Bu gün:
Xezer.info » Cəmiyyət » Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü?

Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü?


Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü?
Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü?Bildiyimiz kimi, ailə münaqişələri efirlərdə çox müzakirə olunur. Bəzən söz davası, hətta saçyoldu da olur. Efiri isə, böyüklərlə yanaşı, uşaqlar izləyir. Belə verilişləri əvəz edəcək intellektual və maarifləndirici verilişlər yayımlamaq olmazmı?

Məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Fazil Mustafa fikir bildirib.

O, cəmiyyətdə bu məsələyə ikimənalı baxışla yanaşıldığını qeyd edib:

"Azərbaycanda ailə inistutu kifayət qədər deformasiyaya uğrayıb. İndiki şərtlərdə də, sosial problemlər burulğanında bu, ziddiyyətli bir sferadır. Burada çox böyük problemlər var.

İlk növbədə, ailədə olan savadsızlıqdan doğan problemlər var: hüququ bilmədikləri üçün insanlar ailə içində normal davranış tərzini də bilmirlər.

İkinci məsələ isə daha çox sosial problemlərlə bağlıdır. Bu çətinliklərin hamısı ailənin dağılmasına, boşanmaların artmasına şərait yaradır.

Televiziya vasitəsi ilə, həmçinin, mənəvi münasibətlərin olmaması ortaya çıxır.

İndi bunu uşaqlar seyr etməsə, nə dəyişəcək? Yenə hansısa bir problemlərin olduğunu kənardan hər kəs biləcək.

Düzü, kiminsə efirə çıxmasında heç bir problem görmürəm. Müasir dövrdə bele şeyləri gizlətmək mümkün deyil. Efir göstərməsə də, bu, sosial şəbəkələrdə qabaracaq. Yenə də 11-12 yaşlı uşaq bunu izləyə biləcək.

Əlbəttə ki, uşaqların müəyyən elmi kütləvi biliklərə yiyələnməsi üçün verilişlər, proqramlar artırılmalıdır. Mənalı, analitik cizgi filmlərinin sayı çoxaldılmalıdır. Bunlara heç bir etiraz yoxdur. Sözsüz ki, bunlar hamısı olmalıdır.

Amma ailə-məişət münasibətlərinin də televiziyada yayımlanması faciə ilə qarşılanmamalıdır. Bu gün 40-50 il əvvəlki kimi informasiya məkanı yalnız televiziyalar deyil. İstənilən yerdən informasiya almaq olur. Bəlkə də, uşaqlar telefondan böyüklərdən daha yaxşı istifadə edirlər, eyni zamanda, kanal və saytları da çox yaxşı tanıyırlar.

Ona görə də "pis təsir edir" deyib, verilişi bağlayıb, məhdudlaşdırmaq effekt verməz. Sizin də dediyiniz kimi, biz səviyyəli verilişlərin sayının artırılması üçün çalışmalıyıq. Həmin verilişlər daha cəlbedici olsa, uşaqlar ora yönələcəklər. Bu, cəmiyyətin xeyrinə olacaq.

Amma bayağı müzakirələrin getdiyi, bəzən ailə-məişət problemlərinin olduğu verilişin də öz izləyicisi var. Ümumi tələbatın çoxluğunu nəzərə alaraq, həmin veriliş yayımlanır. Çünki kütləvi savadsızlıq olan cəmiyyətlərdə bu cür dedi-qodu, mənasız ailə müzakirələri çoxunu maraqlandırır. Adamın ailədə özünün problemi daha çox olur, amma o, verilişləri elə seyr edir, sanki ona heç dəxli yoxdur. Halbuki bizdə böyük miqyasda ailə ilə bağlı problemlər qabarmaqdadır. Biz onun qarşısını reallıqda almağa çalışmalıyıq. Televiziyada aşkara çıxması, bilinməsi o qədər də qorxulu deyil. Əksinə, müəyyən dərəcə elə insanları daha çox televiziya maarifləndirir ki, ailə dağıtmaq olmaz, ailə dəyərini bilmək lazımdır, müəyyən insanların ailə ilə bağlı daha anlayışlı hərəkət etməsi ümumi cəmiyyətin xeyrinədir.

Uşaqların verilişə baxıb-baxmamasına valideynlər nəzarət etməlidirlər. Amma bunu qadağan etmək bəzi izləyicinin marağına uyğun gəlmir.
Valideynlərə tövsiyə etmək lazımdır ki, övladlarını bu cür səhnələri izləməkdən çəkindirsinlər, uşaqlarının diqqətini daha keyfiyyətli verilişlərə yönəltsinlər.

Dediyim kimi, müasir dövrdə qadağa o qədər də effekt vermir. İnformasiya portalları açıqdır. Hansı məkandan olsa, oradan da tapıb baxacaqlar.

Yüzlərlə mənasız verilişlər verən kanallar var. Düşünməyə yönəldən verilişlərin, filmlərin sayı artırılsa, təbii ki, o uşaqlar mənasız şeylərə meyl göstərməyəcəklər. Uşağın dedi-qodular nəyinə lazımdır? O, artıq bilik öyrədən yerə yönələcək".