Bu gün:
Xezer.info » Eksklüziv » Prezidentə yazırlar: Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü

Prezidentə yazırlar: Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü


Prezidentə yazırlar: Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Xezerxeber.az məktublardan bəzilərini təqdim edir:

"Siz Azərbaycan xalqını birləşdirən dəyərsiniz, hər bir gənc üçün örnəksiniz”

ASAN könüllülərindən, Bakı:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan. Bu gün biz gənc, amma müstəqil Respublikanın vətəndaşlarıyıq. Bu gün biz fəxr edirik ki, nadir inkişaf modeli nümayiş etdirən, gənc olmasına baxmayaraq, heç bir təsir altında qalmadan beynəlxalq müstəvidə öz sözünü deməyə qadir olan, təcrübəsini bölüşən müasir, qüdrətli, müstəqil bir ölkənin vətəndaşlanyıq.

Tarixən ölkəmizin, xalqımızın keçdiyi bütün keşməkeşli yollara, hadisələrə rəğmən dik, mübariz şəkildə dayanması, Vətən uğrunda, torpaqlarımız uğrunda bir saniyə belə düşünmədən canını verməyə hazır olması bugünkü gəncliyimizin də özəyində özünü bürüzə verməkdədir.
ASAN könüllüləri olaraq fəaliyyətə başladığımız ilk gündən etibarən gənclərdə vətənpərvərlik ruhunun artırılması, onların hərbi vətənpərvərlik təlimlərinə cəlb olunması istiqamətində töhfə verməyə, hər zaman Vətən üçün könüllü şəkildə xidmət edəcək, milli-mənəvi dəyərlərimizə bağlı olan və Sizin görmək istədiyiniz gənclər yetişdirməyə çalışmışıq. Öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedən şəhidlərimizin ailələrinin qayğısına qalmaq hər birimizin borcudur. Biz də üzərimizə düşən borcumuzu layiqincə yerinə yetirmək üçün böyük səylə çalışırıq.

Siz hər zaman bizim ən böyük dəstəkçimiz olmusunuz. Bu gün biz azad və müstəqil ölkədə, tam könüldən fəaliyyət göstəririksə, burada Sizin bizə olan qayğınız danılmazdır. Bu ilin "Könüllülər İli” elan edilməsi ilə Siz bizə və fəaliyyətimizə verdiyiniz dəyəri bir daha göstərdiniz. Könüllülər olaraq biz də öz növbəmizdə bundan stimul alaraq daha çox öyrəndik, faydalı işlər gördük, dayanmadan, səylə çalışdıq.

Sizin 15 iyul 2020-ci il tarixindəki xalqa müraciətinizdən dərhal sonra on minlərlə gənc Vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazıldı. Çünki Azərbaycan gənci milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alır. ASAN könüllülərinin də bir qismi könüllü olaraq ön cəbhədə xidmətə yollandı, digər qismi arxa cəbhədə Vətənə xidməti davam etdirdilər. Artıq uzun illərdir ki, düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş, düşmən təslim olmağa məcbur edilmiş və ərazi bütövlüyümüz təmin edilmişdir. Bu tarixi qələbə Ulu Öndərin əsasını qoyduğu, Sizin isə uğurla davam etdirdiyiniz daxili və xarici siyasətin gözlənilən nəticəsidir. Hər birimizin hədsiz sevincinə səbəb olan bu zəfəri başda Siz olmaqla bütün Azərbaycan Ordusuna borcluyuq. Bizə bu şanlı qələbəni bəxş etdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk.

