Məktəblərdə koronavirusla bağlı açıqlama (RƏSMİ)
24-sen-2020Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında danışıb.
Xezer.info xəbər verir ki, şöbə müdiri Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” müvafiq qərar imzaladığını vurğulayıb.
N.Mürsəlova Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb. Şöbə müdiri qeyd edib ki, sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri” və Azərbaycanda COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
N.Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib: “Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur”.
Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan şöbə müdiri deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu barədə məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir: “Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməliyini vurğulayan Nəzifə Mürsəlova növbəti məsələyə keçib. Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub. Nəzifə xanım qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır”.
Şöbə müdiri təhsil müəssisələrində COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün həyata keçirilən profilaktik tədbirlər mövzusuna da vaxt ayırıb: “5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir”.
N.Mürsəlova xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb: “İlk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şağirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şağirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub. Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə “şahmat cədvəlinin” tətbiq olunması planlaşdırılıb. Bundan sonra Nəzifə xanım dərslərarası fasilələrin vaxtının uzadılması haqqında məlumat verib”.
Onun sözlərinə görə, fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub.
N.Mürsəlova fasilə müddətində sinif otağında pəncərələrin (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havasını mütəmadi dəyişdirilməli olduğunu vurğulayıb. Həmçinin yeməkxanaların fəalliyətinin dayandırılması da qeyd olunub. Təhsilalanların sinif otaqlarında qidalanması təşkil edilməli, hər bir valideynin uşağı məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olmalıdır.
Kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən şöbə müdiri bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub: “Gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır”.