Azərbaycanlılar kütləvi geri qayıdır?
15-may-2022Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib.
Federal Dövlət Statistika Xidmətinin xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.
Qeyd olunur ki, aylıq istehlak qiymətləri 1,56 % artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb. Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb.
Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23 %-ə çata bilər.
Qeyd edək ki, Rusiya azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir. Təbii ki, Rusiyada yaranan iqtisadi böhran vətəndaşlarımızdan da yan keçməyəcək. Belə olduğu təqdirdə azərbaycanlılar kütləvi şəkildə geri qayıda bilərmi və Azərbaycan vətəndaşlarımızı qarşılamağa nə dərədəcə hazırdır?
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin və DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Cebhe.info-ya bildirdi ki, hazırda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı 500 min civarındadır:
"Əgər həmin şəxslər müxtəlif səbəblərlə bağlı Rusiyada yaşaya bilmirlərsə və Azərbaycana qayıtmaq məcburiyyətindədirlərsə təbii ki, rahat şəkildə qayıdıb burada müəyyən sahələrdə təmsil oluna bilərlər. Onlar burada biznes, öz kapitalı ilə müxtəlif iş qura bilər.
Ölkədə əmək bazarında işçi qüvvəsinə ehtiyac var. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri həyata keçirilir. Çoxsaylı şirkətlər var, bir çox işlər həyata keçirilir.
Təhlükəsizlik məsələləri həll olunandan sonra daha böyük işlərin həyata keçirildiyinin şahidi olacağıq. Belə olduğu təqdirdə vətəndaşlar həmin şirkətlərdə çalışa biləcəklər.
"Azərbaycanın Rusiyadan gələn vətəndaşları qəbul etməyə hazırdırmı?" dedikdə bizi ilk növbədə düşündürən onların məşğulluğunun təmin olunmasıdır. Onlar zamanında Rusiyaya gediblər, məqsədləri də əmək fəaliyyəti ilə məğul olmaq, ailələrini dolandırmaqdır. Bu gün Azərbaycanda onlara şərait yaradılarsa, onlar çox istəyərlər ki, həmin vəsaiti öz torpaqlarında qazansınlar. Biz həmin insanlarla görüşürük və onların maraqlı yanaşmaları var. Bəziləri deyir ki, "mən gəlim harada çalışım?", "mən artıq uzun müddətdir ki, Rusiyada yaşayıram, ailəmin cəmiyyətə uyğunlaşması kimi məsələlər məni narahat edir". Bu kimi məsələlər başadüşüləndir. Onlar Azərbaycan vətəndaşları olduğu üçün verilən imkanlardan səhiyyə, təhsil və digər məsələlərdən yararlana bilirlər. Müəyyən kateqoriya insanlar var ki, onların qayıdacağı yerləri də yoxdur. Onlar demək olar ki, tam Rusiya cəmiyyətinə inteqrasiya olunub. Onların geri qayıtması sual altındadır".
Azər Allahverənov deyir ki, Rusiyada yaranan vəziyyətlə bağlı Azərbaycana qayıdacaq vətəndaşların sayının nə qədər ola biləcəyini təxmin edirlər:
"Bu, təxmini hesablamalarda 100-150 min civarında dəyişən bir rəqəmdir. Hətta 2006-2007-ci illərdə Rusiyada emiqrasiya sahəsində sərt qanunlar qəbul olunmuşdu və o zaman azərbaycanlıların kütləvi qayıtması proqnozlaşdırılırdı ki, ancaq bu baş vermədi. Bizim təxminlərimizlə 100 min insan müvəqqəti qayıtdı ki, sonra yenidən Rusiyaya geri döndülər.
Yəni bu proses hər zaman var. Məhz 2014-cü ildən sonra Rusiya sanksiyalarla üzləşdi və həmin vaxt da iş yerlərinin itirilməsi kimi vəziyyət yaranmışdı. Ancaq kütləvi geri qayıdış yox idi.
Zaman-zaman iqtisadi müstəvidə baş verən hadisələr, inflyasiya, sanksiyaların tətbiqi öz təsirini göstərir. Ancaq kütləvi axına səbəb ola biləcək vəziyyət yaratmır. Digər tərəfdən Azərbaycanın quru sərhədləri də bağlıdır.
İnsanlar hər zaman bilet alıb təyyarə ilə gələ bilmirlər. Ancaq müəyyən insanlar var ki, onların vəziyyəti Rusiyada çox çətindir və ümid edək ki, quru sərhədləri açılandan sonra Azərbaycana gəlib, burada cəmiyyətə tam inteqrasiya olunmağa cəhd edəcəklər. Rusiya ilə miqrasiya mübadiləsi zaman- zaman dəyişir"./Cebhe