Analitiklər: Dollar və qızılın birgə bahalaşması böhranın əlamətidir
30-iyun-2016Beynəlxalq birjalarda dollar və qızılın qiymətlərinin eyni istiqamətdə hərəkət etməsi qlobal maliyyə böhranının yaxınlaşdığını göstərir.
"Report" xəbər verir ki, bu barədə "Real Vision Television" global maliyyə, investisiyalar və bazar trendləri üzrə ixtisaslaşmış televiziya kanalının qurucuları Raul Pol (Raul Pol) və Qrant Uilyams (Grant Williams) "Yahoo! Finance"a açıqlamalarında bildiriblər.
Onların sözlərinə görə, ənənəvi olaraq qızıl dollara qarşı hedcinq aləti kimi istifadə olunub. Çox vaxt dollar zəiflədikdə qızılın qiyməti yüksəlir. Hazırda isə maliyyə bazarlarında situasiya fərqlidir: dollarla yanaşı, qızıl da müşahidə qiymət "rallisi" müşahidə olunur.
Qeyd edək ki, "Brexit" referendumundan sonra investorlar eyni zamanda həm dollar, həm də qızıl almağa başlayıblar. Nəticədə, qızılın qiyməti 6,5%, dolların avroya qarşı məzənnəsi isə 3,5% artıb. Belə ki, hər iki aktiv qlobal maliyyə bazarlarında təhlükəsiz hesab edilir. Lakin dollar və qızılın eyni istiqamətdə hərəkət etməsi normal hesab olunmur. Yaranmış situasiya investorların inamsızlığının yüksək həddə çatdığını və gözlənilən maliyyə stresinin göstəricisidir.
"Belə hadisələr nadir hallarda baş verir və məhz 2008-ci ildəki maliyyə böhranı zamanı bunun şahidi olmuşuq", - deyə G.Uilyams qeyd edib.
Analitiklərin fikrincə, mənfi faizlərin hökm sürdüyü maliyyə bazarlarında qızıla tələbatı, valyuta bazarındakı gərginlik isə dollara tələbatı artırıb.