Nazir yeni silahlardan danışdı: "Düşmən artilleriyası 3 saatda artıq..." - VİDEO
27-iyun-2016"Mən bir nazir kimi deyə bilərəm ki, təlimlər yüksək səviyyədə keçdi və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir".
Bunu ANS TV-nin "Hesabat" verilişində müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Təlimlərdə sınaqdan keçirilən yeni silah-sursat növlərindən danışan nazir aprel döyüşlərindən sonra ölkə başçısının tapşırığına əsasən yeni tədbirlər planının həyata keçirilməsi ilə bağlı göstəriş verildiyini və həmin plana uyğun işlərin görüldüyünü qeyd edib.
Zakir Həsənovun sözlərinə görə, prezidentin göstərişinə əsasən alınan müasir silah-sursat, avadanlıq və texnikanın bir hissəsi ordunun istifadəsinə verilib.
"Yeni silah-sursatı biz bu təlimlərdə sınaqdan keçirdik və bu silahların effektivliyini gördük",- deyə nazir əlavə edib.
"Ümumiyyətlə, keçirilən təlimlər irimiqyaslı təlimlərdir. Biz bu təlimlərin yalnız bir qismini burda gördük. Bu təlimlər həmçinin Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə keçirildi. Həm poliqonlarda, həm də dənizdə təlimlərə davam edir və bu təlimlərə təbii ki, yüksək vəzifəli şəxslər nəzarət edir. Bütün nöqsanlar qeyd edilir. Bu nöqsanlar ümumiləşdiriləcək. Gələcək təlimlərdə bütün nöqsanları aradan qaldıracağıq",- deyə Zakir Həsənov qeyd edib.
Nazir bildirib ki, prezidentin Silahlı Qüvvələr qarşısında qoyduğu bütün tapşırıqlar yüksək səviyyədə həyata keçirilir. Günü-gündən ordu təkmilləşir, silah və texnikadan istifadə etməklə hədəfləri məhv edir.
"Biz son islahatların nəticələrini döyüşlərdə də gördük və indi də təlimlərdə görürük. Bu gün gördük ki, ordumuz müasir döyüş aparır, havadan dəstək alırdı. Topçularımızı xüsusi qeyd etmək istərdim ki, son döyüşlərdə bizim topçular yüksək nəticələr göstərdilər. Düşmən artilleriyası 3 dəqiqədən çox işləyə bilmirdi",- deyə Zakir Həsənov bildirib.
Daha sonra əsgərlərin, intihar və ya ehtiyatsızlıqdan ölməsi faktlarına, toxunan Zakir Həsənov bu halların kəskin şəkildə azaldığını və bunun birdəfəlik aradan qaldırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.
"Bu kimi hallar ailə problemləri ilə əlaqədardır. Biz bu halları təhlil edir və qarşısının alınması üçün tədbirlər görürük. Bir yerdə nöqsan aşkarlanıbsa, digər yerlərdə də həmin nöqsanın yaranmasının qarşısını alırıq. Mən hesab edirəm ki, əgər biz istədiyimiz şəraitdə tərbiyə işini tətbiq etsək bu
hallar bir az da azalar. Əminəm ki, biz gələcəkdə bu məsələni tam həll edəcəyik".