Qarabağ bəlası, yaxud Azərbaycanın xilası
03-sen-2020Zaman keçdikcə son 30 il yaşadığımız tarix, sanki durulub şəffaflaşır, yeni həqiqətləri ortaya çıxarır. Aydın olur ki, əvvəllər yalnız acı faciə kimi qəbul etdiyimiz hadisələrin ağrı-acısı ilə yanaşı bizdən ötrü fəzilətləri də var imiş. Doğrudan da ermənilər bu fitnə-fəsad, təcavüz planına əl atmasaydılar, Azərbaycan xalqının bu gün aqibəti necə olardı?
Dünyaya ağalıq edən Qərbin xristian ölkələrində möhkəm dayaqları olan ermənilərə Kreml də hərtərəfli himayədarlıq edir. Xarici maliyyə mənbələri üzlərinə açıq, diasporlarının valyutası bol, elə Azərbaycanın özündə ən “yağlı” vəzifələrdə yerləşmiş xəyanətkarların pul-vəsait sarıdan imkanları olduqca böyük idi. Təbii ki, sovet totalitar dövlət modelinin dağılması, liberal iqtisadi sistemə keçid zamanı ölkənin bütün aktivləri (zavod-fabrik, torpaqlar, təbii sərvətlər, o cümlədən neft-qaz və s.) erməni zümrəsinin əlinə keçəcəkdi. Qanuni, rəsmi notarial qaydada möhürlənib onların mülkiyyətinə çevriləcək, azərbaycanlılar isə, ən yaxşı halda, qul-qaravaş vəziyyətinə düşəcəkdilər.
Parlamentdə güclü mövqe tutaraq, həm daxili, həm xarici siyasi proseslərə da təsir etmək onlara çətin olmayacaqdı. Yəni, Koçaryan-Sarkisyan tipli kəslər bizim Milli Məclisin rəyasət heyətində əyləşəcəkdi. Xoşbəxtlikdən bu acgöz millət Azərbaycandan bir qədər də torpaq qoparıb Ermənistana qatmaq məqsədilə, Dağlıq Qarabağda separatizmi qızışdırıb ixtişaşlar törətməyə, muzdlu hərbi dəstələrdən istifadə etməklə işğal əməliyyatına başladı. Bu səbəbdən Azərbaycanı səssiz-küysüz, sakitcə, körlü-köməcli ələ keçirmək onlara müyəssər olmadı.
Azərbaycan xalqı, sanki qəflət yuxusundan oyanıb öz Vətəninin müdafiəsinə qalxdı və nəticədə ölkənin əsas vilayətləri və paytaxtını burada yaşayan ermənilər tərk etməli oldular. Nahaq deyilməyib ki: “sən saydığını say, gör fələk nə sayır”. Bu gün azad, müstəqil ölkəmizin 80% ərazisi nankor və xain toplumdan təmizlənib. Ermənilərdən başqa bütün çoxmillətli Azərbaycan xalqı öz Vətənində, öz mülkiyyəti, torpağı, öz kəndinin, evinin tam hüquqi yiyəsi, sahibidir.
Digər tərəfdən, Dağlıq Qarabağda ermənilərə “milli müstəqillik” tələbini bayraq edənlər təbii ki, Ermənistanda yaşayan azərbaycanlıların da belə hüquq tələb etməsinə imkan verə bilməzdilər. Bu səbəbdən ilk olaraq yerli azərbaycanlı əhalini (təxminən, 300 000 nəfər) zorakılıq və qəddarlıqla təqib etməklə Ermənistandan kütləvi şəkildə, tez bir zamanda qovmağa qərar verdilər. 1988-89 ilin payız-qış aylarında həyata keçirilən bu vəhşi plan nəticəsində minlərlə insan, ilk növbədə qocalar, qadınlar, uşaqlar qarlı çovğunlu çöllərdə, dağ cığırlarında həyatını itirdilər. Daşnaklar (erməni faşistləri) xof-təlaş yaratmaq məqsədilə yüzlərlə mülki insanı terrorla qətlə yetirdilər.
Ermənilər müharibəyə başlamasaydı, onsuz da azərbaycanlılardan öz ərazisini təmizləyəcəkdi. Amma buna hüquqi don geydirmək yolu ilə: təzyiqlə, təqiblə, məhkəmələrlə ev-eşiklərini dəyər-dəyməzə satıb ölkədən getməyə məcbur edəcəkdilər. İndiki halda isə Ermənistandan qanunsuz qovulanlar əmlaklarını itirsələr də, təcavüzkar dövlətə qarşı beynəlxalq məhkəmədə kompensasiya iddiası qaldırmaq hüququnu özlərində saxlaya biliblər.
İkinci ən vacib məsələ: - Qarabağ savaşı milli özünüdərk prosesini kəskin şəkildə sürətləndirdi. Tarixi araşdırmaların miqyası sıçrayışla artdı və bu istiqamətdə işlər davam edir. Milli-mədəni sərvətlərin “patentləşməsi” və dünyaya tanıdılması geniş vüsət aldı. Xalça, muğam, mətbəx, digər bir sıra sənət-yaradıcılıq nümunələrinin Azərbaycana məxsusluğu təsbit olundu, möhürləndi. Milli ruhun dirçəlişi idman meydanlarında, beynəlxalq səviyyəli yarışmalarda, olimpiadalarda özünü göstərdi: dəfələrlə bayrağımız ucaldı, himnimiz səsləndi. Bir sözlə, özünüqoruma instinkti milləti passionar vəziyyətə köklədi.
Qarabağ “tufanı” erməniləri süpürüb kənara atmasaydı mədəni sərvətlərimiz daha asanlıqla erməniləşdiriləcək, içərimizdə dəstə-dəstə “Əylisli”lərə düşmən “Daş sayaqlamalar” yazdıraraq, tariximizi qaralayıb məhv edəcəkdi.
Üçüncüsü; - arxalı, qəvi düşmənlə ölüm-dirim mücadiləsi güclü ordu yaratmağı labüd etdi; bu gün ölkəmiz tutarlı hərbi qüvvəyə malikdir və bu sahədə işlər durmadan davam etdirilir. Qarabağ bəlası aydın göstərdi ki, heç kimə bel bağlamaq olmaz, yalnız öz gücümüzə güvənməli, öz imkanlarımıza əsaslanan təhlükəsizlik sistemi qurmalıyıq. Bu səbəbdən milli müdafiə sənayemizi yaratdıq və uğurla onu inkişaf etdiririk. Texnologiya və hazır hərbi texnikanı ən müxtəlif ölkələrdən əldə edirik: bir yerdən əlimiz üzülsə o biri mənbədən silah-sürsat ala bilək (məs. Rusiya “iskəndər”lərinə qarşı dərhal “polonez”lər alındı Minskdən). Qarabağ dərsləri bizim tam müstəqil olmağımızı qaçılmaz etdi.
Azərbaycanda hamıya aydındır ki, ermənilər sadəcə alətdir. Onları üstümüzə qısqırdan nəhəng - Rusiya, ABŞ, Fransa və bir sıra digər qüvvələrə qarşı biz müqavimət göstərməkdəyik. Ölkəmiz əleyhinə yönələn güclü bu mütəşəkkil basqılar xalqın toparlanmasına, daxili siyasi iddiaların dondurulmasına və cəmiyyətin vahdədləşməsinə səbəb oldu. Bir sözlə, Qarabağ kimi birlik platforması göydən bizə nazil olub, - desək, yanılmarıq. Amma buna ideoloji strategiyanın ilk mərhələsi kimi baxmaq gərəkdir.
