Bu gün:
Xezer.info » Xəbər » Sığorta şirkətləri sürücüləri BELƏ ALDADIR

Sığorta şirkətləri sürücüləri BELƏ ALDADIR


Sığorta şirkətləri sürücüləri BELƏ ALDADIR
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

“İcbari sığorta” müqaviləsi 3-cü şəxslərin xeyrinə bağlanmış müqavilə sayılır. Baş vermiş hər hansı yol-nəqliyyat qəzası və ya digər sığorta hadisəsi baş verdikdə, “İcbari sığorta” müqaviləsinə əsasən, 3-cü şəxslərə (faydalanan şəxslər) dəymiş zərərin əvəzini müvafiq sığorta şirkəti ödəməyə borcludur.

Avtonəqliyyat vasitələrini tam sığortalamaqla baş verə biləcək qəzalardan sonra nəqliyyat vasitələrinin təmiri zamanı meydana çıxacaq xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması və ya tam məhvi zamanı əmlak maraqlarımızı qoruya bilərik.
Amma Azərbaycanda sürücülər sığorta şirkətlərindən çox narazıdırlar. Çünki şirkətlər qəza vaxt dəymiş zərəri ödəməkdən boyun qaçırırlar. Və ya onlar ödənilən məbləği dəymiş ziyandan xeyli az məbləğdə hesablayırlar. Bəzən sığorta şirkətləri vaxtında hadisə yerinə belə gəlmirlər.
Bəs bu cür hallar niyə baş verir?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da bildirib ki, Azərbaycanda sığorta işi o qədər də yüksək səviyyədə deyil:

“İnsanlar icbari sığortanı sadəcə olaraq cərimə olunmamaq üçün edirlər. Bəzi sürücülər cərimə olunmasalar, ümumiyyətlə heç vaxt maşınını sığorta etdirməz. Bunun səbəbi insanların sığorta şirkətlərinə olan inamsızlıqla bağlıdır.

Doğrudur, son illər müəyyən bir irəliləyişin şahidi oluruq. Artıq bəzi sığorta şirkətləri öz işlərini doğru-düzgün qura bilirlər. Vətəndaşların inamını qazanmaq üçün müəyyən addımlar atırlar. Artıq onlar da dərk edirlər ki, hər il sürücüləri aldadaraq, dəymiş zərəri ödəməkdən boyun qaçırmaqla müştəriləri itirirlər.

Daha çox müştəri cəlb etmək üçün rəqabət mühitində üstün iş rejimi və texnologiya qurmalıdırlar.

Bu baxımdan düşünürəm ki, dövlətin də müəyyən bir dəstəyi və ya marağı olsa, bizim sığorta mövzusunda heç bir problemimiz qalmaz. Sadəcə olaraq bugünkü reallıqlar onu göstərir ki, bəzi sığorta şirkətləri ödənişləri gecikdirir, dəymiş zərəri aşağı salır.

Bəzən maşınlara dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər. Sonradan həmin pul sığorta şirkətində kimlərinsə cibinə qayıdır”.

E.Muradlı bu sahəyə ciddi nəzarətin olmasının vacibliyini vurğulayıb:

“Düşünürəm ki, bu sahəyə ciddi dövlət nəzarəti olmalıdır. Sığorta məbləği ilə bağlı bu gün narazılıqlar çoxdur. Avtomobilə dəymiş zərərlə bağlı 5 min manatdan yuxarı ödəniş verilmir. Və bu 5 min manat 5-10 il bundan öncə qənaətbəxş məbləğ sayılırdısa, bu gün artıq elə deyil. Bu gün ölkəmizə gətirilən bahalı maşınlar qəzaya uğradıqda sığortanın ödədiyi 5 min manat zərəri kifayət qədər qarşılaya bilmir. Bu da sürücünün sığorta şirkətindən narazı qalmasına səbəb olur. Bu cür narazılıqları da aradan qaldırmaq üçün sığorta texnologiyasına və ya mühitinə bir daha baxmaq lazımdır ki, bu məsələlər öz həllini tapsın.

Şirkətin əməkdaşları məlumatları sürücülərə vaxtında çatdırmalıdırlar. Bu barədə də narazılıqlar var. 9707 SMS məlumatlandırma xidməti var. Həmin ünvana maşının nömrəsini yazıb göndərməklə sığortanın qüvvədə olduğunu öyrənmək olur. Lakin bir məqam var ki, orada sığortanın vaxtının nə zaman bitdiyi qeyd olunmur. Bununla da sürücü sığortasının nə zaman bitəcəyini bilmir. Buna görə də cərimlənirlər.
Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir. Sığortanın insanların xoşuna gəlməyən bu cür xidmətləri, davranışları var. Ona görə vətəndaşlar da sığorta ilə bağlı birmənalı fikirdə deyillər”.