Azərbaycanda ilk dəfə olaraq daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri araşdırılıb
01-sen-2020“Gələcəkdə öz regionlarına qayıtmaq üçün respondentlər bir neçə səbəbi vacib hesab edib .”
Bunu Dominant.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov bildirib.
O qeyd edib ki, Azərbaycanda ilk dəfə daxili miqrasiyanın sosial aspektlərini, səbəb və nəticələrini öyrənən Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” analitik hesabatı dövlət, ictimai təşkilatlar və elmiaraşdırmalar üçün əhəmiyyətli material hesab oluna bilər:
"Ümumi olaraq, sosial sistemlərdə təbii uyğunlaşma prosesi kimi könüllü miqrasiyanın müsbət cəhətləri qeyd edilməlidir. Bu hallarda istehsalın məhsuldarlığı daha da artır və əmək qabiliyyətinin məkanlar üzrə paylanması yenidən təşkil edilir. Bununla da sosial struktur və qurumlar arasında nisbi balans təmin edilir. Ancaq bu proses bütün ölkələr və şəhərlər üçün mütləq olaraq eyni müsbət nəticəni vermir. Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı tədqiqatı çərçivəsində apardığı sorğu zamanı respublika üzrə vətəndaşların doğulduğu yerdən ilk köçdükləri orta yaş dövrünün 23 yaş olduğu müəyyən edilib. Ümumiyyətlə, STM tərəfindən aparılan bu tədqiqatda Azərbaycanda ilk dəfə olaraq, daxili miqrasiyanın səviyyəsi, əhalinin daha çox köç etdiyi yaş dövrü, onun səbəbləri, sosial, siyasi və iqtisadi aspektləri araşdırılaraq təqdim edilir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranan məcburi köçkünlük ölkə üzrə miqrasiya prosesini mürəkkəbləşdirib. DSK-nın məlumatına əsasən, Azərbaycan Respublikası əhalisinin sayı son 100 ildə (1919-2019) 5,2 dəfə artaraq 1 milyon 952 miyon nəfərdən 2019-ci ildə 10 milyon 67 min nəfər olub. Ölkə əhalisinin artım tempi sovet dövrünə nisbətən aşağı düşüb. Əgər müstəqllik illərinin ilk dövründə əhalinin illik orta artım tempi 1,5 faiz təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 0,8 faizə düşüb. Kənd yerlərində əhalinin artım səviyyəsi şəhər yerinə nisbətən daha yüksəkdir. Hazırkı dövrdə bütün sahələrdə olduğu kimi, əhalinin demoqrafik davranışlarında da qloballaşma prosesi getməkdədir. Bu, dünyanın demək olar ki, bütün bölgələrində davam edir. Buna baxmayaraq qeyd etmək lazımdır ki, əhalinin sayının artım tempinə görə Azərbaycan dünya ölkələri arasında hələ də irəlidə gedən dövlətlərdən biridir. Xüsusilə qeyd edək ki, son 120 il ərzində ayrı-ayrı dövrlərdə Azərbaycanın başına gələn fəlakətlər nəticəsində verdiyi böyük əhali itkilərinə baxmayaraq, burada əhalinin sayı yetərincə yüksək templə artaraq 1897-ci ildəki 1 milyon 807 min nəfərdən 2019-cu ildə 10 milyon nəfərə çatmışdır. Başqa sözlə, bu dövrdə Azərbaycan əhalisinin sayı 5,5 dəfə artmışdır. Müqayisə üçün qeyd edək ki, eyni dövr ərzində Rusiyanın əhalisi 2,1 dəfə, Ukraynanın əhalisi 1,6 dəfə, Gürcüstanın əhalisi 2,6 dəfə, Ermənistanın əhalisi 3,8 dəfə, keçmiş SSRİ ərazisində yaşayan əhali 2,3 dəfə, dünya əhalisi isə 4 dəfə artmışdır. Lakin Azərbaycanda demoqrafik artıma təkan verən əsas amillərdən biri başqa ölkələrdən gələn miqrantlar olub”.
Daxili miqrasiyanın sosial aspektlərini təhlil etmək üçün STM tərəfindən aparılan dərinləşdirilmiş müsahibələrdə 66 respondentin iştirak etdiyini vurğulayan Tural İsmayılov qeyd edib:
"Doğulduqları yeri tərk etməyin əsas səbəbi kimi respondentlərin 55,5%-i iş məsələsini, 24%-i təhsil, 14%-i evlilik amilini göstəriblər. Ümumiyyətlə, sorğu zamanı məlum olub ki, qadınların birbaşa miqrasiyası kişilərə nisbətən daha az müşahidə edilir. Qadınlar ya ailə quraraq doğulduqları yeri tərk edir, ya da ailə başçısının işi ilə əlaqədar başqa yerə köç edirlər. Sosioloq və psixoloqlar da öz tədqiqatlarında miqrasiya prosesində gender və yaş amillərinin fərqli təsirə malik olduğunu qeyd edirlər.”