Qarabağ uğrunda savaşın məqsəd və məramları artıq genişlənməlidir. Düşmən özü yeni əsaslar verir bunun üçün: Ermənistan hakimiyyəti bu gün Qaregin Njde, Dro, M.Melkonyan və s. bu kimi faşist və terrorçulara abidələr ucaldır, irqçiliyi dövlət ideologiyasına çevirib. Prezident İlham Əliyevin “artıq hücum taktikasına keçməliyik”- tezisinə bundan daha uyğun məqam ola bilərmi? Belə həyasızlıqla irqçiliyə sitayiş edən dövlətlə hər hansı danışıqlar aparmaqdan imtina edilməlidir.
Biz artıq Sovet İttifaqı tərkibinə salınanda mövcud olan, yəni ADR-dən miras qalan (114000 kv. km.) ərazinin bərpasını hədəf götürməliyik. Tarixdən silinib itmiş SSRİ-nin haqsız qərarları da heç olub. Riyakar Kremlin bəhanələrlə torpaqlarımızı hissə-hissə ərkəsöyün Ermənistana hədiyyə etməsi ifşa olunmalı və bu ərazilərin qaytarılması, ən azı, təzyiq vasitəsinə çevrilməlidir. Hərbi döyüşlər baş verdiyi təqdirdə biz bu əraziləri özümüzə qaytarmalıyıq. Ələlxüsus ona görə ki, Ermənistan bizim sərhədləri tanımaq istəmir, deməli, onun da sərhədlərini tanımamağa tam əsas verir.
Ermənistanı bir dövlət kimi maksimal dərəcədə zəiflətmək uzunmüddətli milli strategiyaya çevrilməlidir. Təxminən, son 200 illik tarix göstərdi ki, erməni etnosu nə yaxşılıq, nə xeyirxahlıq başa düşür. Belə insanlarla qonşu olmaq çətin, daim problemli məsələdir. Gələcək nəsillərimizin sülh və rifah şəraitində yaşamasını təmin etmək naminə Ermənistanın çoxmillətli, multikultural və federal, 4-5 muxtar vilayətə bölünmüş ölkə olması zəruridir. Əlbəttə, bu, uzun vaxt tələb edən strategiyadır, lakin lazımı proqram əsasında addım-addım məqsədə nail olmaq mümkündür.
Qeyd edək ki, bizi gözü götürməyən qüvvələr Azərbaycanı dilim-dilim bölüb yox etməyə çalışıb. Bizim yerimizdə başqa birisi olsaydı, bəlkə də çoxdan əzilərdi, lakin milli xüsusiyyətimizi düşmən tərəf yaxşı hesablamayıb. Təxminən, 10 il əvvəl tanışım, İsveç xarici işlər nazirliyində Qafqaz və Orta Asiya üzrə məsləhətçi - Torqni Hinnemo ilə söhbətdə ona belə misal çəkdim, dedim: “Sizə elə gəlir ki, azərbaycanlılar mülayim, təvazökar, “sözəbaxan” plastilin kimi kütlədir. Amma səhv edirsiz. Bizim xalqın təbiəti suya bənzəyir. Yumşaqdır, istənilən formanı qəbul edə bilər. Lakin unutmayın ki, qidravlik preslər su ilə işləyir, çünki su müqavimətə ən davamlı materialdır”.
Doğrudan da, belə olmasaydı, təxminən, 3 min illik tarixdə qala bilərdik? Çox uzağa getməyək, təkcə Xilafət dövrünü, Babək hərəkatını yada salaq. Azərbaycana o vaxtlar nə qədər ərəb qəbilələri köçürülüb, bu gün yalnız yer adları buna şahidlik edir. Onlar içimizdə assimilyasiya olunub, əriyib, xalqımızın üzvi tərkib hissəsinə çevrilib. Əminliklə deyə bilərik ki, ölkəmiz Qarabağ sınağından da qalibiyyətlə çıxaraq, Humay quşu kimi yenidən dünyaya pərvazlanacaq.
İsmayıl Vəliyev