"İctimai nəqliyyatda bahalaşma gözlənilir"
03-sen-2020"Xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir".
Dominant.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin, "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" - fikirlərinə münasibət bildirərkən deyib.
Q.İbadoğlu qeyd edib ki, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir: "Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun. Odur ki, bilin ki, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında".