Şəbnəm Tovuzlunun baş bəlasına çevrilən icra başçısının kimliyi bilindi – İZLƏR ŞƏMKİRƏ APARIR
27-iyun-2016Bir müddət öncə mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda ilginc hesab ediləcək məlumatlar dərc edilmişdi.
Şəbnəm Tovuzlu MTN-ə niyə aparılıb?
Məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.
Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.
Mətbuatda kifayət qədər geniş səs-küy yaradan həmin məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə “ağıllandığı” barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.
İşləri icra başçısı korlayıb?
Bu xəbərlərdən dərhal sonra isə Şəbnəm Tovuzlu ilə bağlı daha bir şok məlumat ölkə mediasında dolanmağa başladı. Həmin məlumatda deyilir ki, Şəbnəm Tovuzlu rayonların birinin icra başçısı ilə sevgili olub. Daxil olan məlumatda o da qeyd olunur ki, bu icra başçısı əvvələr musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib. Famil adlı şəxslə Şəbnəmin aralarının pozulmasına da həmin icra başçısı ilə münasibəti səbəb olub. (7news.az). Bu məlumatı yayan sayt Şəbnəm Tovuzlu ilə sevgili olan həmin icra başçısının ailəli olduğunu nəzərə alaraq adını çəkməkdən vaz keçdiyini də qeyd edib.
Amma məsələnin böyük ictimai marağa səbəb olduğunu, həm də baş verənlərin hansısa icra başçısı ilə müğənninin şəxsi həyatı olmadığını nəzərə alaraq Savash.org olaraq adı gizli saxlanılan icra başçısının kimliyini araşdırmaq qərarına gəldik. Beləliklə…
Kimdir o məchul icra başçısı?
Savash.org mövzuyla bağlı araşdırmaya başlayarkən yumağın ucunu harada axtarmalı olduğunu bilirdi. Axı, yetərli olmasa da əlimizdə həmin icra başçısı ilə bağlı müəyyən məlumatlar vardı. Yuxarıda da qeyd olunduğu kimi həmin icra başçısı əvvəllər musiqiçi olub, toy .ənliklərində iştirak edib. Elə araşdırmaya da bu məqam üzərindən başladıq.
İnternet üzərindən apardığımız araşdırmalar nəhayət bəzi ipucları göstərməyə başladı. Yumağı çəkdikcə qaranlıqlar aydınlaşır və...
Bütün izlər Şəmkirə aparır...
Bəlkə də inanılmaz təsadüfdir, amma Şəmkirin icra başçısının həyat yolu ilə bağlı araşdırmalar Alimpaşa Məmmədovun həmin müəmmalı icra başçısına çox bənzədiyini ortaya çıxartdı. Bunu isə biz yox, Şəmkir RİH başçısı Alimpaşa Məmmədov haqda təxminən 1 il əvvəl yazılmış məqalədən etdiyimiz zəruri çıxarış deyir. Gəlin, həmin məqalədən bizə lazım olan hissəyə nəzər yetirək:
“Salyandan olan Alimpaşa Məmmədovun ulduzu bir toy məclisində musiqiyə xüsusi həvəsi olan vəzifə sahibi ilə görüşündən sonra parlayıb. Tamadalığı ilə yanaşı, ifaçılığı da olan icra başçısını yanına çağıran vəzifə sahibi onunla söhbət edib. A.Məmmədov isə fürsəti fövtə verməyib, ondan iş istəyib. Həmin toy şənliyində iştirak edən vergilər naziri Fazil Məmmədova tamadanın iş məsələsinin həll olunması tapşırılıb. Beləcə, A.Məmmədov vergilər sistemində ilk addımlarını atmağa başlayıb. Onun vergilər nazirinin inamını qazanmasının da maraqlı tarixçəsi var və maraqlıdır ki, bu dəfə də məsələ bir toy məclisində baş tutub. Qaynağımız deyir ki, nazirin də dəvətli olduğu toyda iştirak edən A.Məmmədov təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib. Nazirlə bir neçə dəqiqə üz-üzə oynayan A.Məmmədov masa arxasına dönəndən sonra kövrəlib. Ətrafdakılar bunun səbəbini soruşanda deyib ki, F.Məmmədovla rəqs etmək onun üçün şərəfdir və buna görə kövrəlib. Məsələ vergilər nazirinə çatdırılandan sonra F.Məmmədov körvələn işçisinin ona sadiq biri olması qənaətinə gəlib və beləcə A.Məmmədovun vəzifə pillələrində başgicəlləndirən yüksəlişi başlayıb. A.Məmmədov nazirin “vuran əli”nə çevrilib”.
Orasını da qeyd edək ki, Alimpaşa Məmmədov 8 oktyabr 2014-cü ildən Şəmkir rayonunun icra başçısı vəzifəsində çalışır.
Film kimi olayın digər maraqlı epizodları…
Qeyd edək ki, bir müddət öncə mətbuatda xanım müğənnilərdən birinin qadın alverinə görə saxlandığını və MTN-ə aparıldığını yayıldı. Həmin yazı dərc ediləndən sonra Qafqazinfo.az saytı MTN-ə aparılan müğənninin Şəbnəm Əsədova olduğu haqda xəbər tirajladı. Bundan sonra müğənni, onun prodüseri əvvəlcə məlumatı yalanlamağa çalışdılar. Amma ümumilikdə müğənninin evinin əlindən alınmasını, Famil adlı şəxslə problemlər yaşamasını təsdiqlədilər.
