Gəncədə Səməd Vurğun adına 41 saylı orta məktəbdə kimlər "at oynadır"
14-sen-2020Demək, qeyd edəcəyim bu problemlə ötən ilin eynən sentyabr ayında da üzləşmişdim və bu ildə də eyni problemi yaşayıram. Hər il bu məktəbdə dərs bölgüsü gəldikdə böyük problemlərlə üzləşirəm.
Həyat yoldaşım 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Texnologiya" Ali Peşə İstiqaməti üzrə Bakalavr dərəcəsini bitirərək təyinatla adı çəkilən məktəbə göndərilib. Bu məktəbə digər başqa bir müəllim də Şəki Pedaqoji məktəbinin Əmək və rəsmxət müəllimi ixtisasını bitirərək fəaliyyət göstərir. Diaqnostik qiymətləndirməyə görə, digər hələ ki, adını çəkmədiyim müəllimə 4 bal artıq toplayıb. İndi bu 4 bal toplama ali təhsil alan müəllimi heç edib. Dörd il təhsil alan müəllim bir ixtisas üzrə ixtisaslı kadr olaraq təhsil aldığı halda, hansısa orta natamam təhsilli pedaqoji məktəb bitirən müəllim iki ixtisası necə diplomuna yazdırıb və ya bu iki ixtisasa necə yiyələnməsinin özü belə müammalıdır.
Belə bir vəziyyətdə ali təhsilli müəllimə 14 saat dərs yükü verirlər, orta natamam bir pedaqoji məktəbi bitirən müəllimə isə 17 saat dərs yükü. Burada hüquqi ardıcıllıq məktəb rəhbərliyi tərəfindən kobud surətdə pozulur. Diaqnostik qiymətləndirmə fərqi elə də böyük deyil ki, dərs saatlarının bölünməsində bu kimi amilləri əsas götürürsünüz. Əgər hər iki müəllim ali təhsil almış olsaydı, bəlkə də tutduğunuz əməlinizə haqq qazandırmaq olardı. Bu gün orta natamam ali təhsilli müəllimi Bakalavr dərəcəsində təhsil almış müəllimlə eyniləşdirmək nə dərəcədə ədalətlidir?
Bir də bu məktəbdə xüsusi bir ənənə də var. Dərs bölgüsü zamanı dərslərin necə bölünməsi müəllimlərdən gizlədilir. Məlum olduqda isə məktəbin Tədris işləri üzrə direktor müavini Həsənova Elmira Baba qızı vasitəsilə müəllimlər üz-üzə qoyularaq, dava-dalaşa bilərəkdən cəlb olunurlar. Məktəb direktoru Vüsalə Məhərrəmova isə sadəcə olaraq prosesə müdaxilə etmədən izləməklə məşğuldur.
Budurmu sizin obyektiv rəhbər nəzarətiniz? Gəncə şəhər 41 saylı orta məktəb bir natamam orta ixtisas təhsilli müəllimin və Tədris işləri üzrə direktor müavinin əlində oyuncağa çevrilib. Hələ məktəbin Tədris İşləri üzrə direktor müavini kimi çalışan Həsənova Elmira Baba qızının 2-ci qrup əlilliyi olduğu halda rəhbər vəzifəli şəxs qismində bu təhsil ocağında necə fəaliyyət göstərməsi də maraqlı faktlardan biri olaraq qalır.
Güman edirəm ki, Respublika Təhsil naziri hörmətli Emin Əmrullayev və Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev problemin aradan qaldırılmasında yardımçı olacaqlar.
Anar Burcəliyev
Qeyd: Müəllifin iddialarına görə sayt məsuliyyət daşımır. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.
Dominant.az