Bu gün:
Xezer.info » Siyasət » Prezidentin köməkçisinin qızı Əli İnsanovun əmlakını ələ keçirib

Prezidentin köməkçisinin qızı Əli İnsanovun əmlakını ələ keçirib


Prezidentin köməkçisinin qızı Əli İnsanovun əmlakını ələ keçirib
Keçmiş nazirin əmlakını özündən xəbərsiz satan şəxsin banklardan birində böyük payı var

“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, keçmiş səhiyyə naziri Əli İnsanov məxsus qaraj onun özü və ailə üzvlərindən xəbərsiz satılıb. Həbsdə olan nazir bir ildən çoxdur ki, mülkiyyətinin ələ keçirilməsi və ona dəymiş ziyanın ödənilməsi üçün hüquqi müstəvidə mübarizə aparır. Bu məsələ ilə əlaqədar dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun iddiasına baxılıb. Əli İnsanov əmlakının özündən xəbərsiz satışından əldə olunmuş 50 min manatın ona qaytarılmasına dair məhkəmə qətnaməsinin icra olunmaması ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddia qaldırıb. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş nazirin hüquqlarını məhkəmədə vəkili Ağaveyis Şahverdi müdafiə edib.

Ağaveyis Şahverdi əvvəlcə məhkəməyə məsələnin mahiyyəti barədə məlumat verib: “Əli İnsanovun “Basin” tərəfdə icra hakimiyyətinin sərəncamı ilə tikilmiş qarajı olub – evi satılmışdı, qaraj qalmışdı. Qarajın içində də müəyyən avadanlıqlar olub. Əli İnsanovun həbsindən sonra oğlu arada gedib baxırdı. Günlərin birində gedib görüb ki, qaraj yerində yoxdur. Məlum olub ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Kooperativə müraciət etdik, qarajı konkret kimdən aldığını açıqlamadı. Məhkəməyə müraciət etdik, notariusda alqı-satqı müqaviləsi vasitəsilə aydınlaşdırdıq ki, Əli İnsanovun əmlakını Əlizadə Vəfa Tariyel qızı satıb. Məlum oldu ki, bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına mülkiyyət hüququ əldə edib və onu satıb. Əslində, bu əməl kriminal əməldi. Biz şikayət verdik və apellyasiya məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən məhkəmə qətnaməsi ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb”.


Vəkil deyir ki, qətnamə uzun müddət icra olunmayıb. Belə olan halda, onlar özləri müəyyənləşdiriblər ki, “Deka Bank”ın səhmlərinin bir hissəsi Vəfa Əlizadənindir. Həmin payın qiyməti də 50 min manatdan xeyli çoxdur.

“Ona görə də qətnamənin icrasının təmin olunması üsulu kimi, Vəfa Əlizadənin bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etdik. Nəsimi Rayon Məhkəməsi Vəfa Əlizadənin payının üzərinə həbs qoyulması barədə qərardad qəbul etdi. Üstündən bir il keçib, amma bu qərardad icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, “bizə göstəriş var, qərar icra olunmasın”. Halbuki, o qərardad dərhal icra olunmalıdır. Gördük ki, icra şöbəsi öz vəzifəsini yerinə yetirmir, özüm qərardadı banka apardım. Bir müddət sonra dedilər ki, “Tariyel müəllim məsələ ilə maraqlanıb, əlaqə saxlayacaq”. Bu günə qədər də Tariyel müəllim həll eləməyib”, – deyə Ağaveyis Şahverdi bildirib.

Məhkəmədə Nəsimi rayon icra şöbəsini təmsil edən Ramin Muradov isə vəkilin dediklərilə razılaşmayıb: “Mən deməmişəm ki, bizə qərarın icra olunmaması barədə göstəriş verilib”.

Hakim icraçıdan qərarın hansı səbəbdən icra olunmadığını soruşub. Ramin Muradov bildirib ki, qərardad icra sənədi sayılmır. Sonradan əlavə edib ki, qərardadı çıxaran hakim onun icrası üçün lazım olan icra vərəqini icra şöbəsinə göndərməyib.

İcra vərəqinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi üçün proses iyulun 19-na qədər təxirə salıb.

Qeyd edək ki, Əli İnsanovun qarajına onun özünün və ailəsinin xəbəri olmadan mülkiyyət hüququ əldə edib, ardınca da onu satan Vəfa Əlizadə prezidentin köməkçisi Tariyel Ağayevin qızıdır.