Paşinyan: “Biz bu sənədi cırıb ata bilərik, amma nəticəsi bu olacaq…”
14-noy-2020“Biz bu sənədi (Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağla bağlı üçtərəfli bəyanatını) cırıb ata bilərik, amma nəticələrini düşünməliyik. Bunu etsək, o zaman 10 noyabrdan əvvəlki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Bunun nəticələrinin nə olacağını anlamalısınız”.
Qaynarinfo xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikri 13 noyabr, cümə günü bu ölkənin İctimai Televiziya kanalına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, imzalanan sənədi sərt şəkildə tənqid edən müxalifət buna qədər həmin sənədi rədd etmək üçün heç bir əməli yol təklif etməyib.
Paşinyan qeyd edib ki, imzalanmış üçtərəfli bəyanat sayəsində Ermənistan tərəfi bəzi əraziləri və insanların həyatını xilas edə bilib. “Stepanakert (Xankəndi. – red.) müdafiəsiz qaldı, ora tutulandan sonra isə həm Əsgəran, həm də Martakert (Ağdərə. – red.) təslim olacaqdı. Nəticədə cəbhə xəttində olan 20-30 min erməni əsgəri mühasirəyə düşəcəkdi. Onlara hücum ediləcək, qaçmaq fürsətləri olmayacaqdı”, – Paşinyan deyib.
İşğalçı ölkənin baş nazirinin sözlərinə görə, “razılaşmanın bağlanmasına dair danışıqlar prosesi hələ başlamayıb və bu proses çox uzun müddət davam edəcək”.
“Soruşursunuz ki, niyə bu məsələ Milli Məclisdə, müxalifətlə müzakirə olunmadı və s. Bu, əslində döyüş əməliyyatlarına operativ nəzarət məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yenidən yerləşdirilməsi ilə bağlı hər məsələni Milli Məclis və ya müxalifətlə müzakirə etmək olmaz axı. Döyüş meydanında uğursuzluqlar başlayandan sonra biz qarşıya siyasi tapşırıq qoyduq – müharibədə dönüş nöqtəsi əldə etmək. Ancaq Şuşanın süqutundan sonra bu vəzifənin qeyri-mümkün olduğu aydınlaşdı”.
Ermənistan hökumət rəhbərinin sözlərinə görə, Şuşanın süqutundan sonra bu ölkənin silahlı qüvvələri iki dəfə şəhəri geri qaytarmağa çalışıb:
“Şəhərin alınmasından sonra geri qaytarmaq üçün iki cəhd edildi. Şuşanın getməsi ilə bağlı çoxlu mif var. Mənə Şuşanın getməsi barədə məlumat verildikdən sonra 50 döyüşçümüzün hələ də şəhərdə olduğu barədə məlumatlar verildi. Bu məlumatların yoxlanılmasını xahiş etdim. Məlum oldu ki, hərbçilər Şuşada deyil, Stepanakertdədir (Xankəndi. – red.)”.