Dövlət Komitəsi: "Din xadimi olmaq istəyənlərin diplomları ciddi şəkildə yoxlanılacaq"
02-iyun-2022"Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq. Bildiririk ki, müsahibə və attestasiyada iştirak etmək üçün sənədlər, xüsusilə də diplomlar ciddi şəkildə yoxlanılacaq".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O xatırladıb ki, Milli Məclis tərəfindən fevralın 25-də “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişikliyə və dövlət başçısının 11 mart 2022-ci il tarixli Fərmanına əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Dövlət Komitəsinin Kollegiyasının 22 aprel tarixli qərarı ilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin olunması, attestasiya və tutduğu vəzifədən azad edilməsi Qaydası təsdiq olunub və müsahibə proqramı hazırlanıb: "Eyni zamanda, Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrindən ibarət müsahibə və attestasiya komissiyalarının tərkibi müəyyənləşdirilib. Komissiyaların tərkibi müəyyənləşdirilərkən onların ilahiyyatçı mütəxəssislərdən ibarət olmasına xüsusi diqqət yetirilib. Belə ki, 7 nəfərdən ibarət Müsahibə Komissiyasının üzvlərinin hamısı, 9 nəfərlik Attestasiya Komissiyasının üzvlərindən 1 nəfər istisna olmaqla digərləri ilahiyyat təhsili almış və bu sahə üzrə fəaliyyət göstərmiş şəxslərdir".
Şöbə müdiri qeyd edib ki, qayda və müsahibə proqramı hazırlanarkən, komissiyaların tərkibi seçilərkən dünya praktikasından, Türkiyə, Özbəkistan, İordaniya kimi ölkələrin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin təcrübəsindən geniş istifadə edilib:
"Müsahibə proqramının hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən dini ali və orta ixtisas təhsil müəssisələrinin tədris proqramları əsas meyar kimi götürülüb. Cari ilin mayın 24-də Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin olunması məqsədilə müsahibənin keçiriləcəyi elan edilib və sənəd qəbuluna başlanılıb. Namizədlər tələb olunan sənədləri elektron qaydada, həmçinin kağız daşıyıcılar vasitəsilə Dövlət Komitəsinə təqdim edə bilər. Sənəd qəbulu üçün [email protected] elektron poçtu fəaliyyət göstərir. Namizədlərə Dövlət Komitəsinin rəsmi internet saytında “Müsahibə və Attestasiya” bölməsindən müsahibə və attestasiya ilə bağlı qanunvericilik aktları, komissiya üzvləri, müsahibə proqramı, vakant vəzifələr, o cümlədən müraciət məqsədilə ərizə formasını əldə etmək üçün şərait yaradılıb. Eyni zamanda bildirməliyik ki, müsahibədə iştirak etmək istəyən şəxslər Dövlət Komitəsinin Mərkəzi aparatına və bölgə şöbələrinə zəng və ya biləvasitə müraciət etməklə, qurumun sosial şəbəkə hesablarına yazmaqla maraqlandıqları suallara cavab ala bilərlər.
Elan olunmuş müsahibədə “Dini etiqad azadlığı haqqında” qanunun 4-1.2-ci maddəsinə və Qaydanın 1.2.1-ci bəndinə əsasən yalnız ali dini və orta ixtisas təhsili olan şəxslər iştirak edə bilər. Onlara imam, imam müavini, dini ayinlərin icraçısı – müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrindən birini seçmək hüququ verilib. Azərbaycanın, eləcə də müvafiq qanunvericiliyə uyğun olaraq xarici ölkələrin dini ali və orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər müsahibədə iştirak etmək üçün 24 iyunadək sənədlərini Dövlət Komitəsinə təqdim edə bilərlər".
O, təəssüflə qeyd edib ki, Milli Məclis tərəfindən Qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb: "Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla “təmin etməyə” çalışıblar. Dövlət Komitəsinə daxil olan məlumatlara görə, “işbazlar” artıq bəzi din xadimlərini “tələyə” salmağa müəssər olub, onları köhnə tarixlə, vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mədrəsələrin diplomları ilə “təmin” ediblər. Halbuki, həmin din xadimlərinin bəziləri müxtəlif vaxtlarda Dövlət Komitəsinə təqdim etdikləri sənədlərdə hansısa dini təhsil müəssisələrini bitirmədiklərini, dini biliklərə ruhanilər vasitəsilə yiyələndiklərini bildiriblər.
Fürsətdən istifadə edərək, din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq"