“20 ildir iş aparılır, milyonlar xərclənir, nəticə sıfır” — Razi Nurullayev ölkə turizmdən danışdı
04-iyul-2016Turizmin inkişafından çox danışılır. İndiki məqamda, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün turizimin inkişafı çox vacibdir. Lakin bu sahədə nəticə ürəkaçan deyil.
Bu barədə Ölkə.Az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurulayev danışıb. Ölkə turizminin inkişaf etməməsinin səbəblərini dilə gətirən sədr, Azərbaycanın qonşu ölkələrin belə turistlərini özünə cəlb edə bilmədiyini deyib:
“Azərbaycan rus turistlərini ölkəyə cəlb edə bilmir. Bir sıra vəziyyətlərdə ruslar və Rusiyada yaşayan azərbaycanlılarla təmas imkanım oldu və öz gözlərimlə şahidlik edib, qulaqlarımla duydum. Rusiyanın ən aparıcı turizm saytı var və demək olar ki, rus turistlərin çoxu gedəcəyi məkanı internet üzərindən məhz bu səhifədə seçir. Səhifənin adı travelata.ru-dur. Bu səhifədə Gürcüstan və Ermənistanın adı var, turistlərə müxtəlif isti-isti paketlər təklif edilir. Azərbaycanın isə adı yoxdur. Budurmu turizm sahəsinə qoyulan milyardlar, xarici ölkələrdə fəaliyyət göstərən turizm bürolarımızın işinin nəticəsi? Bütün bunlara səbəb isə cəzasızlıqdır. Hər kəsin qarşısında vəzifə qoyulur və müəyyən zaman içərisində nəticə yoxdursa, o zaman heç bir güzəşt ola bilməz. Cəza verilməlidir. Azərbaycanda turizmin inkişafı üçün 20 ildir ki, iş aparılır. Nəticə sıfırdır. Çünki, turizmə və təbliğata qoyulan xərcləri hesablasaq bu nəticəyə gələrik. Necə ola bilər ki, milyardlarla dövlət vəsaitini xərclə, turizm da inkişaf etməsin, xidmət aşağı səviyyədə olsun və istirahət də deyəndə millət yaxşı yeyib-içmək başa düşsün”.
AXCP sədiri qeyd edib ki, turist cəlb etmək məqsəədiylə beynəlxalq yarışlara milyonlarla xərclənən pulların da turizm sahəsinin inkişafına dəstək vermədi:
“Dəqiq deyə bilməsəm də 10 milyarddan çox vəsait iki il ərzində Avropa oyunlarına xərcləndi, Avroviziya yarışması keçirildi, Formula bir yarışları oldu, buna bənzər digər onlarla böyük və kiçik tədbirlər. Bəs hanı turistlər? Kimi aldadırsınız? Əgər qonşu və dost dediyiniz Rusiya saytlarına Azərbaycan adını daxil edə bilmirsinizsə, bağlayın turizm nazirliyini və turizm agentliklərinizi. Bu cinayətlər, talançılıq və büdcə pulunu nəticəsiz göyə sovurmalara görə kimsə və kimlərsə mütləq cavab verməlidir. Hər gün düşünürəm ki, bu ölkədə normal cəmiyyət və hökumət qurmaq üçün bir neçə illik diktatura qurmaq lazımdır və günü-gündən əmin olmağa başlamışam ki, diktatura quraraq dövləti və ölkəni xilas etməyə hazıram. Başqa yol yoxdur. Çünki, heç kimi cəzasız buraxmaq olmaz. Belə də görünür ki, heç kimi duktaturasız da tərbiyələndirmək mümkün deyil”.