Bu gün:
Xezer.info » Manşet » Sumqayıtın icra başçısının bacıoğlu sindromu - TƏFSİLAT

Sumqayıtın icra başçısının bacıoğlu sindromu - TƏFSİLAT


Sumqayıtın icra başçısının bacıoğlu sindromu - TƏFSİLAT
Zakir Fərəcov səlahiyyət verdiyi Elgiz Fərəcovun qarşısında duruş gətirə bilmir, o, öz dayısının sözünü yerə salaraq, otağını tərk edib

Sumqayıtın icra başçısı Zakir Fərəcov ciddi problemlə üzləşib. Politika.Az-a verilən məlumata görə, icra başçısının üzləşdiyi problem bacısı oğlu Elgiz Fərəcovla bağlıdır. Belə ki, dayı Fərəcov bacıoğluna verdiyi səlahiyyətləri geri ala bilmir. Üstəlik, onun atdığı addımların qarşısını almaqda aciz duruma düşüb.

Məlumatlara görə, hələ Abşeronda icra başçısı işlədiyi dövrlərdə Zakir Fərəcov bütün torpaq işlərini bacısıoğlu Elgizə həvalə edib. Elə indinin özündə də bu şəxs rayon ərazisində daşı-daş üstünə qoyanların hamısından pul tələb edir. Torpaq alqı-satqısı isə birbaşa onunla bağlıdır. Mənbələr bildirirlər ki, Elgiz Fərəcov işi o həddə çatdırıb ki, başına dəstə yığaraq, sözünə qulaq asmayanları cəzalandırmaqdan da çəkinmir. Kifayət qədər varlı və imkanlı fiqura çevrilmiş Fərəcovun artıq dayısının sözünə də qulaq asmadığı deyilir.

Məlumata görə, Elgiz Fərəcov problemini qabardan şəxs Abşeronun icra başçısı İradə Gülməmmədova olub. Belə ki, İradə xanım rayonda torpaq alqı-satqısı zamanı bir çox problemlərlə üzləşib. Üstəlik, İcra Hakimiyyətinə aldıqları torpaq sahəsində evi tikmək üçün müraciət edənlərin əksəriyyəti Elgizin onlardan əlavə haqq istədiyini bildirirmişlər. Bu şikayətlərin sayının çoxalmasından sonra icra başçısı Elgiz Fərəcovla görüşmək istəyib. Lakin bacıoğlu birmənalı olaraq onunla görüşə gəlməkdən imtina edib. Üstəlik, xanım icra başçısına ultimatum da göndərib ki, onun işlərinə qarışmasın. Məcburiyyət qarşısında qalan İradə Gülməmmədova da Zakir Fərəcova şikayət etməli olur. Və məsələ böyüməyə başlayır.

Məlumatda vurğulanır ki, məsələdən hali olan Zakir Fərəcov Elgizi yanına çağıraraq, ondan əməllərinə son qoymağı və İradə Gülməmmədovaya tabeçilik göstərməyi tələb edir. Lakin gözlənilmədən bacıoğlu dayısının sözünü kəsərək, ona əmr etmək haqqı olmadığını deyir. Bu azmış kimi, nümayişkəranə şəkildə otağını tərk edir. Bundan sonra isə ona təsir imkanları tamamilə itir.

Mənbə bildirir ki, Elgiz Fərəcov hələ bir müddət əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılsa da, sonradan Fərəcovun xahişi ilə onu azad etmişdilər. Görünən odur ki, Sumqayıtın icra başçısı bu dəfə öz əliylə bacısı oğlunu prokurorluq orqanlarına təhvil vermək məcburiyyətində qalacaq.
Arqument.Az