Çiyələkdən keçən "Hepatit A" TƏHLÜKƏSİ - Nələri bilməliyik? - Həkimdən AÇIQLAMA
30-may-2022Dünya pandemiyadan yaxasını qurtarmamış növbəti xəstəliklər və viruslar haqda xəbərdarlıqlar eşidirik. Belə ki, bu günlərdə ABŞ-da çiyələkdən keçdiyi düşünülən bir xəstəlik yayılmağa başlayıb.
Bəzi marketlər şəbəkəsində satılan çiyələklərdən keçdiyi iddia edilən virus “Hepatit A” xəstəliyinə səbəb olur. İndiyədək 17 xəstəliyə yoluxma faktının olduğu bildirilib. Hepatit A hallarının orqanik çiyələk markalarını alanlara aid olduğunu bildirib.
Bəs görəsən, bu nə dərəcədə təhlükəli virusdur? Virusun Azərbaycanda da yayılma riski varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, virusun yayılması ilə bağlı çoxsaylı ehtimallar var:
“Hepatit A” hava damcı yaxud qanla keçən xəstəlik deyil. Bu virus yalnız natəmiz əllərdən keçə bilər. Yəqin ki, həmin virus çiyələyin əkildiyi torpaqda olub. Yaxud da məhsulu yığıb qablaşdıran şəxslərin əlləri təmiz olmayıb. Həmin şəxslər isə virusun daşıyıcısı olub. Çünki “Hepatit A” insana yalnız bu halda keçə bilər”.
Həkimin sözlərinə görə, dondurulmuş, xaricdən idxal edilən giləmeyvələrdən çox istifadə etmək məqsədəuyğun deyil:
“Virusun yayılması artıq təhlükədən xəbər verir. Azərbaycan da dünyanın bir hissəsidir. Ölkəmiz meyvə tərəvəz idxalçısıdır. Ona görə də bacardıqca alınan məhsulları təmiz və steril bir şəkildə qəbul etməliyik. Meyvə və tərəvəzi yaxşıca yumaq mütləqdir. Bəzən uşaqlar yuyulmamış meyvəni yeyir ki, bu çox təhlükəlidir. Düzdür, Azərbaycanda əksər meyvə və tərəvəz yetişir. Ona görə də, çalışıb hər məhsulu öz mövsümündə yeməliyik. Dondurulmuş, xaricdən idxal edilən giləmeyvələrdən çox istifadə etmək məqsədəuyğun deyil. Bizim orqanizmimiz bu torpaqda yetişən məhsullara uyğunlaşıb. Ona görə də xaricdən alınan meyvədən çox istifadə etmək olmaz. Məcbur qaldıqda isə həmin məhsullar isti su ilə yuyulmalıdır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az