“Gələcəkdə öz regionunuza (doğulub böyüdüyünüz kənd/şəhər/qəsəbəyə) geri qayıtmaq istərdinizmi?” sualına respondentlərin 45,7%-i müsbət cavab verib. Lakin geri qayıtmaq istəyən respondentlər bunu iş və yaşayış imkanlarının genişlənəcəyi təqdirdə mümkün olacağını bildiriblər. Yəni mövcud durumda geri qayıtmağa motiv demək olar ki, yoxdur. Respondentlər istər doğulduqları, istərsə də hazırda yaşadıqları yerlərdə özlərini rahat və təhlükəsiz hiss etdiklərini bildiriblər. Bəzi respondentlər könüllü şəkildə bir yerdən digər yerə köç etsələr də, onların gözləntiləri özünü doğrultmayıb (24.4%), bəziləri üçün isə həyat şəraiti daha da pisləşib.
Tədqiqat qrupunun apardığı hesablamalara görə, 2018-ci ildə Şəki-Zaqatalanın şəhər və qəsəbələrində yaşayan əhali ümumi əhalinin 35%-ni təşkil edib. Bu da DSK-nın rəsmi statistikası ilə (28%) müqayisədə 7% yüksəkdir, həm də iqtisadi rayon üzrə kəndlərdən şəhərə doğru yüksək miqrasiya axınını sübut edir. Eyni zamanda, Şəki-Zaqatalada ali təhsil məktəbinin yerləşməsi urbanizasiyaya müəyyən qədər təsir göstərir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bu təhsil ocaqları daha çox Azərbaycan Dövlət Pedaqoji Universitetinin filiallarıdır. Qeyri-pedaqoji təhsil almaq üçün gənclər Bakı, Sumqayıt, Mingəçevir və Gəncəyə gedirlər. Zaqatalanın 5, Şəkinin 5, Oğuzun 5, Qaxın 13, Qəbələnin 7 kəndində yaşayan əhalinin sayı minimum həddə düşüb. Tədqiqat qrupunun gəldiyi qənaətə görə, bu gün Bakıda təqribən 3 milyon nəfərə yaxın insan daimi yaşayır. Eyni zamanda 500 mindən çox insan paytaxta qısamüddətli (buraya gündəlik iş, məhsullarını bazara çıxarmaq və təhsil almaq üçün Bakıya gələnlər daxildir) giriş-çıxış edir ki, buna “rəqqasvari” miqrasiya deyilir. Bütün dünyada olduğu kimi, Bakı aqlomerasiyasında da əhalinin həddindən çox toplanması bir sıra ekoloji problemlərə gətirib çıxarır: hava çirklənməsi, su çatışmazlığı, tıxac, tektonik aktivlik, ictimai təhlükəsizlik və s. Ona görə də şəhər planlanması öncədən hazırlanmalıdır. Bu zaman əhalinin şəhərdə bərabər paylanması ilə qarşıya çıxan problemləri həll etmək olar", - deyə həmsöhbətimiz əlavə edib.
Tural İsmayılov qeyd edib ki, sorğu nəticəsində Mərkəzin sosioloqları müəyyən nəticələrə gəliblər:
“Sosial Tədqiqatlar Mərkəzinin apardığı “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı tədqiqat nəticəsində gəlinən ən ümumi qənaətlərdən biri budur ki, müstəqillik illərində Azərbaycanda daxili miqrasiyanın tempi artıb. Daxili miqrasiyanın bütün növlərində: 1.rayonlararası; 2.bölgələrdaxili; 3.şəhər-kənd arasında; və 4.əmək miqrasiyası kimi istiqamətlərində itensivləşmə müşahidə edilib. Azərbaycanda əsas kapital qoyuluşunun 63 %-nin paytaxta yönəlməsi daxili mirqasiyanın qeyri-bərabər istiqamətlənməsinə yönəlib ki, bu da Bakını maksimum həssas şəhərə çevirib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan, regionların sosial-iqtisadi, ictimai və mədəni həyatında mühüm tədbirlər həyata keçirən "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) fəaliyyəti də vurğulanmalıdır. RİİB bölgələrdə sosial biznes layihələrinin reallaşdırılması, ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətləri və təkliflərinin araşdırılması, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində yerlərdə əhalinin problemlərinin həlli istiqamətində faydalı işlər görür. Məsələn, RİİB-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s.) əhatə edən intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. “Sosial bağlar” layihəsi çərçivəsində təkcə son aylarda 400-ə yaxın ailə üçün intensiv meyvə bağları salınıb.”
Qeyd edək ki, sorğunu “stm.az” saytının “Azərbaycan Barometri” bölməsindən endirmək mümkündür.