Bu gün daim dövlətçilik ənənələrinə sadiq, vətənpərvər ASAN könüllüləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmışların sırasında da var. Həmçinin şəhid olmuş qəhrəmanlarımızın övladları ASAN könüllülərinin sırasındadır. Sözsüz ki, onların hər biri dövlətin himayəsi altındadır. Biz böyük qürur hissi ilə deyə bilərik ki, onlarla fəxr edirik. ASAN könüllüləri olaraq həmişə hər bir addımınızın dəstəkçisi olmaqdan şərəf duyuruq! Bütün fəaliyyətimiz dövründə olduğu kimi, bundan sonra da biz gənclərə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də bu inamı doğrultmaq üçün bundan sonra da bütün gücümüz və bacarığımızla Sizin sərəncamınızdayıq.
Vətən Müharibəsi bir daha göstərdi ki, gənclər dövlətimizin, xalqımızın milli maraqlarını layiqincə qoruya bilirlər. Azərbaycan gənci Könüllülər ilini həqiqətən də tam könüldən yaşadı.

Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxrlə deyə bilərik ki, Siz hər bir gənc üçün örnəksiniz. Siz Azərbaycan xalqını birləşdirən dəyərsiniz. 8 noyabr 2020-ci il tarixi əbədi olaraq yaddaşımızda, tariximizdə Sizin adınızla qalacaq. Hər il bu günü xalqımız eyni sevinc, qürur hissi ilə Zəfər Günü olaraq qeyd edəcək. Xoşbəxtik ki, biz öz torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın incisi olan Şuşaya qayıdırıq. Sizi əmin etmək istəyirik ki, bundan sonra da işğaldan azad olunmuş bütün torpaqlarımızda könüllülük fəaliyyətinin yaradılması, təşviq edilməsi və gənclərimizin hərtərəfli inkişafı üçün var gücümüzlə çalışacağıq. Könüllülərin könlü daim Sizinlədir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Emiliya Bayramova
"ASAN Könüllüləri” Təşkilatının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri”.


"Xalqımız və dövlətimiz yolunda göstərdiyiniz saysız xidmətlərə və uğurlara görə haqq olaraq xalqımızın Qəhrəman oğlu adına layiqsiniz”

Məmməd Şirinovdan, Sumqayıt:

"Hörmətli Cənab Prezident!

Siz xalqımızın ürəyində sağalmayan yaraya çevrilmiş Qarabağ həsrətinə, milli qürurumuzun dərdinə məlhəm qoyaraq onu çox qısa bir müddətdə, cəmi 44 gün ərzində sağaltdınız. Bunun üçün xalqımızın Sizə böyük təşəkkürü var. Siz döyüş meydanında azğın düşmənin qarşınızda diz çökməsinə nail olmaqla bərabər, həm də bizə qarşı çevrilmiş dünya informasiya və diplomatiya xəyanətkarlarına elə bir tutarlı zərbə vurdunuz ki, o zərbənin dadı heç vaxt onların damağından getməyəcək. Bütün bunlara görə xalqımızı çox qürurlandırdınız. Allah Sizin qürurunuzu daha da çox etsin.

Sizin böyük rəhbərlik istedadınız nəticəsində 44 günlük müharibə zamanı xalqımızı dəmir yumruq kimi öz ətrafınızda birləşdirməyi bacardınız. Bu birlik tariximizdə görünməyən bir həmrəyliyin və xalqla birliyinin ən yüksək zirvəsi sayılmalıdır. Xalqımız və dövlətimiz yolunda göstərdiyiniz saysız xidmətlərə və uğurlara görə haqq olaraq xalqımızın Qəhrəman oğlu adına layiqsiniz. Cənab Prezident, bundan sonrakı idarəçilik və quruculuq fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun!
Hörmətlə,
Şirinov Məmməd Bəşir oğlu,
Əməkdar müəllim, birinci Qarabağ müharibəsi veteranı, Qubadlı rayon sakini.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

"Siz dünya azərbaycanlılarının Milli Qəhrəmanısınız”

