sərhədlərinin vətəndaşların gediş-gəlişi üçün açılması Nazirlər Kabinetinin qərarından asılıdır, çünki hökumət məsuliyyət daşıyır. Ona görə də Nazirlər Kabinetinin qərarını gözləmək lazımdır”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Koronavirus pandemiyası başlayan zaman, 2020-ci ilin martından etibarən qonşu ölkələrlə quru sərhədlərini bağladı.
Hazırda isə koronavirusa yoluxma və xəstəlikdən ölüm halı kəskin azalıb. Xarici ölkələrə səfərlər hava nəqliyyatı ilə gerçəkləşir.
Azərbaycan Nazirlər Kabineti ölkədə yoluxma sayının azalması ilə əlaqədar karantin rejimini yumşaltsa da, quru sərhədlər hələ də qapalı qalıb.
Rüfət Quliyev hesab edir ki, Azərbaycan hökuməti qonşu ölkələrin, oradakı vəziyyətin monitorinqini aparır.
“Təhlükəsizlik məsələləri var, pandemiya ilə əlaqədar hələ də təhlükə qalmaqdadır” , - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti təhlükəsizlik - pandemiya məsələsində tam arxayın olandan sonra, quru sərhədlərini açmaq barədə qərar verəcək.
“Biz yaddan çıxarmamalıyıq ki, pandemiya zamanı minlərlə adam xəstəliyə tutulurdu, səhiyyə ocaqları yüklənirdi. Hökumət istəyir ki, quru sərhədləri açılsın, amma bununla bağlı yekdil qərar olmalıdır”, - deyə Rüfət Quliyev fikrini yekunlaşdırıb.