Bu gün:
Xezer.info » Xəbər » Azərbaycan Asiya və Avropanı Cənubi Qafqazda birləşdirən gücə çevrilir - TƏHLİL

Azərbaycan Asiya və Avropanı Cənubi Qafqazda birləşdirən gücə çevrilir - TƏHLİL


Azərbaycan Asiya və Avropanı Cənubi Qafqazda birləşdirən gücə çevrilir - TƏHLİL
İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin yüksək nüfuz qazanması, beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunması dünya güclərinin Azərbaycana marağını daha da artırıb.
Bu gün dünyanın aparıcı ölkələrinin, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanın lideri ilə təmaslar qurmağa çalışır ki, bu da planetin söz sahiblərinin Cənubi Qafqazda yeni reallıqlar yaradan Bakı ilə əməkdaşlıq imkanlarını genişləndirməkdə maraqlı olmalarından xəbər verir.

İyunun 2-də Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və ardınca Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında baş tutan telefon danışıqlarını buna nümunə kimi göstərə bilərik. Eyni gündə iki qlobal güc mərkəzinin regionda yeni perspektivlər vəd edən Azərbaycan lideri ilə təmaslar qurması ölkəmizin bölgədəki liderliyinə və qlobal müstəvidəki mövqeyinə verilən qiymətin təzahürüdür.

Azərbaycan nadir ölkələrdəndir ki, uzun illər ərzində həm Asiya nəhəngi Çinlə, həm də Avropanın aparıcı dövlətləri ilə problemsiz, eyni zamanda uğurlu iqtisadi əlaqələr qura bilib. Ölkəmizin coğrafi mövqeyi dünyanın hər iki güc mərkəzinin əlaqələndirilməsinə öz töhfəsini verir. 500 milyard dollar həcmində ticarət dövriyyəsinə sahib olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi ölkəmiz, eləcə də bu iki qlobal güc arasında əlaqələrin inkişafı üçün xüsusi önəm daşıyır.
https://azvision.az/photos/2021/06/16226-1622782611.jpg
Azərbaycan-Çin münasibətlərinin dərin kökləri

Məlumdur ki, Çin postpandemiya dövründə yeni dünya düzənində aparıcı qüvvələrdən birinə və qlobal güc mərkəzinə çevrilməyi bacardı. Belə bir fonda hazırda Azərbaycan-Çin əlaqələrinin inkişafı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Doğrudur, Pekinin rəsmi Bakı ilə iqtisadi-siyasi əlaqələr qurması 90-cı illərdən başlasa da, müstəqilliyin ilk illərində Çinlə əlaqələrdə müəyyən axsamalar olmuşdu. Sonrakı mərhələdə Azərbaycan ilkin olaraq nəqliyyat-logistika sahələrində genişmiqyaslı əməkdaşlıq qurmağa nail oldu. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun əsası məhz Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə qoyulmuşdu. Bu gün qarşılıqlı təmaslar və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və dövlətimizin başçısı artıq ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltməyi bacarıb. Son illərdə Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərini xatırladır.

Azərbaycan Prezidenti Asiya nəhəngi ilə iqtisadi münasibətlərin gücləndirilməsində maraqlı olduğunu işgüzar səfərləri zamanı bir neçə dəfə nümayiş etdirib. Azərbaycan liderinin Çinə 2015 və 2019-cu illərdə səfəri, “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etməsi ikitətəfli əlaqələrin inkişafında böyük rol oynadı. Həmin səfərlər zamanı rəsmi Pekin təmasların genişləndirilməsi, iqtisadi və siyasi bağlılığın dərinləşməsində maraqlı olduğunu aşkar şəkildə bəyan etdi. Bu məqamda Prezidentin 2019-cu ildə Pekinə səfəri zamanı Si Cinpinlə görüşündə Çin rəhbərinin səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər:

“Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”.

Təbii ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inam və etimadın təzahürü idi. Çin liderinin səmimi sözləri dövlət başçısının uzun illər öncə ölkəmiz adına beynəlxalq məkanda etibarlı tərəfdaş imici formalaşdırmasının mesajı idi.

