Zahid Oruc, bəs deyirdin, bizdə ay söz azadlığı elə, ay fikir azadlığı belə…
02-iyul-2016Keçənlərdə Zahid Oruc ad-soyadlı deputatla Milli Məclisin sədri Oqtay Əsədovun sözlərinin növbəti dəfə çəp gəlməsi haqqında yazmışdıq. Oqtay müəllim intizam komitəsinə Zahid müəllimi cəzalandırmağı tapşırmışdı, dünən öyrəndim, ona töhmət verilib. Bəh-bəh, cəh-cəh, hətta qəh-qəh!
Bu Zahid müəllim rejimin ən alovlu təbliğçilərindəndir, əttökən mədhiyyələri ilə ürək bulandırır, məsələn, nə vaxt ağzını açsa, ölkədə hər cür azadlığın, o cümlədən söz, ifadə özgürlüyünün olduğunu müdafiə edir. Mənə maraqlıdı, bundan sonra hansı üzlə yenə həmin yalanlarına davam edəcək? Sən təyinatla da olsa, hər halda Milli Məclisdə oturmusan, deputatsan, deputat toxunulmazlığın var, üstəlik, amma danışanda dərhal ağzından vurur, bir az da irəli gedəndə töhməti belinə yapışdırırlar. Indi başa düşürsənmi, belə bir zehniyyətin hökm sürdüyü ölkədə danışmaq, özü də tənqidçi danışmaq, müxalif danışmaq nə qədər təhlükəlidir, adama hansı təzyiqlər, təhdidlər vəd edir! Barı bundan sonra Azərbaycanda fikir, ifadə özgürlüyünün fontan vurmasından danışanda "barıtını” bir qədər az elə, aldığın töhmətdən ayıbdır.
Hələ mən onu demirəm ki, danışmaq, dartışmaq deputatın (saxta yolla seçiləndə nə olar!) ən təbii haqqıdır. Səni bu haqqından istifadə etməyə görə belə şallaqlayırlarsa, gör onda bu ölkənin artıq barmaqla sayılacaq qədər az qalmış tənqidçi qələmləri, müxalif səsləri nə çəkirlər, hansı məşəqqətlərə, zülmlərə tab gətirməli olurlar?
(Yeri gəlmişkən, bu Zahid Orucun bir keçmiş həmkarı var idi – Gülər Əhmədova; Azərbaycanda siyasi məhbusların varlığını inkar edir, məhkəmələrimizin ədalətindən basıb-bağlayır, hətta onları Avropa ölkələrinin məhkəmələrinə nümunə göstərirdi. Nə vaxt özü həbs olundu, məhkəmə iclaslarından birində durub dedi ki, "mən inanmazdım, Azərbaycan məhkəmələrində bu qədər haqsızlıq baş verir”. Bunu da elə-belə, sadəcə, hardansa gəlib yadıma düşdü deyə yazdım…)
O ayrı məsələdir ki, əslində seçkili orqan olmalı olduğu halda, faktiki olaraq təyinatlı orqana çevrilmiş Milli Məclisdə danışmağın az qala suç elan edilməsi təbiidir! Onun yeganə vəzifəsi Prezident Administrasiyasından gələn tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsindən ibarətdir.
Yadımdadı, hardasa iki il əvvəl Oqtay Əsədov demişdi ki, "Son vaxtlar Milli Məclisin iclası polemikaların meydanına çevrilib… Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”. Bundan sonra nə deyəsən, nə yazasan? Adam allah qoymasa, parlamentin sədridir, amma parlamentarizmin mahiyyətindən, fəlsəfəsindən xəbəri yoxdur. Təəccüblü deyil. Çünki normal, gəlişmiş, demokratik ölkələrdə kifayət qədər sayğı duyulan posta xalqın iradəsi ilə deyil, bir şəxsin seçimi, qərarı əsasında gəlib, onun üçün parlamentlə vaxtilə rəhbəri olduğu "Azərsu” Səhmdar Cəmiyyəti məzmun etibarilə eynidir.
Üzeyir Hacıbəyli felyetonlarından birində yazırdı ki, Fransada xalq məclisi parlamentdir. "Parlament” isə "parler” sözündəndir, söyləmək, danışmaq mənasını verir. Yəni orada nə istəyirsən danışa bilərsən. Rusiyada isə xalq məclisi Dumadır. "Duma” "dumat” sözündən götürülüb, yəni gedib orada nə istəsən düşünə bilərsən, ancaq danışmaq olmaz.
Bizdə də parlament guya Milli Məclisdir. Burada danışa bilməmək öz yerində, heç düşünə də bilməzsən. Axı məclis iki cür olur – xeyir məclisi, şər məclisi. Birincidə düşünən də, danışan da tamadadır, ikincidə molla. Sənə düşən isə ya tamadaya əl çalmaq, alqış tutmaq, ya da mollaya "amin” deməkdir.
Başqa heç nə və heç zad.
azadliq.info