Rövşən Zeynalovdan, Tovuz:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Uzaqgörən siyasətinizi, xalqımızın gələcəyi üçün gördüyünüz işləri bəyənir, qazandığınız zəfərlər münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Siz dünya azərbaycanlılarının Milli Qəhrəmanısınız. Siz görkəmli siyasi və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini həyata keçirən qəhrəman oğulsunuz.
Bütün dünya azərbaycanlıları Sizinlə fəxr edirlər. Mənim iki oğlum var, hər ikisi hazırda Sizin komandanlığınız altında hərbi xidmətdədir. Özüm isə zabit kimi birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Yenə də iki oğlumla çiyin-çiyinə Vətənə xidmət etməyə hazıram.
Sizinlə Fəxr edirəm, Sizi yüz yaşayasınız. Sizə bütün azərbaycanlılarının adından "Vətənpərvər Milli Lider” və "Azərbaycanın Milli Qəhrəmanı” adlarının verilməsini arzulayıram.
Hörmətlə,
Zeynalov Rövşən İslam oğlu.
Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar şəhəri”.

"Azərbaycan xalqı və bütün türk dünyası Sizinlə fəxr edir”

Banu Hacılıdan, Abşeron:

"Salam Müzəffər Ali Baş Komandan.

Mən 132-134 nömrəli məktəbin 6-cı sinif şagirdi Hacılı Banu Vahid qızı, Sizi ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqının 27 illik həsrətinə son qoydunuz. Azərbaycan xalqı və bütün türk dünyası Sizinlə fəxr edir. Mən Qarabağ qazisinin qızıyam. Biz ailəliklə Sizi və Azərbaycanımızı sevirik. Tanrı Sizə və ailənizə yar olsun!
Hörmətlə,
Hacılı Banu Vahid qızı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri”.

Şəhid anası: "Xalqın dərdini öz dərdi, xalqın kədərini öz kədəri bilən liderin sayəsində Xalq - Lider, Millət - Dövlət birliyi pozulmaz”

Sevinc İslamovadan, Bakı:

"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu gün Azərbaycanda hər kəsin qəlbinə bu cümlələr hakim kəsilib: 44 günlük haqq savaşı ilə ədaləti yerinə qoyan, "Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev, müzəffər Azərbaycan Ordusu, şəhidlərin al qanı, qazilərin qüdrəti ilə Azərbaycan bayrağını Şuşa qalasında dalğalandırdı! 30 ilin intizarına 44 günə son qoyuldu! Qisas qiyamətə qalmadı! Dostuna yazdığı son "Şəhid olmağa gedirəm, qardaş” mesajı ilə şəhidliyə qovuşan, yeganə oğlum Elvin İslamov Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Son döyüşü Füzuli rayonunun Qorqan kəndində olub. Oktyabrın 30-da Qaradağ rayonunun Qurd dərəsi məzarlığında torpağa tapşırılıb. Dünən onunla son vidadan 40 gün keçdi. Bu 40 gündə bizi tək qoymayan, dərdimizə şərik çıxan hər kəsə təşəkkür edirəm. Hər gün qayğımızla maraqlanan, bizi ən doğma adamları kimi qəbul edən təsəlli, ümid yerimiz olan insanlara və Sizə minnətdarlıq edirəm.

Müzəffər Ali Baş Komandan! Biz 44 günlük tarixi savaşla birliymizi, bütövlüyümüzü sübut etdik. Bizə böyük zəfəri yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Nə qədər kədərli olsa da, qürur hissi keçirirəm. Bu tarixi qələbədə yeganə oğlum şəhid Elvin İslamovun payı olduğuna görə sevinirəm. Mən bir Qəhrəman Anasıyam! Bir Şəhid ailəsi kimi kiçik bir diqqət, mənəvi dəstək bizə təsəlli olur. Ötən 40 gün içərisində Sizin tapşırığınız əsasında bizə göstərilən qayğı isə böyük dəstək idi. Xalqın dərdini öz dərdi, xalqın kədərini öz kədəri bilən liderin sayəsində Xalq - Lider, Millət - Dövlət birliyi pozulmaz! Xalqın dövlətə inamı, etibarı azalmaz! Bir daha Sizə Şəhid və Qazi ailələrinə göstərdyiniz diqqətə görə təşəkkür edirəm. Tanrı xalqımızı, dövlətimizi, Prezidentimizi qorusun! Bütün Şəhid ailələrinə səbir versin!
Hörmətlə,
Sevinc İslamova, şəhid Elvin Elçin İslamovun anası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

"Müzəffər adınızı xalqımızın ürəyinə və tarixinə qızıl hərflərlə əbədi həkk etdiniz”

Canəli Əkbərovdan, Bakı:

"Hörmətli cənab Prezident, Sizi çoxsaylı ailə üzvlərim və qohum-əqrəbam adından qazandığınız zəfərlər münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin xoşbəxt gələcəyi naminə gördüyünüz gərgin işlərdə daha böyük uğurlar arzulayıram. Siz Ali Baş Komandan olaraq ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinə əməl edərək, bu il gözəl Qarabağı mənfur erməni işğalından azad etməklə müzəffər adınızı xalqımızın ürəyinə və tarixinə qızıl hərflərlə əbədi həkk etdiniz. Qələbə paradında Sizin qardaş Türkiyənin çox hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə iştirakınız bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əyani sübutu idi. Bu taleyüklü tarixi günlərdə Siz və hörmətli Mehriban xanım Əliyeva həmişə xalqa arxa oldunuz, müharibə iştirakçılarına, qazilərə, şəhidlərimizə, imkansızlara, onların ailələrinə böyük qayğı, dəstək göstərdiniz. Mən özüm bir qocaman sənətkar kimi mənə göstərdiyiniz diqqət və qayğıya görə Sizdən həmişə razı olmuşam və Sizi hər zaman, hərtərəfli dəstəkləmişəm. Bir daha Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Azərbaycan xalqının xoş gələcəyi naminə Allah Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Əkbərov Canəli Xanəli oğlu,
Xalq artisti, "Şərəf", "Şöhrət” və 1-ci dərəcəli "Əmək” ordenli professor.
Azərbaycan Respublikası, Bakı şəhəri”.

"Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərimiz Sizin və yenilməz Ordumuzun birgə Qələbəsi oldu”

Aytəkin Əliyevadan, Beyləqan:

"Cənab Müzəffər Ali Baş Komandan.

Otuz il işğal altında qalan torpaqlarımız uzaqgörən siyasətiniz nəticəsində mənfur düşməndən azad olundu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərimiz Sizin və yenilməz Ordumuzun birgə Qələbəsi oldu. Minlərlə Vətən övladı müqəddəs torpaqlarımızın geri qaytarılmasında igidlik göstərərək şəhidlik zirvəsinə ucaldı. Sizin vəd etdiyiniz kimi, üçrəngli bayrağımız Qarabağın hər bir bölgəsində qürurla dalğalandı. Mən şəhid İlyas Nəsirovun həyat yoldaşı, Azərbaycan tarixi müəllimi kimi Sizə minnətdarlığımı bildirirəm. İlyas kimi minlərlə oğulların qanı yerdə qalmadı. Vətənpərvər azərbaycanlı kimi Sizin uğurlu siyasətiniz və uzaqgörən addımlarınızla fəxr edirik. Var olun. Tanrı Sizi qorusun. Siz bizim güvənimiz, qürur yerimizsiniz.
Dərin hörmətlə,
Əliyeva Aytəkin Məhəmməd qızı.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Milabad qəsəbəsi”.

"Siz Ulu öndərimizin vəsiyyətini və xalqımızın ən böyük arzusunu həyata keçirdiniz”

Pərvin Yaqubovdan, Bakı:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bizə əmanət etdiyi qüdrətli dövlətimiz Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində daha da güclənib və dünya dövlətləri sırasında böyük nüfuz sahibinə çevrilib. Torpaqlarımızın düşmən tapdağından azad olunması ilə Ulu öndərimizin vəsiyyətini və xalqımızın ən böyük arzusunu həyata keçirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür, Vətən yolunda canından keçərək şəhidlik zirvəsinə yüksələn əsgərlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Hər zaman əmrinizdə və xidmətinizdəyəm, cənab Prezident.
Dərin hörmətlə,
Yaqubov Pərvin Əlövsət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

"Sizin qətiyyətiniz, nüfuzunuz və siyasi iradəniz sayəsində bütün dünya Azərbaycan dövlətinin gücünə, qüdrətinə, xalqımızın birliyinə bir daha inandı”

Fərhad Bədəlbəylidən, Bakı:

"Əziz Prezidentimiz!

Sizin görkəmli dövlət xadimi, fateh sərkərdə kimi xalqımız qarşısında tarixi xidmətləriniz əvəzolunmazdır. Ulu öndərimiz Heydər Əliyevin ideyalarını həyata keçirərək, Siz daim dövlətin və xalqın rifahını düşünür, bütün həyatınızı və fəaliyyətinizi bu amala həsr edirsiniz. Bu, Sizin ən ali məqsədinizdir. Beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi maraqlarını təmin edən və dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycanı ləyaqətlə təmsil edən lider kimi Sizinlə qürur duyuruq. Siz beynəlxalq aləmdə dövlətimizin haqqının və hüququnun qarantına çevrilmisiniz.

Möhtərəm Ali Baş Komandanımız! Bu il Siz bizə Qarabağda böyük Qələbə sevincini yaşatdınız. Bu tarixi Qələbə məhz Sizin müdrik rəhbərliyiniz altında qazanıldı və Azərbaycanımız uzun illər davam edən işğaldan qurtuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, neçə illik torpaq həsrətinə son qoyuldu, nə qədər insana ümid, xoş gələcək müjdəsi verdiniz. Bütün Azərbaycan xalqı üçün, bütün dünya Azərbaycanlıları üçün bu Zəfər günlərini yaşamaq neçə ömrə bərabərdir. Buna görə biz Ali Baş Komandanımız, Sizə və şanlı Ordumuza minnətdarıq. Artıq dillər əzbəri olmuş "Şuşa bizimdir!”, "Qarabağ Azərbaycandır!” şüarları uşaqdan-böyüyədək hamımızın ürək döyüntümüzü əks etdirir. Azərbaycanın hər bir vətəndaşı üçün bunlar müqəddəs məfhumlardır. Sizin qətiyyətiniz, nüfuzunuz və siyasi iradəniz sayəsində bütün dünya Azərbaycan dövlətinin gücünə, qüdrətinə, xalqımızın birliyinə bir daha inandı.

Biz bütün qəlbimizlə hər addımınızda Sizi dəstəkləyirik və əminik ki, dilindən, dinindən, yaşından, istedadından, ad-sanından, məşğuliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ömrümüzü Vətənimizə həsr etməyə hazırıq. Həqiqətən, fəxr edirik ki, biz Azərbaycanlıyıq, dünyaya günəş kimi doğmuş Azərbaycanın vətəndaşlarıyıq. Əziz Prezidentimiz! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, Vətənimizin xoş gələcəyi və rifahı naminə bütün sahələrdə yüksək nailiyyətlər arzulayırıq. Biz Sizinlə fəxr edirik!.
Dərin ehtiramla,
Bədəlbəyli Fərhad,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor
Azərbaycan Respublikası, Bakı şəhəri”.

"Siz hədəfləri dəqiq nişan alan sərkərdə və diplomat, xalqa can yandıran qayğıkeş, dövlət başçısısınız”

İltifat Lütfizadədən, Naftalan:

"Möhtərəm prezidentim cənab İlham Əliyev, tarix yazan sərkərdəmiz!

Tarixi və şanlı Qələbə münasibətilə Sizi və xalqımızı səmimi qəlbdən təbrik edirəm. Bu xalqın, bu dövlətin Sizə hər zaman böyük ehtiyacı var. Çünki Siz hədəfləri dəqiq nişan alan sərkərdə və diplomat, xalqa can yandıran qayğıkeş, dövlət başçısısınız.
Mən fəxr edirəm ki, qalib ölkənin vətəndaşıyam. Bütün Azərbaycan xalqı, o cümlədən naftalanlılar Tanrıya şükür edir ki, biz belə bir şərəfli tarixin şahidiyik. Tanrı Sizi qorusun müzəffər Ali Baş Komandan, Azərbaycanımızın xilaskarı, Milli Qəhrəmanımız!
Hörmətlə,
Lütfizadə İltifat Cəlil oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri”.

"Azərbaycana bəxş etdiyiniz tarixi qələbə xalqımızın milli ruhunu yenidən dirçəltdi”

Cavad Axundzadədən, Bakı:

"Müzəffər Ali Baş Komandan!

Görkəmli şair Əhməd Cavadın ailəsi adından Sizə dərin ehtiram və hörmətimizi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycan xalqına bəxş etdiyiniz tarixi qələbə və milli ruhun yenidən dirçəlməsi, ulu babamın ruhunu şad etmişdir. Cənab Prezident! Ulu babamın Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi olması bizi daim qürurlandırırdı. Zəfər paradında Əhməd Cavadın adının anılması bizi sonsuz bəxtiyar etdi. Bu Parad Azərbaycan və Türkiyə xalqlarının gücünün və etibarının təcəssümünə çevrildi. Qoy Uca Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Axundzadə Cavad, görkəmli şair, Əhməd Cavadın nəticəsi.
Azərbaycan Respublikası, Bakı şəhəri”.

"Öz siyasətiniz və dəsti-xəttinizlə sübut etdiniz ki, Siz müstəqil Prezident, güclü diplomat və yenilməz sərkərdəsiniz”

Əliheydər Əsədov və başqalarından, Cəlilabad:

"Çox hörmətli möhtərəm cənab Prezident!

Dövlət, xalq və müzəffər ordu birliyinin parlaq, əsrarəngiz nailiyyəti olan Qələbə sevinci ilə yaşadığımız bu anlar bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdir. Öz siyasətiniz və dəsti-xəttinizlə dünya dövlətlərinə sübut etdiniz ki, Siz müstəqil Prezident, güclü diplomat və yenilməz sərkərdəsiniz. 27 il mənfur düşmən işğalında olan torpaqlarımızın 44 gündə azad olunması Ali Baş Komandan kimi Sizin qətiyyətinizin və şücayətinizin nəticəsidir. Ermənistanın siyasi rəhbərliyini dəstəkləyən, ona havadarlıq edən dövlət rəhbərlərinə verdiyiniz konkret və tutarlı cavablar onları susmağa və öz mənfur niyyətlərindən çəkinməyə məcbur etdi. Siz eyni zamanda sifarişli informasiya nəhəngləri ilə mübarizədə də öz qələbənizi təmin etdiniz.

Cənab Prezident! Torpaqlarımızın işğaldan azad olunması müzəffər ordumuzun mükəmməl zəfər yürüşü sayəsində, xüsusən əsgər və zabitlərimizin canı, qanı bahasına başa gəlmişdir. Vətən müharibəsində rayonumuzun 90 övladı şəhidlik zirvəsinə ucalmışdır. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən kadr siyasətinin aparılması istiqamətində gördüyünüz işlər və həyata keçirdiyiniz təxirəsalınmaz tədbirlər təqdirəlayiqdir. Cəlilabadlılar Sizin mükəmməl fəaliyətinizi bəyənir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində gördüyünüz tədbirləri alqışlayır. Biz Sizinləyik, hər zaman Sizin arxanızdayıq! Tanrı Sizi Qorusun!
Hörmətlə,
Əsədov Əliheydər, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri,
Nuriyev Rüstəm, şəhid ailəsi,
Əlisafa Qafarov, şəhid atası,
Vətənxar Zeynalov, şəhid atası,
Məmmədov Nurlan, Qarabağ müharibəsi veteranı,
Qiyasov Elsevər, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

"Sizin əzminiz sayəsində terrora qalib gəldik, dost və qardaş ölkələri bir daha tanıdıq”

Mülazim Paşadan, İzmir, Türkiyə:

"Hörmətli Prezident, cənab Ali Baş Komandanı.

