Nazirlik qazilərin narazılığına münasibət bildirib
02-iyun-2022Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin narazılığına münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.az"a verilən məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.
Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: "Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir. Həmin hərbçilərdən artıq 3 000-nə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.
Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib. Bundan başqa, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı komputer avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək".