“Hərbi təlimə gedənlərə bir aylıq əlavə maaş verilsin” – TƏKLİF
25-sen-2020“Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir”.
Bu sözləri Lent.az -a toplanışa çağırılanların iş yeri problemindən danışan “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, son zamanlar sosial şəbəkələrdə təlimdə olanların iş yerləri ilə bağlı çoxlu suallar yaranıb:
“Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan hərbi qulluqçuların toplanışı çox böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi odur ki, onlar müasir texnikalarla yaxından tanış olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər ölkələrdə belə toplanışlar keçirilir. Ölkəmizdə əvvəllər də hərbi toplanışlar keçirilib. Bu, gələcəkdə də davam edəcək.
Ancaq sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar. Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da, bu məsələlər öz yerini tapar. Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə təşəkkür edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib”.
E.Həsənlinin sözlərinə görə, bölgələrdə hər gün onlarla insan təlimlərə getmək üçün müraciət edir:
“Baş redaktorlar, hərbi ekspertlər və digər ictimaiyyət nümayəndələri Səfərbərlik Xidmətinin fəaliyyətini çox yüksək qiymətləndirir. Qurum yarandığı gündən həm çağırış sistemində şəffaflıq gerçəkləşdi, həm də ehtiyatda olan qulluqçuların qeydiyyatı aparıldı. Hərbi qulluqçular hərbi ixtisaslar üzrə müəyyənləşdirildi. Məhz toplanışlar da həmin ehtiyatda olan hərbi qulluqçuların ixtisaslara bölünməsi nəticəsində asanlaşdı. Ehtiyatda olanların yaşadıqları, getdikləri yerlər, iş yerləri, hətta cib telefonlarına qədər hər şey öyrənilir. Bunun üçün xidmətin rayonlar üzrə şöbələrində bununla məşğul olan zabit və gizirlər var. Toplanışların və çağırışların həyata keçirilməsində ən böyük amil xalqımızın vətənpərvərliyidir. Buna görə də, gənclərimiz qısa bir müddətdə səfərbər oldular. Hətta Səfərbərlik Xidmətinin bölgələrdəki şöbələrinə hər gün onlarla, yüzlərlə müraciət olur ki, bizi niyə bu təlimlərə aparmırlar. Bir daha qeyd edim ki, müxtəlif ixtisasda olan hərbi qulluqçular bu prosesə cəlb olunur. Təlimə çağırılanlardan bəziləri deyir ki, ailələrimiz məlumatlandırılmayıb. Bütün təlimə çağırılanlara ailələri ilə əlaqə saxlamaq üçün şərait yaradılır. İctimai birlik olaraq, daim toplanışda olanlarla yaxından əlaqə saxlayırıq və görürük ki, onlarda böyük ruh yüksəkliyi var. Hərbi təşkilat olaraq, daim bu prosesləri izləyəcəyik. Dövlət və bayraq elə mövzudur ki, hər kəs bu barədə əlindən gələni etməlidir”.