Mənim əslim İrəvan şəhərindəndir. Ailəmiz həmin şəhərdən Türkiyəyə mühacirət etmişdir. Sizi və şanlı Ordumuzu, cəsur xalqımızı Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Sizin Azərbaycana rəhbərliyiniz dövründə müstəqilliyimizin əmin əllərdə, Vətənimizin təhlükədən uzaqda olduğunu bilirik və xoş günlərin hələ qabaqda olduğuna əminik. Qırx dörd günlük müharibədə şanlı Ordumuzla birlikdə Azərbaycan xalqının adını tarixə qızıl hərflərlə yazdınız. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz, rəşadətli Ordumuzun qüdrətini dünyaya tanıtdınız. Siz, eyni zamanda, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Qətiyyətinizlə düşməni diz üstə çökdürüb məzlum vəziyyətə saldınız.
Televiziya vasitəsilə Sizdən şad xəbərləri aldıqca sevinir, xoşbəxt olurduq. Sizin və hörmətli Rəcəp Tayyip Ərdoğanın qardaşlığınız bütün dünya türklərini sevindirdi.
Amma Sizin əzminiz sayəsində bu terrora qalib gəldik, həm də dost və qardaş ölkələri bir daha tanıdıq, əlaqələrimiz daha dərinləşdi, daha da doğmalaşdı. Sizə təşəkkür edir, sonsuz ehtiramımızı bildiririk. Yaşasın Azərbaycan-Türkiyə Qardaşlığı! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Sizə xidmət etməyə daim hazırıq.
Hörmətlə,
Mülazim Paşa, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyanın sədr müavini
Türkiyə Respublikası, İzmir şəhəri”.

"Fəxr edirik ki, Sizin kimi müdrik, geniş dünyagörüşlü rəhbərimiz var”

Ravil Babayevdən, Hacıqabul:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən və ailəmiz fəxr edirik ki, Sizin kimi müdrik, geniş dünyagörüşlü rəhbərimiz var. Siz Azərbaycan xalqının igid oğlu, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafında böyük rol oynayıb və bu gün Siz onun ideyalarını daha da inkişaf etdirirsiniz. Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində şanlı Ordumuz Vətən müharibəsində parlaq Qələbə qazandı. Allah ulu öndər Heydər Əliyevə, şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə Allahdan səfa diləyirik.

Cənab Ali Baş Komandan, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Biz hacıqabullular Sizi çox sevirik və ömürlük rəhbərimiz olmağınızı istəyirik. Mən 20 ildən çoxdur ki, Hacıqabul rayon xəstəxanasında təcili yardım avtomobilinin sürücüsü işləyirəm. Vətən müharibəsi dövründə mən də cəbhəyə ezam olunmuşdum. Cocuq Mərcanlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Qızğın döyüşlərdə şəhidlərimizi, yaralılarımızı yaxınlıqda yerləşən xəstəxana və hospitallara aparırdım. Sıradan çıxmış təcili yardım maşınlarını təmir edib əsgərlərimizin xəstəxanalara çatdırılmasına kömək edirdim. Bu, mənim Vətən qarşısında borcumdur. Hadrut istiqamətində gedən döyüşlərdə də iştirak edən əsgərlərimizi daşımışam. Hətta dəfələrlə ölümlə üz-üzə gəlsəm də, qorxmamışam. Vətən yolunda şəhid olmağa da hazıram.

Cənab Prezident, mənim bir arzum da var idi, doğma Şuşa şəhərinə kimi gedim. Sizin uzaqgörən siyasətiniz sayəsində Şuşanın alınması və xalqımıza şad xəbər verməyiniz Azərbaycan xalqını sevindirdi. Cənab Prezident, şəxsən öz adımdan, ailəmin adından və Hacıqabul əhalisi adından Sizə təşəkkür edirəm, möhkəm cansağlığı, uzun ömür arzulayıram. Siz dediyiniz kimi : "Qarabağ Azərbaycandır!”.
Hörmətlə,
Babayev Ravil Əlikərəm oğlu.
Azərbaycan Respublikası, Hacıqabul şəhəri”.

