Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi –Tailanda 138 səslə qalib gəldi
29-iyun-2016Qazaxıstan (138 səslə) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib.
Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.
BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.
BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.
Qeyd edək ki, bu il BMT TŞ-də yerlər aşağıdakı qruplar arasında bölünüb: Afrika ölkələri, Asia-Sakit okean, Latın Amerikası və Qərbi Avropa regionları. Şərqi Avropa ölkələri TŞ-ə qeyri-daimi üzvlüyü hələ 2017-ci ilin sonunadək davam edəcək Ukrayna ilə təmsil olunub.
Onu da qeyd edək ki, Anqola, Venesuela, İspaniya, Malayziya, Yeni Zelandiya 2016-cı ilin dekabrın 31-dək TŞ-i tərk edəcəklər.
BMT TŞ-ə 15 dövlət daxildir: 5 daimi və iki il müddətinə seçilən 10 qeyri-daimi üzv.
Hazırda TŞ-də Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay, Yaponiya təmsil olunub. Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.
Apa.az