Dövlət başçısı: "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik"
10-may-2022"Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.
Dövlət başçısı deyib:
"Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur".