Britaniyanın yeni Baş naziri olacaq adam əslən türk çıxdı
27-iyun-2016Gənclik illərində Sultan İkinci Əbdulhəmid tərəfindən bir neçə dəfə sürgünə göndərilən Əli Kamal, 20-ci əsrin əvvəlində Londona yerləşmiş, 1903-cü ildə burada Vilfred Brun adında bir ingilis xanımla evlənmiş və bir qızı olmuşdu
Böyük Britaniyanın (BB) baş naziri Devid Kameron istefa verəndən sonra, oktyabr ayında onun yerinə gəlməsi gözlənilən Boris Consonun türk olan böyük babası ilə əlaqədar sənədlər nəşr edilib. BB-nin Avropa İttifaqından (Aİ) ayrılma qərarından sonra Kameron istefa verəcəyini açıqlayıb.
Tarixçi Murat Bardakçı Kameronun yerinə gəlməsi gözlənilən Boris Consonun soyunun, Osmanlıda milli mübarizəyə qarşı çıxması ilə tanınan jurnalist Əli Kamala söykəndiyini yazıb.
Böyük Britaniyanın Avropa İttifaqından ayrılması üçün ən çox səy göstərən siyasətçilərin başında gələn Boris Consonun oktyabr ayında Baş nazir olacağı ehtimalı yüksəkdir. Tam adı Aleksandr Boris də Pfefel Conson olan Boris Conson, milli mübarizəyə qarşı çıxması ittihamı ilə, Türkiyənin İzmit şəhərində 1922-ci ilin 6 noyabrında, mühakimə edilmədən öldürülən, Türkiyə mətbuat tarixinin ən məşhur publisistlərindən olan jurnalist Əli Kamalın nəvəsinin oğludur.
Gənclik illərində Sultan ikinci Əbdulhəmid tərəfindən bir neçə dəfə sürgünə göndərilən Əli Kamal, 20-ci əsrin əvvəlində Londona yerləşmiş, 1903-cü ildə burada Vilfred Brun adında bir ingilis xanımla evlənmiş və bir qızı olmuşdu.
Əli Kamal 1908-ci ildə İkinci Hökumətin dövründə İstanbula döndü. “İkdam” qəzetində yazmağa və universitetdə dərs verməyə başladı. Güclənən İttihad və Tərəqqi Partiyasını amansız şəkildə tənqid edirdi. Bir il sonra baş verən 31 mart üsyanından sonra yenidən sürgünə getmək məcburiyyətində qaldı və İngiltərəyə, arvadıyla qızının yanına döndü.
Müxalif jurnalisti artıq daha çətin günlər gözləyirdi. Həyat yoldaşı Vilfred 1909-cu ilin sonunda bir oğlan dünyaya gətirdi. Uşağa Osman Kamal adını verdilər, amma ana, doğumdan qısa bir müddət sonra həyatını itirdi. Əli Kamal, qızı və yeni doğulmuş oğlu və qayınanası Margaret Brun üç il ərzində Vimbledonda maddi çətinlik içərisində yaşadılar.
Bir ara uşaqlarını nənələrinin yanında qoyaraq BB-nin cənubundakı Bournemouth qəsəbəsinə köçən Əli Kamal 1912-ci ildə İstanbula döndü və ikinci dəfə evləndi. Yeni həyat yoldaşı, topxana naziri Zeki Paşanın qızı Sabiha xanım idi. Əli Kamalın 1914-cü ildə bu evlilikdən doğulan və Zeki adını verdikləri oğlu daha sonra Kuneralp soyadını alacaq və respublika dövrü Türkiyəsinin çox əhəmiyyətli bir diplomatı olacaqdı. Boris Consonun ailəsinin faciəli əhvalatı isə, Əli Kamalın 1912-ci ildə Londondan İstanbula dönməsiylə başladı.
Əli Kamalın BB-də nənələrinin yanında böyüyən uşaqları sonrakı illərdə BB vətəndaşı oldular və Kamal adını dəyişərək nənələrinin soyadı olan Consonu aldılar. Osman Kamal, Osman Vilfred Conson oldu və Irene Villiams adlı bir xanımla evləndi. Bu evlilikdən 1940-cı ildə dünyaya gələn oğlu Stanley Patrick Conson 1979-1984-cü illər arasında Mühafizəkar Partiyadan deputat seçiləcək və BB-nin tanınmış bir yazıçısı olacaqdı.
Yeni baş nazir olması gözlənilən Boris Conson, Əli Kamalın nəvəsi Stanley Consonun dörd nəvəsindən biridir. Əli Kamal 5 avqust 1910-cu ildə Parisdə yazdığı bir məktubu İttihad və Tərəqqinin maliyyə naziri olan və 1926-cı ildə edam edilən Cavid Bəyə göndərmiş və İngiltərədəki qayınanasının çəkdiyi maddi çətinlikləri izah edən məktubları da öz yazdığına əlavə etmişdi. Jurnalist “iki ciyərparəm” dediyi uşaqlarını yaşlı nənələri ilə birlikdə “küçə ortasında buraxdığını” söyləyir və Cavid Bəyin vasitəçiliyi ilə borc pul istəyirdi.
İstanbulda sahib olduğu kiçik bir evin satılmasından sonra, Cavid Bəydən xahiş edib ki, bir Sərrafın ona 3 min frank borc verməsi üçün vasitəçilik etsin. Məktubda sözügedən “ciyərparə”lərdən biri, Boris Consonun adını daha sonra Osman Vilfred Conson edən babası Osman Kamal, digəri də onun bacısı, yəni Boris Consonun adını bilmədiyimiz böyük bibisidir. (Sputnik)