Sumqayıt şəhər prokurorluğu sələmçiləri himayə edir? – FOTOFAKT
29-iyun-2016Prokuror müavini Kamran Mahmudov şikayətçi vətəndaşın “Muğan Bank”a girov qoyub pul götürdüyünü yazıb, amma “Muğan Bank”ın bazasında belə məlumat yoxdur!
Sumqayıt Şəhər Prokurorluğunun vətəndaşların şikayətlərinə laqeyd yanaşması və sözün əsl mənasında “yola verməsi” ilə bağlı şikayətlər az dərc olunmayıb.Aprelin 19-da Qafqaznews.az saytında dərc olunan “Sumqayıtda reket prokurorun adından istifadə edir?” başlıqlı yazıda vətəndaş Zaur İsmayılovun sabiq Sumqayıt prokuroru Dağlar Zeynalovun qohumu tərəfindən aldadılması, yeni prokuror Sərdar İmanovun isə məsələyə ciddi yanaşmaması barədə söz açılmışdı.
İyunun 10-da isə saytda “Sumqayıtda sələmçilər övladı xəstə olan qadını aldatdılar” başlıqlı yazı dərc olunmuşdu.Sumqayıt sakini Elza Süleyman qızı Xələfovun sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. Elman Əliyev adlı şəxs onu Rövşən Mahmudov adlı sələmçi ilə əlaqələndirib və notariusda atası Süleyman Xələf oğlu Xələfovun adına olan evlə bağlı “alqı-satqı” edərək (“Muğanbank”dakı hesab 40 min manat yatırıb, sonra ondan almaqla), 18 min manatlıq sələm borcuna salıb. Bu pulu isə E.Əliyev ondan guya “Qafqaz İnkişaf Bankı”ndan 50 min manatlıq ipoteka krediti üçün “şapka” olaraq alıb. Lakin pul da gedib, ipoteka vədləri də, mənzil də. Körpə övladı xəstə olan, əməliyyata pul tapmaq üçün fırıldaqçılardan kömək gözləyən ana isə kor-peşman mətbuata üz tutub… Lakin burda dayanaq!
İyunun 28-də E.Xələfəva ilə əlaqə saxladıq. O bizə bildirdi ki, atası S.Xələfov 2015-ci ilin dekabrın Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib: “Ordan bu iş göndərilib Sumqayıt ŞPİ 2-ci polis bölməsinə, bu il fevral ayının 4-də 2-ci PB-nin rəisi Ramiz Əlişanov bizə cavab yazdı ki, bu, mülki məsələdir. Biz bu dəfə Respubika Baş Prokurorluğuna müraciət etmişik. Fevralın 29-da Müraciətlərə Baxılması İdarəsinin rəis müavini Aynur Osmanova Sumqayıt prokuroru Sərdar İmanova məktub yazaraq, surətini də atamın adına göndərdi. Həmin məktuba görə, Sərdar İmanov atamı prokurorluğa dəvət edib dinləməli, məsələni araşdırmalı idi. Lakin bu baş vermədi. Martın 12-də Sumqayıt şəhər prokurorunun müavini Kamran Mahmudovdan cavab gəldi ki, guya biz mənzilimizi “Muğan Bank”a girov qoyub götürdüyümüz 40 min manatı Kənan adlı şəxsə vermişik və buna görə şikayətçiyik. Bizim “Muğan Bank”la heç bir girov işimiz olmayıb. Sadəcə sələmə pul verilərkən, Rövşən Mahmudov və dostu Kənan Mustafayev alqı-satqı müqaviləsi imzalanan zaman formallıq üçün atamın hesabına pul yatırıblar, sonra da geri alıblar. Bu barədə məktubda yazdığımız halda, heç bir araşdırma aparılmayıb. Bizi prokurorluğa da dəvət etməyiblər… Artıq bilmirəm hara şikayət edim. Anlamıram, prokurorluq sələmçiləri himayə edir? Üç aydır Sumqayıt Şəhər Prokurorluğuna nə qədər müraciət etsəm də, heç bir nəticəsi yoxdur”.
Biz Süleyman Xələfəvun şikayət ərizəsinə də, Sumqayıt Şəhər Prokurorluğundan Kamran Mahmudovun imzası ilə olan 12 mart tarixli cavab məktubuna da nəzər saldıq. Həqiqətən də, məktubda qeyd olunur ki, guya vətəndaş Süleyman Xələf oğlu Xələfov yaşayış evini “Muğan Bank”a girov qoymaqla 40 min manat pul götürüb… nəhayət isə, prokurorluq bu məsələni mülki olaraq dəyərləndirib.
Elza Xələfova bizə S.Xələfovun adına olan mənzilin alqı-satqısına dair notariatdan çıxarışını da göndərdi.скачанные файлы
Beləliklə, qarşımızda bir məsələ qaldı: prokuror müavini Kamran Mahmudovun qeyd etdiyi “girov” məsələsini “Muğan Bank”ın məlumat bazasında dəqiqləşdirmək. Ona görə də, “Muğan Bank”ın baş mühasibi Arzu xanımla əlaqə saxlayaraq, Süleyman Xələf oğlu Xələfov və ya Elza Süleyman qızı Xələfovanın adına hər hansı girov-kredit əməliyyatının olub-olmadığını yoxlamağı xahiş etdik. Məlum oldu ki, ümumiyyətlə, “Muğan Bank”ın bütün respublikadakı filiallarında S.Xələfov və E.Xələfovanın girov qoyub pul götürməsi faktı olmayıb.
Oxucularda suallar yarandımı? Bəlkə, hörmətli prokuror müavini Kamran Mahmudov şikayət ərizəsini yaxşı oxumayıb, başa düşməyib, ya da çox məşğul olduğuna görə, araşdırmaya lüzum belə görməyib?
