Ermənistanın ödəyəcəyi təzminat 50 milyarddan da çoxdur (EKSPERT)
13-noy-2020“Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat 50 milyarddan çoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov Ermənistanın keçmiş Baş prokuroru, Avropa İnsan Hüquqları Məhkəməsinin təmsilçisi Gevorq Kostanyanın “Ermənistan Azərbaycana 50 milyard təzminat ödəməlidir” fikrini şərh edərkən deyib. Ekspert qeyd edib ki, Gevorq Kostanyan təxmini bir rəqəm işlədib:
“Amma bu rəqəm daha çoxdur. Söhbət 30 ildən və Azərbaycanın 20% torpaqlarının işğal olunmasından gedir. Biz biz bu rəqəmi həm də konkret sübut etməliyik. Bu da asan məsələ deyil. Hər bir halda söhbət 10 milyardlarla hesablanan məbləğdən gedir. Biz onu sübut edə bilərik. Amma burada fərq qoymaq lazımdır. Yəni, biri var bizə dəyən faktiki zərər, bu, 50 milyarddan çoxdur. İkincisi, bizim beynəlxalq məhkəmələrdə sübut edə biləcəyimiz məbləğ. Bu yəqin ki, 50-dən az olacaq”.
Əkrəm Həsənov bildirib ki, bu məsələni ekspertlər araşdırıb, qiymətləndirməlidir:
“Hesablama aparılmalıdır, xüsusən də biz bilirik ki, ermənilər Kəlbəcərdən qızıl çıxarıblar və s. Ayın 10-da bağlanan yeni atəşkəs, yəni razılaşma var ki, Ermənistan Azərbaycanın ərazilərini qaytaracaq. Deməli, bu nədir? Sən idin işğalçı? Əraziləri illərlə işğal altında saxlayan Ermənistan idi. Bu da bizə həqiqətən yol açır ki, beynəlxalaq məhkəmələrdə haqqımızı tələb edək. Bu da asan olmayacaq”.
Əkrəm Həsənov sonda onu da vurğulayıb bu proses illərlə uzanacaq:
“Biz ABŞ, Fransanın mövqeyindən hiss edirik ki, Qərb daha çox ermənilərin tərəfindədir. Kimsə düşünür ki, beynəlxalq məhkəmələr obyektiv və qərəzsizdir elə deyil. Bu baxımdan proses asan olmayacaq. Hər bir halda biz bu addımı atmalıyıq. Bizə ödəniləcək təzminata məhkəmə qərar verəcək. Bu qısa müddətdə olmayacaq, məhkəmənin özü illərlə uzanacaq”.
Qeyd edək ki, Ermənistanın keçmiş Baş prokuroru, Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçisi Gevorq Kostanyan açıqlamasında bildirib ki, Ermənistan Qarabağ savaşında Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə 50 milyard dollardan çox təzminat ödəməlidir.
Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan deyib:
✔ Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur.
✔ Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın cavabdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı.
✔ İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu.
✔ Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.