ÜST-dən məktəblərin açılması ilə bağlı xəbərdarlıq: Mövcud epidemioloji vəziyyət dəyişə bilər
16-sen-2020Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması və qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirusla bağlı mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.
Xezer.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq deyiblər.
Nümayəndəlikdən bildirildiyinə görə, mövcud sübutlar göstərir ki, məktəblərin yenidən açılması epidemioloji vəziyyətə təsir edən əsas amil deyil:
“Uşaqlar virusun ötürülməsində rol oynaya bilərlər, lakin bu, məktəbdən daha çox sosial yığıncaqlarda baş verir. Məktəblər yenidən açılandan sonra orada lazımi qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Növbəti qrip mövsümü sürətlə yaxınlaşır. İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il bu məsələ daha böyük əhəmiyyət daşıyır, çünki tibb müəssisələrini və hazırda COVID-19-la mübarizə aparan tibb işçilərini böyük yük altında qalmaqdan qorumalıyıq”.