Qarabağ veteranından şok müraciət
27-iyun-2016Müstəntiq 2-ci qrup əlilin başına hansı oyunlar açıb?
Qarabağ veteranı, 2-ci qrup əlil Araz Cabbarov üzləşdiyi haqsızlıqla bağlı redaksiyamıza müraciət edib. Onun müraciətində kifayət qədər ilginc məqamlar var. Müraciəti olduğu kimi təqdim edirik:
"Bu ərizəmlə yazıb sizə bildirirəm ki, mən Qarabağ veteranı, 2-ci qrup əlil, öhdəmdə azyaşlı olduğu halda, 07.09.2014-cü il tarixdə 3 gün qeyri-qanuni olaraq Ağdam polis şöbəsində saxlanılmışam. Müstəntiq Pərviz Cəlilovun nəzarəti altında olmuşam və məndən də yaxınlarımdan da dəfələrlə pul tələb edib, qorxuzub.
Sonda da öz böhtançı yazılmış intintaq materiallarına əsasən 6 ay tutulmağıma səbəbkar olub. Ümumilikdə, vurduğu zərər böyük olsa da, əlbəəl məndən və yaxınlarımdan 7000 dollar pul alıb. Və bildirib ki, pulun çox az hissəsi ona çatır, qalanı Seyfəddin müəllimə və daha yuxarı gedir. Pulumu alsalar da məni tutdular. Buna mənim çoxlu şahid və sübutlarım var. Lazımi vaxtda, lazımi dövlət orqanlarına müraciət etsəm də, heç bir tədbir nəinki görülməyib, əksinə mənim sakit olmadığım halda tutulmağımla hədələnmişəm. Çoxlu sayda ünvanlanmış məktublarım cavabsız, şahidlərin ifadələri isə dəyərsiz qalıb. Xahiş edirəm ki, bu məsələnin obyektiv araşdırılmasına şərait yaradasınız və mənə vurulmuş ziyanın ödənilməsinə köməklik göstərəsiniz və “bizə heç nə edə bilməzsən” deyən dövlət məmurlarının özbaşınalığına hüquqi qiymət verəsiniz".
Nyus.Az