Ordumuzun “beşinci kolon”dan təmizlənməsi prosesində YENİ MƏRHƏLƏ
01-iyun-2022Razi Nurullayev: “Bu qüvvələrdən ordumuz təmizlənməlidir və təmizlənir də...”
Alp Arslan İmamqulu: “Azərbaycan Ordusunda top yekun təmizliyə ehtiyac var”
Rey Kərimoğlu: “İllərlə dediklərimizin gerçəkləşdiyi dövrü yaşayırıq”
Son zamanlar Azərbaycan Ordusunun ruspərəst kadrlardan - Türkiyə-NATO standartlarına qarşı çıxanlardan təmizləmə prosesi sürətlə gedir. Amma bu prosesin çox zaman alacağı dəqiqdir. Çünki o qədərdirlər ki...
Artıq bir il yarıma yaxındır ki, sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov vəzifəsindən gedib, amma onun çetesinin bir çox üzvləri hələ də görəvində qalır. Özü isə azadlıqda şellənir…
Bəziləri hesab edir ki, MN-də korrupsiyaya görə həbs edilənlər “xırda balıqlar”dır, “akulalar” ordunun içində qalmaqdadır. Ekspertlər hesab edirlər ki, onları elə sıradan çıxarmaq lazımdır ki, öncədən duyuq düşüb, təxribata, sabotaja əl ata bilməsinlər. Ən qorxunc hallardan biri də odur ki, orduda ciddi korrupsiya faktları var. Son aylar səs-küylü həbslər bu faktı da ortaya çıxardı. Zatən neçə illərdir ordudakı yeyintilərlə bağlı deyilir, yazılırdı. Amma görməməzlikdən gəlinirdi. II Qarabağ savaşından sonra korrupsiya piramidaları dağıdılmağa başlanıb.
Son həbs edilən şəxs - Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində yeni məlumatlar əldə olunub. Məlum olub ki, Z.Niftəliyev nazirliyin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. Onun qanunsuz sahibkarlıqla da məşğul olduğu bildirilir. Həmçinin bildirilir ki, Z.Niftəliyevin qanunsuz əməllərindən ziyan çəkmiş şəxslərin dairəsi genişlənməkdədir. Zahidniftəliyevlər isə hələ orduda çoxdur.
Bəs Silahlı Qüvvələrin tərkibini korrupsiyaçılardan, yırtıcı xislətli zabitlərdən, Rusiya meylli generallardan təmizləmək tam olaraq mümkün görünürmü?
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Azərbaycan Ordusunun türkləşməsinə qarşı çıxanların olduğunu söylədi:
“Sözün açığı, bu suala cavab vermək mənim üçün çətindir. Çünki Müdafiə Nazirliyində təmsil olunmuram, orada olmuram. Bizim arzumuzdur ki, Azərbaycan Ordusu hər zaman güclü olsun, ordumuz xalqın iradəsini təcəssüm etdirsin. Təəssüflər olsun, zaman-zaman görürük ki, ordumuzun içərisində xəyanətkarlar olur, ora yerləşdirilənlərə rast gəlirik. Qeyri-şəffaf şəkildə işləyənləri görürük, korrupsiya əməllərinə də yol verilir. Onların da zaman-zaman təmizlənməsinin şahidi oluruq. Konkret olaraq Nəcməddin Sadıkov barədə məlumat verilməyib ki, onun doğrudan da günahı olub, ya yox. Yaxud Azərbaycana qarşı işləyib? Bütün bunlar suallar olaraq qalır. Ortada faktlar, rəsmi məlumatlar olmadığına görə Nəcməddin Sadıkov və onun ətrafındakı insanların həbs olunduğu hallarını görə bilmirəm. Sadəcə Müdafiə Nazirliyində qeyri-şəffaf işləyənlər olub. Əsgərin payına göz dikənlər də zaman-zaman tapılıb. Onlar da cəzalandırılıb. Orduda şəffaflığın yaradılması üçün işlər görülür. Əslinə qalsa Azərbaycan Ordusu rus tipində bir ordu idi. Rusiya ordusunda da kütləvi oğurluqlar, qeyri-standart məsələlər hər zaman olub. İndi ordumuz Türkiyə standartında, dolayısı ilə NATO tipində qurulduğu üçün istər-istəməz o sistemə uyğun gəlməyənlərin əməllərinin üstü açılır. Nəticədə onlar da cəzalandırılır. Zaman-zaman Azərbaycan Ordusunun türkləşməsinə, NATO-laşmasına qarşı çıxanlar olub. Bir növ bu qüvvələr ordumuzun milliləşməsini istəməyənlərdir. Ordumuza bir çox dövlətlər öz adamlarını yerləşdirmək üçün daim cəhdlər edirlər. Bununla ordunu özlərinə tabe etdirmək istəyirlər. Təbii ki, bu qüvvələrdən ordumuz təmizlənməlidir və təmizlənir də. Amma bu daha tez olsa, cəmiyyətə bu barədə geniş məlumat verilsə daha effektli olardı”.
