5-ci kalonda toy - Hələ səsi sonra çıxacaq
22-avq-2020Hakimiyyət yeri gələndə radikal qərarlar və sərt cəzalar olmadan idarə oluna bilməz. 1993-cü ilin yayında Azərbaycan cəmiyyəti hakimiyyətə qarşı gələn qüvvələrin zamanında cəzalandırılmamasının acı nəticələrini görüb və bu gün yaşadıqlarımızın kökü elə həmin günlərə dayanır. Bu səbəbdən uzun illərdir Azərbaycanın boğazında tıx kimi ilişib qalmış Ramiz Mehdiyev ailəsinin karantin qaydalarını pozduqlarına görə məhkəmə qaydasında cəzalandırılması vacib addım idi.
Sözsüz, Ramiz Mehdiyevin hökumətin martdan gördüyü tədbirlərə vurduğu zərbənin qarşısında kürəkəninin 15 sutka həbs edilməsi çox yumşaq cəzadır. Bölgələrdə xeyir, şər mərasimi keçirənlərə yüksək cərimələr, 30 sutkalıq həbs cəzaları verilirsə, Mehdiyevlərə ayrıcalıq tanınmamalıydı. Ancaq... bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəflərinin səsi sonra çıxacaq. Necə deyərlər, toy indi başlayır.
Azərbaycanda iqtidardaxili və hakimiyyətlə vətəndaş arasında gərginlik yaradan “nəvə toyu” bir daha onu göstərir ki, ölkədə təbəqələşmə ifrat həddə çatıb. Uzun illər hakimiyyətdə təmsil olunanlar qanunları ayaq altına atmaqdan çəkinmir, özlərini ali irq kimi aparırlar. Belə olmasaydı, vəzifədə olanlar və olmayanlar Ramiz Mehdiyev ocağının başına pərvanə kimi fırlanmazdılar.
Keçmiş deputat, Administrasiya rəhbərinin kürəkəni İlham Əliyevin qolları qandallanana qədər çoxları məsələnin bu qədər ciddi olacağına inanmırdı. Hər zaman özəl münasibət, xüsusi imtiyaz sahibi olan Ramiz Mehdiyevin xoş günündə belə sındırılması, rəsmən “məhbus ailəsi” statusu ilə “şərəfləndirilməsi” çoxlarına hələ də röya kimi gəlir. Hətta bunu açıq yazanlar da var. Biri Azərbaycanın rusdilli mediasının başında gedən Haqqın.az-ın baş yazarı Eynulla Fətullayev.
Ailə qurmaq məqsədilə düzənlənən, amma hakimiyyəti içəridən silkələyən toyu FB səhifəsində şərh edən Fətullayev baş verənləri qorxulu yuxuya bənzədir, daha sonra yazır ki, Ramiz Mehdiyevin kürəkənini qandallamaq Stalinin oğlunu həbs etməyə bərabərdir... Maraqlıdır, Prezident Administrasiyasının artıq keçmiş rəhbərini Eynulla Fətullayev niyə əcinə kimi təqdim edir? Bildiyimiz qədərilə, nə Mehdiyev dövlət başçısıdır, nə güc strukturları AMEA-ya tabedir. O zaman Mehdiyev niyə Stalin olsun ki?
Maraqlı tendensiya həm də odur ki, indi yalnız hakimiyyətə yaxınlığı ilə tanınan media quruluşları deyil, üzdə olan siyasilər də Mehdiyevlərin toyu haqqında ehtiyatla danışırlar. Havada tutduqları xəbərləri sağına-soluna tirajlayanların səsi çox yavaşdan gəlir. Milli Şura və çevrəsindəki media resurslarının çoxu da sözügedən toyu yumşaq desək, həvəssiz işıqlandırıblar. Hətta olaylara operativ reaksiyası ilə seçilən AXCP sədri Əli Kərimlinin də səhifəsində baş verənlərə münasibət görünmür. Bu gün o, yalnız Fəxri Xiyabdandan canlı efirə çıxıb, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib. Avqustun 22-si saat 17-yə olan reaksiyalar belədir.
Milli Şura sədri Cəmil Həsənli də susqundur. Gültəkin Hacıbəyli mövzunun “yanından keçən” bir status yazıb, Ramiz Mehdiyevə verilən imtiyazlardan sıravi vətəndaşlar üçün də istəyib. Toy hələlik müxalifət düşərgəsinin ünlü təftişçilərindən Sevinc Osmanqızının da gündəminə gəlməyib. Başqa zaman o, belə bir “şadyanalığı” dərhal efirə çıxarar və qılıncı kəsdikcə iştirakçıları “doğrayardı”. Ancaq nə qılınc var, nə qılınclanan. Yəqin yaxınlarda bu yanaşmanın eytiyatlılıq, yoxsa, keçmiş, ya da gələcək perspektivlərlə bağlı olduğunu anlayarıq.
Liderlər susqun olsa da, çevrələri çox aktivdir. Müxalifət düşərgəsinə yaxından-uzaqdan bağlılığı olanların hər biri Mehdiyevin kürəkənin həbsini hakimiyyət içərisindəki çəkişmə kimi qiymətləndirir, “boş şeydir”, “görüntü yaradırlar” kimi qiymətləndirirlər, eyni zamanda da Mehdiyevin cavab atəşinə hazırlaşdığı haqqında iddialar səsləndirirlər.
Təbii, gördüklərimiz və inanmağa çətinlik çəkdiyimiz hakimiyyət içərisində çəkişmənin görüntüsüdür, ancaq faktiki vəzifəsi AMEA-ya rəhbərlik olan Mehdiyevin hardan güc alaraq cavab atəşi açacağı gerçəkdən də çox maraqlı məsələdir. Ondan da maraqlısı müxalifətin bu haqda israrla iddialar irəli sürməsidir. Görünən odur ki, qurulan kombinasiya çoxgedişlidir.
Uzun illər hakimiyyətin aparıcı qüvvəsi olan Ramiz Mehdiyev karantin günlərində nəvəsinə toy etməklə hakimiyyətə meydan oxuyub. Demək, hansısa gücə arxalanıb. Onun dəvətini qəbul edən toya gələnlər də səflərini bəlli ediblər. Bu sabotaja qoşulmaq istəməyənlər bəzi keçmiş məmurlar kimi, xəstələnib ölkədən gedə bilərdilər. Getməyiblərsə, demək, bu addımı şüurlu atıblar. Akademik titulu ilə özünə elm adamı görüntüsü yaratsa da nəhəng biznes imperiyasına sahib Abel Məhərrəmovun şüursu addım atacağına kim inanar?
Abel Məhərrəmovun keçmiş administrasiya rəhbərinin qarşısında ikiqat dayanıb xalqın adından danışması açıq-aydın vurulmuşların bir araya gəlib Mehdiyevə biət etməsi görüntüsü yaradırdı. Bəlkə də özünü “çaxır çəlləyində” batıran Məhərrəmov Ramiz Mehdiyevə xilas kəməri kimi baxır? Onu da yaxınlarda anlayacağıq.
Keçmiş baş prokuror Eldar Həsənovun həbsindən öncə Prezident İlham Əliyev bir neçə çıxışında 5-ci kolondan söz açıb, onun uzantılarının həm hakimiyyətdə, həm müxalifətdə olduğunu vurğulayıb. Eldar Həsənovun həbsindən sonra ictimai mühitdəki “qaynamalar” sübut edir ki, 5-ci kalonun koordinatları doğru göstərilib. İndi hər fürsətdə boy göstərirlər. Hətta toyda da. Bir azdan bağlar çözüləcək.
Aygün Muradxanlı