21 saylı TSEK-in sədri saxta əlillə həqiqi əlili seçə bilmir
28-iyun-2016Rəfail Quliyev sağlam insanlara əlillik müavinəti almaqda necə köməklik göstərir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) vəziyyət düzəlmək bilmir ki, bilmir. Redaksiyamıza Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Rəfail Quliyevin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatda deyilir ki, Rəfail Quliyevin rəhbəri olduğu komissiyada asanlıqla əlillik dərəcəsi almaq mümkündür. Amma bunun müqabilində mütləq «şərt»lərə əməl etmək lazımdır: "Belə ki, 1-ci, 2-ci və 3-cü qrup əlillik dərəcəsinin əldə olunması üçün sədrlə birbaşa ünsiyyətdə olmaq lazımdır. O, nəyi necə etməyi vətəndaşlara başa salır və nəticədə saxta əlillik dərəcəsi almaq istəyənlərin tələbləri bir sıra yollara baş vurmaqla həll olunur. Yəni daha dəqiq desək, 1-ci qrup əlil dərəcəsi almaq üçün 2500 manat verilir. Əsil əlillər isə 1-ci qrup əlillik dərəcəsi əldə etmək üçün sədrə 2500 dəfə «minnətçi» düşməlidirlər. İşini qeyri-şəffaf quran TSEK sədri məhz beıə qanunsuz yollarla külli miqdarda gəlir əldə edir”. Mənbənin sözlərinə görə, bu haqda Tərtər və Bərdə rayonlarında hər kəs yaxşı bilir. Rəfail Quliyev, ekspertizadan keçən, xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incidir. O, bu hərəkətlərilə rəhbərlik etdiyi qurumda bazar açıb. Əldə edilən məlumatda deyilir ki, onun Bərdə rayonunda bir neçə mağazası, qoyunçuluq ferması, eləcə də Bakıda dəbdəbəli villası var. Bundan başqa Bərdənin çıxışında bu yaxınlarda tikintisinə başlanılan restoranın da TSEK sədrinə məxsus olduğu bildirilir. Görəsən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, xüsusən də nazir Səlim Müslümovun bundan xəbər varmı? Varsa, niyə ölçü götürmür? Yoxdursa, belə çıxır ki, Səlim Müslümov bu nazirliyi idarə edə bilmir. Mənbə iddia edir ki, 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasında yığılan pulların bir qismi yuxarı, yəni nazirliyə göndərilir. Belə olmasaydı, Rəfail Quliyev heç kəsdən qorxmadan rayonda ağalıq etməzdi və əsil əlillə yalançı əlili ayırd edərdi. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Conflict.az