Çinin 30 il ərzində Azərbaycanın bir nömrəli problemi olan Qarabağ münaqişəsinə həssas yanaşması dövlətimizin milli maraqlarına dərin hörmət bəsləməsi ilə bağlıdır. Ümumiyyətlə, dövlət başçıları daimi olaraq qarşılıqlı şəkildə ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər. Bundan başqa, Azərbaycan və Çinin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə də qarşılıqlı dəstək nümayiş etdirməsinin şahidi olmuşuq. Bir sözlə, Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləməklə uzun illər vacib tərəfdaş olduqlarını nümayiş etdiriblər.

Si Cinpin telefon söhbəti zamanı Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olması, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi, qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə səsləndirdiyi fikirlərin arxasında Prezident İlham Əliyevin uzun illərə söykənən uğurlu diplomatiyası dayanır. Əlbəttə, 90-cı illərin Azərbaycanı ilə bu günün Azərbaycanı arasında müqayisə olunmayacaq dərəcədə fərq var. Çin liderinin ölkəmizlə ənənəvi dostluğu inkişaf etdirməsi fikri boşuna yaranmayıb. Bütün bu xoşməramlı təşəbbüs, təklif və xoş ifadələr bu gün güclənən Azərbaycanın regionda və dünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülmüş “Bir Kəmər Bir Yol” təşəbbüsünün reallaşdırılmasında vacib tərəfdaş sayılır. Azərbaycan bu ideyanı ilk dəstəkləyən dövlətlərdən biri olaraq, reallaşdırdığı irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdə davam edir. Əvvəlki illərdə Bakının imza atdığı Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nüfuzlu dövlətlərin diqqət mərkəzində idisə, hazırda yeni yaradılacaq Zəngəzur dəhlizinin Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırması imkanları da Çinin maraq dairəsindədir. Azərbaycan təqdim etdiyi nəhəng layihələr Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut rolunu oynaya bilər. Belə bir şəraitdə Pekin Azərbaycana yeni investisiya qoyuluşu məsələsində israrlı görünür. Si Cinpinin Çin şirkətlərinin ölkəmizə investisiya qoyuluşunu təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirməsi güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir. Təkcə bir məqamı xatırladaq ki, Çinin “Huawey” şirkəti artıq işğaldan azad olunmuş ərazilərdə mühüm layihələr icra edəcək. Pekinin azad olunan torpaqlara maraq göstərməsi müsbət qarşılanmaya bilməzdi.

Liderlərin telefon söhbətində toxunduqları digər bir məqama diqqət yetirək. Si Cinpin Prezident İlham Əliyevlə telefon söhbətində ölkəsinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu diqqətə çatdırıb. Bu da təbii ki, ölkəmizin keyfiyyətli məhsul ixracı potensialının dünya ölkələri tərəfindən maraqla qarşılanmasını göstərir. Çin kimi nəhəng iqtisadi ölkənin Azərbaycanla işbirliyində maraqlı olması son illər ölkəmizdə ixrac strategiyasının düzgün istiqamətdə idarə edilməsinin nəticəsidir.

Təsadüfi deyil ki, Azərbaycan-Çin münasibətləri dünyanı cənginə alan pandemiya sınağından da üzüağ çıxdı. COVID-19 pandemiyasının ilk günlərindən Çinin Azərbaycana göstərdiyi dəstək əsl tərəfdaşlıq, dostluq nümunəsi sayıla bilər. Dünyada vaksin çatışmazlığı şəraitində ölkəmizin Çindən vaksin idxal etməsi və bunun sayəsində Azərbaycanın vaksinasiyaya başlayan ilk dövlətlər sırasında olması, çinli mütəxəssislərin paytaxtımıza gələrək pandemiya ilə mübarizəyə dəstək göstərməsi Pekinlə Bakını bir-birinə daha da yaxınlaşdırdı.
Azərbaycan Asiya və Avropanı Cənubi Qafqazda birləşdirən gücə çevrilir - TƏHLİL
Azərbaycan Avropada da etibarlı tərəfdaşdır

Azərbaycan Asiyada olduğu kimi, Avropada da yüksək nüfuz sahibidir. Avropanın aparıcı ölkələrini özündə birləşdirən Avropa İttifaqı (Aİ) ilə sıx təmaslar xüsusilə diqqət çəkir. Qlobal güc mərkəzi sayılan Avropa İttifaqı hazırda Azərbaycanın ən vacib tərəfdaşları sırasındadır. Belə ki, rəsmi Bakı Aİ-yə üzv olan dövlətlərin üçdə biri ilə Strateji Tərəfdaşlıq sənədləri və bəyannamələr imzalayıb. Bundan başqa, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür ki, bu da əlaqələrin düzgün istiqamətlənməsində diqqət çəkən amildir.

