Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər –Kompensasiya tələb olunur-FOTO,VİDEO
09-iyul-2021Dükanları söküllən sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər.
Bu məsələ ilə bağlı iş adamları TİA.AZ saytına məktub göndərib.
Məktubun mətnində deyilir:
“Hörmətli redaksiya, bizim problem haqda internetdə kifayət qədər məlumat var və uzun müddət ölkə gündəmində olub . “Şərq” bazarı” adlanan ərazidə 1994-cü ildən fəaliyyət göstərmiş 66 sahibkarın son illərdə başına açılan oyunlar haqda mətbuatda çoxlu sayda yazılara rast gəlmək olar.
Xatırladıq ki, biz sahibkarların Sumqayıtda “Şərq Bazarı” ərazisində dükanları – 2017-ci ilin mayında sökülüb. Bu problem əslində Sumqayıtın icra başçısı Eldar Əzizovun vaxtında başlasa da Eldar Əzizov sənədli dükanları məhkəmə qərarı olmadan sökməyə qərar verməyib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmən etiraf etdi ki, “Şərq Bazarı” ərazisində çalışan 66 sahibkarın hər birinin dükanlarının qanuni mülkiyyət sənədləri mövcuddur ki, onların da hər biri dükanları sökülənəndən sonra yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 18 kvadrat metr yerlə təmin olunacağıq. Bu sənəd də də öz əksini tapıb.
fSöküntüdən sonra bizə 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu da verilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müavini Sahib Quliyevin (dünyasını dəyişib) imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: “İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”. Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi göründü.
Lakin həmin müddətdən isə 4 ilə yaxın vaxt keçib, amma indiyədək bizim hüquqlarımız təmin olunmayıb. Amma icra hakimiyyətinin verdiyi vədlər vəd olaraq qalıb, belə ki, söküntünün üstündən 4 il vaxt keçməsinə baxmayaraq deyilən ticarət mərkəzi nəinki tikilməyib, heç onun tikintisinə başlanılmayıb da.
Halbuki icra hakimiyyəri 66 dükanı tez bir zamanda, hətta malları belə yığmağa imkan vermədən, mülkiyyət hüquqlarlarımız pozaraq məhkəməqərarı olmadan tez-bazar qanunsuz olaraq sökdürdü .Ölkə qanunlarına görə isə mülkiyyət hüququ, bəzi hallar -dövlət ehtiyacı istisna olmaqla toxunulmazdır.
Bütün məhkəmə instansiyaları bizim xeyrimizə qərar çıxarıb, obyektləri birmənalı olaraq bizim mülkiyyətimiz kimi tanıyıb. 8 sot ərazidə yerləşən 44 mağaza sahibinin Əmlak Komitəsi tərəfindən verilən mülkiyyət çıxarışı da var.
Ancaq nəticədə bütün bu qərarlar, qanunlar Zakir Fərəcov tərəfindən tanınmayaraq, obyektlərimiz yerlə-yeksan edildi.
Dükanlarımızın sökülməsi ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də, Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxarıb.
Əlbəttə, abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi olan, orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin – yol kənarındakı meyvə-tərəvəz bazarının yığışdırılması başadüşülən idi. Amma arada “qurunun oduna yaş da getdi”, abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü.
Xatırladaq ki, bazarkomla sahibkarlar arasında baş verən “Şərq bazarı” ətrafındakı mübahisə uzun müddət-2011-ci ildən bu ilədək davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq, özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi.
Dükanlarımız söküləndən sonra biz ilk illər ümid edirdik ki, icra başçısı Zakir Fərəcov verdiyi sözü və qanuna uyğun olaraq hüquqlarımızı təmin edəcək.
Nə, dedikləri kimi müasir standartlara cavab verən ticarət mərkəzi tikib bizə ordan yer verdilər, nə də icra başçısı təqdim etdiyimiz layihə əsasında öz hesabımıza dükanlarımızı tikməyə qoydu. Dükanlar sökülməmişdən də biz xərc çəkib dükanlarımızı təmir etməyə başlamışdıq. Ancaq tikintini icra başçısı Zakir Fərəcov dayandırdı.
Dükanlarimizin layihələndirilməsi haqda icra başçısının sərəncamı isə bizə ziyanımıza idi. Çünki vahid layihədə bizim mülkiyyət hüququmuz tanınmırdı.
Bütün bunlar göstərir ki, əvvəlcədən məqsəd abadlıq yox, necə olursa-olsun dükanlarımızı bir bəhanə ilə sökmək, əlimizdən almaq idi ki, buna da nail oldular.
Qanuni obyektlərimiz şəhərin gözəlliyinə xələl gətirir bəhanəsi ilə söküldü. Bəs indi zir-zibil içində boş, xarabalığı xatırladan ərazi eynilə şəhərə xələl gətirmir?! Buna görə icra hakimiyyəti niyə narahat deyil?!
Bəs onda nə fərqi var?! Əgər tikilməyəcəkdirsə, niyə sökülürdü 66 dükan və bu qədər sahibkara da xeyli ziyan vuruldu?!