"Bu Qələbənin əsas gücü Sizdən bəhrələndi”

Rövşən Quliyev və Tərlan Əhmədovadan, Krasnoyarsk, Rusiya:

"Əziz Prezidentimiz, Azərbaycan xalqının xilaskarı, böyük sərkərdə və qəhrəman elimin qəhrəman oğlu!

Əvvəlcə icazə verin Sizi bütün qələbələriniz münasibətilə səmimi qəlbdən təbrik edək, Sizə bu qazandığınız Qələbə yolunda müvəffəqiyyətli işlər, hər şeydən əvvəl sağlam can, uzun ömür, rəşadət arzulayaq. Sizin kimi tarix yazan şəxsiyyətləri Ulu Tanrımız çox nadir hallarda yaradır. Siz elə bir şəxsiyyətsiniz ki, bütün maneələrlə tək başına vuruşur, xalq tərəfindən bu qədər sevir, xalq tərəfindən qiymətləndirilirsiniz. Siz xalqın hörmətini qazanan Prezidentimizsiniz. Xalq Sizə nə qədər inanırdısa bu Qələbədən sonra xalqın inamı, məhəbbəti, sevgisi daha da artdı. Cənab Prezident, həqiqətən də bu Qələbənin əsas gücü Sizdən bəhrələndi!

Bu gün biz Rusiya Federasiyasında yaşamağımıza baxmayaraq, hər vaxt Azərbaycan televiziyası ilə öz doğma Vətənimizdə baş verən hadisələri izləyirik. Açığını desək, bu günlərə qədər yarımçıq yaşayırdıq, mənfur erməni millətinin nümayəndələrini görəndə ixtiyarsiz məğlub baxaraq, qələbə ümidini qəlbimizdə yaradıb, daxilən içimizdə bir ümidlə bu günləri gözləyirdik. Artıq o günlər arxada qaldı. Bu günlərin şirinliyini, fəxarətini, sevincini Siz bizə yaşatdınız. 44 günlük müharibədə, doğma xalqımızla birgə uğurlara sevinmiş, mənfur düşmənlər tərəfindən mülki əhalimizə qarşı törədilən terror aktlarına, haqsızlıqlara millət olaraq birgə kədərlənmişik. Hər dəqiqə, hər an böyük ümidlə Sizdən şad xəbərlər gözlədik və nəticədə tarix yazan böyük Qələbəni elan etdiniz.

Əzizimiz, ümidimiz Ali Baş Komandan, şəxsən biz öz ömrümüzdən Sizə pay verməyə hazırıq. Hər bir azərbaycanlı Ulu Tanrıdan diləyir ki, Allah bizim ömrümüzdən bir gün kəsib Ali Baş Komandanımıza versin. Bu sözə bizim ixtiyarımız var, çünki Siz xalqı əsirlikdən qurtardınız. Şəxsən mən 1993-cü ildən atamın məzarın görə bilmirəm. Çünki bizim doğma kəndimiz olan Ağdam rayonunun Şurabad kəndi mənfur düşmənlərimizin əsarətində idi. Hər bir dərdə dözmək olar, ancaq ata məzarının əsirlikdə olması çox ağır idi. Artıq hər şey arxada qaldı. Bir daha Sizi bu Qələbə münasibətilə təbrik edirik. Biz azadıq Sizinlə, biz qalibik Sizinlə, biz müzəffərik Sizinlə, biz xoşbəxtik Sizin Prezidentliyinizlə!
Hörmətlə,
Quliyev Rövşən Əhməd oğlu,
Əhmədova Tərlan Həbi qızı,
Ağdam rayonu, Şurabad kənd sakinləri.
Rusiya Federasiyası, Krasnoyarsk şəhəri”.