Bu gün:
Xezer.info » Cəmiyyət » Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı

Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı


Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı
"İlkin vəkillərin suallarına cavab verir. Yerində ifadələrini yoxlayırlar. Hər bir məhkəmədə iştirak etmişəm. Şübhəli şəxs içəridədir. 10 yanvarda özü etirafını söyləyib. İndi də "mən etməmişəm" deyir. Bu necə ola bilər?".

Bu sözləri "Sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

Ş.Quliyev qətli İ.Süleymanovun törətdiyindən əminliyini vurğulayıb:

"Hamısı onların oyunudur. Qətli o törədib, videoçəkilişlə etirafı da var. İstintaqın gedişatından məlumatlıyam. Yorğanı uşağın üzünə büküb çıxarmağı və s. ekspertiziya rəyləri var.

Qarşı tərəflə üzləşməmişik. Düşmənlə necə qarşılaşaq? Onlarla əyləşmək istəmirəm, dediklərinə də inanmıram. Mənimlə nə danışacaqlar? Müzakirəni dövlət qurumları aparır. Cinayətkarı hüquq - mühafizə orqanları tapır".

Ş.Quliyev maddi durumunun çətinliyini dilə gətirib:

“Deyirlər ki, guya, mətbuatdan qaçırıq. Nə vaxt istəsəniz, sizə müsahibə verərəm. Maddi vəziyyətimiz yaxşı deyil. Gediş-gəliş çətindir.
Adilgilin pulu çoxdur, məhkəməyə medianı çağırırlar. Yazıçı Aysel Əlizadə gəlmişdi, evimizi çəkdi. Məhkəmədə onun üstünə getdilər.
Uşağımın ölümü İlkin Süleymanov, onun bacısı ilə əlaqəlidir. Hər şey onların əlləri ilə baş verib".

Qeyd edək ki, Azərbaycanda böyük rezonans doğuran “Nərmin işi” lə bağlı ciddi müzakirələr gedir. İlkin Süleymanov cinayətkar qismində həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər səsləndirilir.

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti

2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.