Bu gün:
Xezer.info » Cəmiyyət » Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər - Həkim

Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər - Həkim


Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər - Həkim
İki ildən çoxdur ki, pandemiya dövrü davam edir. Zaman-zaman müəyyən məhdudiyyətlər ləğv olunsa da, təhlükə hələ də tam sovuşmayıb.

Belə ki, bu günlərdə ABŞ-da koronavirusun həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib. Alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.

Maraqlıdır, yeni ştam hansı təhlükələrdən xəbər verir? Azərbaycanda bununla bağlı hansısa addımlar atıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, professor Adil Qeybulla cavablandırıb. Həkimin sözlərinə görə, indiyə kimi koronavirusun xeyli mutasiya ştamları aşkarlanıb:

“Omikron koronavirusun sonuncu ştamı hesab edilmir. Omikrondan sonra koronavirusun xeyli mutasiya ştamları aşkarlanıb. İndiki halda yeni ştamların hansı davranışı göstərəcəyini proqnoz etmək çətindir. Lakin yenidən təhlükəli vəziyyət yaranacağını düşünmürəm. Çünki yeni ştamın əvvəlki qədər təhlükəli olacağını ehtimal etmirəm”.

A.Qeybulla bildirib ki, virusa qarşı kollektiv immunitet formalaşıb:

“Lakin hər halda pandemiya dövrü bitməyib. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiyanın sonunu elan etməyib. Epidemioloji vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşə bilər. Amma Azərbaycanda bunun olacağına inanmıram. Çünki ölkə əhalisində koronavirusa qarşı kollektiv immunitet formalaşıb”.

Şəbnəm Mehdizadə,

KONKRET.az