Ceyhun Bayramov: Azərbaycan siyasi müstəvidə də uğur qazanıb
30-dek-2020Prezident İlham Əliyevin elan etdiyi "Könüllülər ili” çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov XİN nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri ilə videokonfrans formatında görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə C.Bayramov ölkə başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərakatının önəmindən bəhs edib.
2020-ci il Prezident tərəfindən "Könüllülər ili” elan edilməsinin Azərbaycanda gəncliyə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğu, artıq ölkədə könüllülük fəaliyyətinin sistematik xarakter daşıdığı qeyd olunub.
Nazir, Azərbaycan könüllülərinin pandemiya dövründəki təqdirəlayiq fəaliyyətindən bəhs edərək, bu müddət ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərin həmrəyliyini və birgə əməkdaşlığını məmnunluqla vurğulayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis edilməsinin Azərbaycanda könüllülər hərəkatında mühüm addımlardan biri olduğunu söyləyib.
Nazir, 2020-ci ildə Azərbaycan üçün ən əlamətdar hadisə olan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsindən bəhs edib. O, cəbhədə olduğu kimi siyasi müstəvidə də Azərbaycanın qazandığı uğurlardan danışıb. Vətən Müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyini, ölkə başçısının qeyd etdiyi kimi, bir dəmir yumruq kimi birləşdiyini xüsusi olaraq vurğulayıb. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtirama yad edilib və qazilərimizə tez zamanda sağlamlıqlarına qovuşması arzulanıb.
Nazir Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını almaq məqsədi ilə aparılan təqdirəlayiq informasiya müharibəsindən bəhs edərək, burada gənclərin fəal iştirakını da qeyd edib, gənclərimizin bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğuayıb.
Diplomatiya Könüllülərinin il ərzində fəaliyyətini qiymətləndirən xarici işlər naziri, gələcək fəaliyyətləri üzrə gənclərə öz tövsiyələrini verib.
Sual-cavab sessiyası ilə davam edən görüşün yekununda nazir könüllüləri şanlı Qələbəmiz, "Könüllülər ili”, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.