Tanınmış hərbi ekspert, "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Alp Arslan İmamqulu sərt danışdı:
“Azərbaycan Ordusunun çirkaba bulaşmışlardan təmizlənməsinə uzun bir vaxt lazımdır kimi görünsə də, qətiyyətli addımlarla bu sürəci real nəticələr göstərərək qısaltmaq olar. Çirkaba bulaşmış dedim, çünki rüşvət yerindən, məkanından və kimliyindən asılı olmayaraq mənəviyyatı, vicdanı, həyanı alt-üst edən bulaşıcı xəstəlikdir. Bu xəstəlik isə hal-hazırda bütün dünyanı, o cümlədən, bizim cəmiyyətimizi də əhatə etməkdədir. Rüşvət bir tək orduda olan ciddi problemlərdən deyil. Sadəcə olaraq dövlətin əsas onurğa sütununda bunların baş verməsi narahat olmağa dəyər. Azərbaycan Ordusu Ali Baş Komandanımızın birbaşa rəhbərliyində torpaqlarımızı işğaldan etdi. Amma birinci Qarabağ müharibəsindən 2020-ci ilə qədər müddət ərzində “beşinci kalon”un, vətən xaini olan ünsürlər ucbatından hansı təhlükələrlə baş-başa qaldığımız əksər hallarda bilinəndir. Bu cür ünsürlər sadəcə dövlətə xəyanətlə yetinməyərək, qəsdli qanunsuz əmrlərlə gənc zabitləri uzun illər cinayətə və rüşvətə sürükləyici tapşırıqlar veriblər. Bu səbəbdən bu gün Azərbaycan Ordusunda rəsmi olaraq aşkarlanmasa da, bir çox hərbi qulluqçular rüşvət girdabına bulaşmış sayılırlar və ən azından bunu öz vicdanları bilməkdədir. Nümunə olaraq, hərbi hissələrdə hərbi qulluqçulardan qanunsuz olaraq məişət şəraitinin yaxşılaşdırılması adı altında təmir tikinti işlərinin tələb olunmasını və ya komandirlərə əlavə maddi resurs gərəkdirəcək əmrlərin verilməsini göstərə bilərik. Belə nümunələri çox artırmaq olar. Bu hallarla xidmət müddətimdə çox qarşılaşmışam və tabeçiliyimdə olanları qoruya bilmək üçün daim mübarizə aparmışam. Nəticə olaraq bu gün Azərbaycan Ordusunda top yekun təmizliyə ehtiyac var. Əks halda keçmişdən bugünə sıçramış rüşvət və xəyanət mənbəyi, çürümüş tikələr bütün ordunu yararsız hala gətirə bilərlər”.
Qarabağ qazisi, veteran jurnalist Rey Kərimoğlunun da mövqeyi sərtdir:
“İllərlə dediklərimizin gerçəkləşdiyi dövrü yaşayırıq. Nəcməddin gedib, tör-töküntüsü qalıb. Zakir Həsənovun bacanağı Elxan İbrahimovu da qeyd etməmək mümkün deyil. Belə şey olarmı? Bunlar ordunu dağıdırlar. Cənab prezident lazımı addımları ardıcıllıqla atılmaqdadır. İndiki nazir başda olmaqla hər kəs barədə tədbir görüləcək. Buna heç kəsin şübhəsi olmasın. Oradakı problemləri, korrupsiya faktlarını illərdir deyirik. Adicə bircə faktı deyim. Hərbi hissələrdəki kafelər yoxlanılsa, görərsiniz ki, hansı dəhşətli faktlar ortaya çıxır. Qıraqdakı iki manatlıq siqaretləri 4 manata satırlar. Əvvəl Nəcməddin Sadıkov pulu yığırdı, hər mağazadan iki min manat alırdı. İndi Zakir Həsənovun dəstəsinə keçib. Fərqi nədir ki? Əvvəl 2 manatlıq siqaretlər 3 manata satılanda yazdıq pozduq, indi 4 manata satılır. Bu da deyilənlərdən “nəticə” çıxarmaqdır. Biz faktlara əsaslanaraq sözlərimizi deyirik. Ali Baş Komandan zamanı gələndə bunlar haqqında tədbirlər görür. İnşallah, Nəcməddin Sadıkovun da həbsi reallaşar. Tərtər hadisələrinin başında o və bacısı oğlu Ramil Əsgərov olub. Zakir Həsənov Tərtər hadisələrindən sonra gərək istefa verərdi”.