Savash.org bundan sonra bir-birini sürətlə əvəzləyən olayları yenidən oxucularının yaddaşında təzələməyə çalışıb. Beləliklə…
Şəbnəm Tovuzlu: “Qısqanclığa görə mübahisəmiz olmuşdu…”
Şəbnəm Əsədova daha sonra “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, xəbərlərdə adı hallanan Famil Xəlilov onun rəsmi nikahla əridi: “Bizim həm rəsmi nikah sənədimiz var, həm kəbinimiz. Yəni o adam mənim sevgilim deyil. Akif Çovdarvla da əlaqəsi ola bilər. Çünki iş adamıdı, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır”.
“Sizi Akif Çovdarovun kabinetində Familin qarşısında diz çöküb ondan üzr istəməyə, sizə hədiyyə etdiyi evi geri qaytarmağa məcbur etmələri barədə yazılanlar doğrudurmu” sualına Ş.Əsədova belə cavab verdi: “Famil mənim ərimdi, mən niyə onun qarşısında diz çöküb yalvarım?! Bizim aramızda qısqanclıq mövzusunda mübahisə olmuşdu, o da ötüb keçdi. Bəzən 20 ilin ailələrinin arasında bu cür mübahisələr, narazılıqlar yaşanır. Buna görə hamını MTN-ə aparıb sorğu-sual etmirlər ki...”
Bəs, müğənninin əri Famil kimdir?
Xanım müğənninin sponsoru olan (özünün iddiasına görə isə əri) Famil adlı şəxsin kimliyi də maraq doğurur. Bu məsələni isə musavat.com araşdırıb. Araşdırma zamanı məlum olub ki, Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib. Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər. “Evrostroy” tikinti şirkətində həmin vaxt S.İsayevlə Hacı Rafael Qarayev şərik olublar.
S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb. Aralarında mübahisə yaranıb. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda S.İsayevin A.Çovdarova müraciəti ilə nəticələnib.
MTN-ə sifarişlə apartdırılan təkcə Şəbnəm Əsədova olmayıb...
Qaynaq bildirib ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib. A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub. S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar. Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsyevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
Bundan sonra Şəbnəm Əsədovanın sponsoru Bakıda çoxmərtəbəli binalar tikən şirkətin şəriklərindən birinə çevrilə bilib. Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Onların Türkiyədə məskunlaşdıqları haqda da məlumat var. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun “Sipark” adlı oteli var. Şəriklərin Azərbaycanda qazanılan pullarla Dubayda çoxmərtəbəli bina tikintisi ilə məşğul olduqları və Azərbaycana dönmək fikirlərinin olmadığı haqda da məlumatlar var. Qaynağımızın verdiyi məlumatlardan belə aydın olur ki, bunun üçün şəriklərin ciddi əsasları var. Belə ki, onların başına gətirilən xoşagəlməz hallarla bir çox iş adamları da üz-üzə qalıblar. Şəriki Hacı Rəfael Qarayevdən savayı S.İsayevlə bu və ya digər formada narazılığı olan şəxslər Akif Çovdarovun idarəsinə aparılıb. Orada təhdid olunub. Bir çox şəxslərin isə “Evrostoy”un Həsən Əliyev küçəsindəki 7 mərtəbəli binanın zirzəmisinin “qonağı” olduqları da bildirilir.
Qızının toy günündə oğurlanan iş adamı…
Akif Çovdarovun qanunsuzluqları ilə üzləşənlərdən biri də Şiştəpəli iş adamı Vaqif Məmmədov olub. V.Məmmədov da vaxtilə Peterburqda bizneslə məşğul olub. Onun Famil Xəlilovla həmin dövrlərdən işgüzar münasibətləri olub. Bakıya gələndən sonra tikinti biznesi ilə məşğul olan V.Məmmədovu Şəmkirdəki məşhur “Həyat” şadlıq evində qızının toy mərasimindən çölə çağırılıb və başına torba keçirilməklə birbaşa Bakıya gətirilib. Akif Çovdarovla işbirliyində olan Famil Xəlilovun həmyerlisi Vaqif Məmmədovun yarım milyon manatı əlindən alınandan sonra onu azad ediblər. Bu məsələdə F.Xəlilovun rolunun nədən ibarət olması haqda konkret bilgiyə malik deyilik. Amma Akif Çovdarovla Famil Xəlilovun işbirliyində olması, Akif Çovdarovun F.Xəlilovun həmyerlisi V.Məmmədovu qızının toyundan oğurlatdıraraq yarım milyonunun əlindən alınması da müəyyən ehtimallar formalaşdırır...
Şəbnəm Əsədovanı “Edem”ə aparıb, danlayıblar…
Ş.Əsədovaya gəlincə isə onun MTN-də 4 gün saxlanıldığı haqda iddia var. Həmin 4 gün ərzində müğənniyə Famil Xəlilovun bağışladığı, Keşlə bazarı ilə üz-üzə “Qafqaz” MTK-nın inşa etdiyi binadakı 3 otaqlı mənzildən zorla imtina etdiriblər. Həmin mənzili isə Famil Xəlilovun adamı Abbas Həsənlinin adına rəsmiləşdiriblər. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir. Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib. Maraqlı məqamlardan biri də budur ki, Şəbnəm Əsədova MTN-ə aparılandan dərhal sonra bəzi saytlarda onun qadın alverçisi kimi həbs edilməsi xəbəri yayılıb. Bu gün də həmin xəbər saytlarda qalmaqdadır. MTN-dən azad edilən Ş.Əsədova həmin vaxt “Edem” restoranında olan S.İsayevin hüzuruna aparılıb. Orada müğənni ən sərt şəkildə danlanıb...
Savash.org