Bu gün:
Xezer.info » Cəmiyyət » İcra başçısından şəhid anasına İTTİHAM: "1000 manat alıb"

İcra başçısından şəhid anasına İTTİHAM: "1000 manat alıb"


İcra başçısından şəhid anasına İTTİHAM: "1000 manat alıb"
Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumat yayılıb.

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub.

BUTA.WS xəbər verir ki, məsələ ilə bağlı Sabunçu rayon icra başçısı Adil Vəliyev baş verən hadisə ilə bağlı təəssüfləndiyini bildirib və maraqlı faktlar açıqlayıb:

“Şəhidimizin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşaası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi - obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.
Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri isə məndə çox böyük təəssüf hissi yaratdı. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəyin ki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.

Lakin təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.

İcra başçısı vurğulayıb ki, həmin xanıma ölkə başçısı ev hədiyyə edib:

“Bütün şəhid ailələri bizim başımızın tacıdır. Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. M. Əbdülrəhmanovaya Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrinə 400-dən çox mənzil ev verilib. Hər bir ailəylə şəxsən özüm maraqlanıram. M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmayan addımlardır”.