Reallıq odur ki, Avropada Bakı yalnız siyasi cəhətdən deyil, iqtisadi baxımdan da etibarlı tərəfdaş kimi qəbul edilir. Bu gün Aİ-nin Azərbaycanla siyasi və iqtisadi təmasların genişlənməsinə maraqlı olması heç kimə sirr deyil. Belə bir nüfuzlu qurumun Bakını vacib tərəfdaş kimi qəbul etməsi, ölkəmizlə əlaqələrin inkişafına dəstək verməsi bu fonda Şərq Tərəfdaşlığı Proqramı, ikitərəfli saziş və digər məqamları önə çıxır.

Hazırda Aİ ilə Azərbaycan arasında xeyli sayda birgə iqtisadi layihələr mövcuddur ki, burada daha çox ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr diqqət çəkir. Təkcə son illərin dünyada ən çox müzakirə olunan mövzusuna çevrilən TAP layihəsini xatırlamaq kifayətdir ki, Bakının Aİ üçün necə əhəmiyyətli müttəfiq olduğunu görəsən.

Azərbaycan Avropadan həm də beynəlxalq problemlərlə mübarizə aparan humanist ölkə kimi görünür. Məlumdur ki, Aİ narkotranzit, ekstremizm, terrorizm, qanunsuz miqrasiya kimi məsələlərə xüsusi həssaslıqla yanaşır. Azərbaycan isə öz növbəsində Avropanın yuxusunu ərşə çəkən bu cür qlobal bəlaya qarşı mübarizədə hər zaman aktivlik nümayiş etdirib. Bakının bu istiqamətdə sərgilədiyi mövqe Avropa ölkələrində nümunəvi hesab olunur.

Şərqlə Qərbin birləşməsində yerləşən Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə 30 ilə yaxın vaxt ərzində bu bölgədən keçən narkotrafik marşrutu nəzarətə götürdü. Artıq Avropa üçün regionda narkotəhlükə demək olar ki, mövcud deyil, nəzarətsiz zona anlayışı aradan qalxıb. Bundan əlavə, istər qanunsuz miqrasiya, istərsə də terrorizm və ekstremizmlə mübarizə istiqamətində Azərbaycan regionda Aİ üçün əvəzolunmaz partnyora çevrilib. Bu səbəbdəndir ki, Aİ Azərbaycanla münasibətləri stabil saxlamaqda maraqlı tərəfdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə Aİ-nin balanslı mövqeyini xüsusilə qeyd etmək olar. Təəssüf ki, Fransa Aİ ölkəsi olaraq bu mövzuda istisnadır. Fransa nadir ölkələrdən oldu ki, başa çatan münaqişəyə, müharibəyə yanaşmada balansı pozaraq ermənipərəst mövqe nümayiş etdirdi. Amma Aİ ümumilikdə birtərəfli yanaşma və mövqedən daim qaçmağa çalışıb. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi bunun bariz nümunəsi sayılmalıdır.

Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi diqqətçəkən amildir. Əlbəttə, qurumun oxşar problemlərin aradan qaldırılmasında təcrübəsi bu işdə öz sözünü deyə bilər. Aİ-nin nəinki münaqişələrin tənzimlənməsi və sülh yaratma prosesində, minalarla çirklənmiş torpaqların əvvəlki hala qaytarılmasında da böyük təcrübəsi var. Bu xüsusda Balkan müharibəsindən sonrakı fəaliyyətləri nümunə göstərmək yerinə düşər. Sözsüz ki, Azərbaycan da əvvəlcədən Aİ-nin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bəyan etmişdi.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bununla bağlı danışmışdı. Ölkə başçısı demişdi ki, “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.

Prezidentin “Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq” fikri isə həm Asiya, həm də Avropa üçün mühüm çağırış oldu. İndi Azərbaycanın yaratdığı yeni reallıqlardan biri Cənubi Qafqaz-Avropa İttifaqı və Cənubi Qafqaz-Çin əməkdaşlıq modelləridir.

Bir sözlə, Azərbaycanın dünyada artan nüfuzu Aİ və Çinin ölkəmizə münasibətində bir daha özünü göstərdi. Regionda yeni reallıqlar yaradan Bakı bundan sonra da etibarlı və güclü tərəfdaş kimi diqqət mərkəzində olacaq.