“Yeri ərzaq məhsulları 5.2 faiz bahalaşıb” – “Səbəb istehsal xərclərinin artmasıdır...
21-yan-2021Dövlət Statistika Komitəsi hər ay 140-a yaxın ərzaq məhslunun ölkə üzrə orta pərakəndə satış qiyməti barədə məlumatlar dərc edir. Siyahıda eyni məshul çeşidinin 2 qrup üzrə qiymətləri də ayrıca qeyd edilir: yerli və idxal məhsulu.
Məlumat bazasında yerli və idxal məhsulun pərakəndə qiymətləri ayrıca göstərilir.
Məlumatları təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ötən ilin noyabr ayı ilə müqayisədə 2020-ci ilin noyabrın sonunda idxal məhsulları səbətində 2 fazilik bahalanma görsənir.
“Amma məsələnin maraqlı tərəfi odur ki, statistikada eyni dövrdə idxal olunan hazır qida məhsullarının qiymət indeksinin 17%, idxal olunan bitki mənşəli məhsulların qiymət indeksinin 10%-ə yaxın artdığı görünür. İdxal qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan pərakəndə və topdan idxal qiymətləri arasında kifayət qədər böyük fərq diqqəti çəkir” – deyə Ağayev qeyd edib.
Başqa maraqlı məqamda diqqət çəkən ekspert yerli ərzaq məhsulları səbətinin pərakəndə satış qiymətlərinin daha çox – 5.2 faiz artdığını deyir: “Statistikada görünən odur ki, bu artımın əsas səbəbi istehsalın bahalaşmasıdır. Belə ki, rəsmi məlumata görə, 2020-ci ildə bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 5.1%, heyvandarlıq məhsullarının qiymət indeksi isə 4.5% artıb.
Təəssüf ki, Statsitika Komitəsi məhsul növləri üzrə topdansatış qiymətlərə dair mütləq məbləğlərdə rəqəmləri dərc etmir. Məsələn, Rusiya statistikasında görmək olur ki, ötən il hər ton taxılın, 1 yumurtanın, 1 ton soğanın istehsalçı qiyməti necə olub, bu il həmin rəqəmlər necə dəyişib. Belə statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə qiymətlərin dinamikasının müqayisəli izləmək üçün çox önəmlidir”.