Təəssüflər olsun ki, Kamran Mahmudovla gün ərzində əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı – çünki hörmətli prokuror müavininin iş nömrəsində zənglərimizə cavab verən olmadı.Ümid edirik ki, Sumqayıt Şəhər Prokurorluğunda olmasa da, Respublika Baş Prokurorluğunda səlahiyyətli şəxslər bu məqaləni oxuyub, lazımi tədbir görəcəklər.
Xatırlatma üçün bildirək ki, Elza Xələfovanın sayta yazdığı ərizədə deyilir: “Mənim üç uşağım var. Ortancıl oğlumun ürəyi xəstədir. O, təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün bizdən böyük məbləğdə pul tələb olundu. Bunun üçün mənzilimi girov qoyub bankdan pul götürmək qərarına gəldim. Bu məqsədlə Nikoil Bank”-ın Sumqayıtdakı filialına müraciət etdim.
Bankın Ruslan adlı əməkdaşı dedi ki, “Nikoil Bank” mənzil girov qoymaqla kredit vermir. “Amma mən sizi bir adamla tanış edərəm ki, sizə ipoteka krediti götürməyə kömək edə bilər”, – deyə Ruslan mənə bildirdi. O, məni Elman Əliyev adlı biriylə tanış etdi. Elman Əliyev dedi ki, ən yaxşısı, bir hərbçinin adına kredit götürməkdir, çünki banklar hərbçilərə ipoteka kreditini 2 faizə verirlər. O mənə söz verdi ki, hərbçini özü tapacaq, 50 min manat dəyərində bank krediti almağa nail olacaq. Buna görə isə, Elman Əliyev mənim 18 min dollar ona “otkat” verməli olduğumu dedi”.
Xələfovanın sözlərinə görə, onun belə pulu yox idi və öz atası Süleyman Xələfova müraciət edib: “O isə mənə dedi ki, cəmi iki min manat pulu var. O zaman Elman Əliyev belə bir plan təklif etdi. Mən adam taparam ki, sizə ayda 10 faizlə 18 min manat sələmə pul verər. Bu pulları isə mən “şapka” kimi Elmana verməliydim. Elman da öz növbəsində Qafqaz İnkişaf Bankının Sumqayıtdakı filialınından 50 min manat kredit almağıma kömək edəcəkdi. Sələmçiyə borcumu hesablamaqla, qalan məbləğ mənə qalmalı idi. Bu, riskli əməliyyat idi. Amma mənə təcili pul lazım idi və buna razılaşmağa məcbur idim”.O tezliklə sələmçi ilə də tanış olduğunu deyir:“Sələmə pul verən şəxs Rövşən Mahmudovdur.O, mənə 10 faizlə 18 min manat sələmə borc verməyə razılaşdı, amma bir şərtlə: “siz mənimlə evinizin alqı-satqısına dair yalançı müqavilə bağlayırsınız. Elman dedi ki, narahat olmayım. Qafqaz İnkişaf Bankından kredit alınan kimi, mənim mənzilim onun tapdığı hərbçinin adına keçiriləcək, o isə bizə etibarnamə verəcək. Mən razılaşmağa məcbur idim. 2015-ci il sentyabrın 15-də Rövşən Mahmudov evimizə baxmağa gəldi, sentyabrın 16-da isə alqı-satqı müqaviləsi bağlandı. Rövşən Mahmudov dostu Kənan Mustafayev və atam Süleyman Xələfovla notarial kontora getdi. O, atamın hesabına 40 min manat keçirdi. Atam pulu “Muğanbank”da hesabdan çıxarıb, ela bankın içindəcə hamısını Elmanaa verdi. Rövşən Mahmudov isə atama 18 min manat verdi və biz bu pulu Elmana verdik. Ondan başqa biz Elmana 3 min manat da verdik”.
Elza Xələfovanın sözlərinə görə, Elman Əliyev, Kənan Mustafayev və Rövşən Mahmudov onu aldadıb evini alıblar. «Heç bir kredit də ala bilmədim”, – deyə E.Xələfova bildirib.
Elza Xələfovanın dələduzluqda günahlandırdığı Elman Əliyev bildirib ki, onun bu hadisəylə heç bir əlaqəsi yoxdur. Kənan Mustafayev bildirdi ki, o, bankda kredit alınması məsələsində iştirak etməyib. K.Mustafayevin sözlərinə görə, o, sadəcə Elza Xələfovanın mənzilini satın alıb.
Elza Xələfova Kənan Mustafayevlə telefon danışığının audioyazısını bizə təqdim etdi. Söhbət zamanı Kənan Mustafayev etiraf edir ki, Elman Əliyevlə birlikdə Elza Xələfovaya ipoteka krediti almağa kömək edir. Kənan Mustafayev səs yazısında Elza Xələfovanı sakitləşməyə və Elman Əliyevə inanmağa çağırır.“Əgər o sizi doğrudan aldatsaydı, mən özüm onu danlayardım. Bankda doğrudan da ipoteka krediti üçün xətt hələ açılmayıb”. Söhbətin sonunda Kənan Mustafayev Elza Xələfovaya 10 faizlə 18 min manat sələmə pul verildiyini etiraf edir.
Bununla yanaşı, xatırladaq ki, Elza Xələfova onu Elman Əliyevlə tanış edən şəxsin “Nikoilbank”ın Sumqayıt filialında çalışan Ruslan adlı şəxs olduğunu deyib. Araşdırmamız zamanı o da məlum oldu ki, son üç ildə “Nikoil Bank”ın Sumqayıt filialında yeganə Ruslan olub – filial müdiri Ruslan Talıbov…Araşdırmamız davam edir.