Bizə qarşı olan haqsızlıqlarla bağlı dəfələrlə Prezident Administrasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, digər dövlət qurumlarına şikayətə getmişik, prezidentə, ədliyyə nazirinə, digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazmışıq, teleqramlar göndərmişik. Amma bütün bu şikayətlər heç bir nəticə verməyib, icra hakimiyyəti tərəfindən yalnız yalan vədlər eşitmişik.
Dükanlarımızın sökülməsi bizi külli-miqdarda ziyana salıb, indiki işsizlik, böhran dövründə işsiz, çətin maddi duruma düşmüşük. Və ümidlərimizi yenidən dükanlarımızın öz yerimizdə tikillərək fəaliyyət göstərməyə bağlsaq da bu illər ərzində icrra hakimiyyəti məsələni müxtəlif yolarla uzadır ki, mübarizəmizdən bezib əl çəkək, sıradan çıxaq.
Bütün şikayətlərimizin heç bir fayda vermədiyinə, hüqqlarımızın təmin olunmayacağına tam əmin olandan sonra biz dükanlarımızın bəpasını tələb etməyi hələki kənara qoyub Sumqayıt Şəhər İcra Hakimiyyətini bizə dəyən zərərin ödənilməsi iddiası ilə məhkəməyə üz tutmağa məcbur olduq.
Lakin əfuslar olsun ki, məhkəmədə də qanunsuzluqlarla, ədalətsizliklərlə qarşılaşırıq.
Keçən ilin may ayında Sumqayıt Şəhər İcra Hakimiyyətininə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiya tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etdik.
Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova haqlı iddiamızı icraata götürmədi və işə baxmaqdan imtina edildi.
Yalnız biz məsələyə baxılmasının təmin olunması üçün yerli Apellyasiya Məhkəməsinə müraciət etdikdən 3 ay sonra qərar qəbul olundu ki, məsələmizə məhkəmədə baxılsın.
Lakin Vəfa Əzizova bizə qarşı qərəzli və Zakir Fərəcovun qohumu olduğundan biz işə onun baxılmasına etiraz verdik. Bu ilin mart ayında o hakimdən imtina haqda etirazımız qəbul olundu.
Uzun müddətdən sonra bu ilin aprel ayından iddiamıza Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyev hakimliyi ilə baxılmağa başladı. Və artıq 4 aydır ki, baxılıb qurtarmır. Hakim İsmayıl Quliyev bu müddət ərzində səylə bizim sənədlərimizdə nöqtə-vergül səhvi tapmağa çalışır ki, prosesi bir qədər də uzatsın.
Məhkəmədə işə baxılarkən işə baxan hakim qərəzli çəkildə cavabdehə tərəfkeşlik edib, qanunsuz əsaslarla prosesi yubadıb 14 iyun 2021-ci il tarixli iclasda məhkəməyə təqdim edilmiş, dövlət tərəfindən etibarlılığı şübhə doğurmayan sübutların təkrar dövlət orqanlarından tələb etməsi kimi absurd və qanunsuz əsaslarla prosesi qeyri-müəyyən müddətə təxirə salmaq istəməsi və digər qanunsuz addımları onun qərəzsizliyini şübhə altına almağa əsas verir və buna görə də hakim İsmayıl Quliyev tərəfindən işə baxılmasına etiraz etdik, ancaq etirazımız qəbul olunmadı, Sumqayıt İnzibati Məhkəməsinin sədri Burcayev İmran ədalətsiz olaraq işə elə həmin hakimin baxılması haqda qərar verdi.
Bizim nümayəndəmiz, məhkəmədə hüquqularımızı müdafiə edən, özü də bzim kimi zərərçəkən sahibkar olan tanınmış hüquqşünas İntiqam Əliyev dəfələrlə hakimə deyib ki, hətta ziyanımıza belə olsa bir qərar çıxarsın. Amma hakim İsmayıl Quliyev hər vəclə məhkəməni uzadır, bizə icra başçısı ilə barışığa gəlməyi təklif edir. Hakim İsmayıl Quliyev özünü elə bil müstəqil hakimdən çox Zakir Fərəcovun vəkili kimi aparır.
Dəhşətli orasıdır ki, icra hakimiyyətinin hüquqşünası Layiqə Hidayətova məhkəmə iclasında bizə dedi ki, “sizin obyektlərinizi Sumqayıt Şəhər İcra Hakimiyyəti sökməyib ki, Sumqayit Təmizlik Departamenti ilə bazarkom Rəşid Babayev söküb”. Halbuki bu belə deyil, dükanlarımızı məhz icra hakimiyyəti sökdürüb. Bununla bağlı videolar var belə internetdə.
Bundan başqa, əgər icra hakimiyyəti söməyibsə, sual olunur, niyə icra hakimiyyəti zəmanət məktubu verir?!
İndi də öz verdiyi zəmanətə yaxın durmur, boynundan atır.
Bunlar bizə qarşı edilən haqsızlıqların, absurd qərarların yalnız cüzi bir hissəsidir.
İş ilə bağlı növbəti məhkəmə iclası 02.08.2021-tarixinə təyin olunub və ümid edirik ki, son nəticədə, gec-tez haqq-ədalət zəfər çalacaq, bizim iddiamız təmin oluncaq, tapdanan hüquqlarımız təmin olunacaq.
Və bunun üçün bütün qanuni imkanlardan istifadə edəcəyik”.
Bir qrup Sumqayıt sahibkarı