Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? – İDDİA
14-sen-2020Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyevin daha bir kadrının vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Qlobal.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə vəzifəsindən yaxın zamanlarda kənarlaşdırılacaq məmur Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur.
“Adil Məmmədov Ramiz Mehdiyevə yaxın kadrlardan hesab edilir. Belə ki, Ramiz Mehdiyev 1994-cü ildə Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə təyin edildikdən az sonra Oğuz rayonunda Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifəsində çalışan Adil Məmmədovun Oğuz rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə köməklik edib”.
Məlumatda deyilir ki, o zamandan indiyədək Ramiz Mehdiyev Adil Məmmədovu həmişə himayə edib: “Məhz Ramiz Mehdiyevin güclü himayəsinə görədir ki, Adil Məmmədov 26 ildir müxtəlif rayonlarda İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Adil Məmmədov hər zaman uğursuz və bacarıqsız icra başçısı kimi tanınıb. Oğuz, Biləsuvar, Qəbələ və Qobustan kimi rayonlarda başçı işləyən Adil Məmmədov bu 26 il ərzində çalışdığı heç bir rayonda müsbət mənada yaddaqalan iş görməyib. Adil Məmmədov hətta Ramiz Mehdiyevin dəstəyi ilə oğlunu Milli Məclisdə vəzifəyə təyin etdirib.”-deyə, bildirilir.