Slavyan Universiteti Kamal Abdullanın nəzarətindən çıxdı
25-iyun-2016Nizami Xudiyev Pedaqoji Universitetə rektor qayıda bilmədi
Prezident İlham Əliyevin iyunun 23-də imzaladığı sərəncamla iki universitetə yeni rektor təyin olundu. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə rəhbərlik edəcək.
Dövlət başçısının digər sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev isə Nurlana Əliyeva ilə əvəzlənib. Bu iki ali məktəbin rəhbərliyində aparılan dəyişikliyin səbəbləri açıqlanmır, əslində belə götürəndə qeyri-adi hadisə də baş verməyib. Lakin 2014-cü ilin mart ayının 17-də Slavyan Universitetinə rektor təyin edilən Asif Hacıyevin vəzifəsindən uzaqlaşdırılması gözlənilən deyildi. O səbəbdən ki, adətən, ali məktəblərin rektorları uzun illər öz postlarında qalırlar. İllərdən bəridir bu ənənənin şahidiyik.
Asif Hacıyev bu vəzifəyə Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olunandan sonra gətirilmişdi. Qeyd edək ki, o 2000-ci ilin iyun ayında mərhum prezident Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunan Bakı Slavyan Universitetinin rektoru təyin edilib və 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışıb.
Universitetə ondan sonra kimin rektor təyin ediləcəyi məsələsi o zaman müzakirə olunanda birmənalı şəkildə bu seçimin Kamal Abdullanın da istəyi ilə bağlı olacağı söylənilirdi. Üstündən az keçmiş 2000-ci ilin may ayından Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışan Asif Hacıyev rektor təyin olundu. Beləliklə, universitetdəki daxili mühitlə tanış olanlar birmənalı bəyan etdilər ki, bu seçimdə keçmiş rektorun xüsusi rəyi nəzərə alınıb.
Kamal Abdulla öz adamını rektor təyin etdirməklə həm də dolayısı ilə universitetə nəzarəti əlində saxlaya bilibmiş. AzToday.az-ın əldə etdiyi məlumata görə, Slavyan Universitetində 2014-cü ildən də bəri daxili yerdəyişmələr, təhsil prosesinə nəzarət keçmiş rektorun ixtiyarında olub. Asif Hacıyevin hətta Təhsil Nazirliyinin bəzi göstəriş və tələblərini yerinə yetirməməsi kimi faktların olduğu da bildirilir. Bu isə sözsüz ki, nazir Mikayıl Cabbarovun ürəyincə olmayıb. Etibarlı mənbə iddia edir ki, təhsil naziri bu iki il boyunca dəfələrlə Slavyan Universitetindəki proseslərə Kamal Abdullanın müdaxiləsinin qarşısını almağa cəhd göstərsə də, buna nail ola bilməyib. Bu səbəbdən nazir Asif Hacıyevin əvəzlənməsinə israrlı olub. Mikayıl Cabbarov üçün yeni rektorun Kamal Abdullanın təsir göstərə bilməyəcəyi şəxslərdən biri olmasını da arzulayıb. Nəticədə, nazir istəyinə çatıb, Azərbaycan Dövlət Pedoqoji Kollecinin direktoru Nurlana Əliyeva Slavyan Universitetinə rektor təyin edilib. Yeni rektorun növbəti tədris ili ərəfəsi universitetdə ciddi kadr dəyişikliyi həyata keçirəcəyi istisna edilmir.
nizami-xudiyevDövlət Pedaqoji Universitetinə gəldikdə, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərovun da bu ali məktəbə yerinin dəyişdirilməsi gözlənilməz olub. Bildirildiyinə görə, Cəfərov keçmiş iş yerini indikindən daha prestijli hesab etdiyindən yeni təyinatının baş tutmaması üçün yüksək səviyyəli məmurlara minnətçi düşsə də, buna nail ola bilməyib. Bu təyinat digər tərəfdən, Pedaqoji Universitetin keçmiş rektoru Nizami Xudiyevin ümidlərini puç edib. O, 1994-1996-cı illərdə həmin universitetinin rektoru olub. 1996-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri təyin edilib, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olan Nizami Xudiyev iki dəfə deputat seçildikdən sonra 2010-cu ildə mandatdan məhrum edilib. O, həmin vaxtdan bəri Pedaqoji Universitetə rektor kimi qayıtmaqdan ötrü dəfələrlə cəhd edib. Lakin hər dəfə onun üçün “qırmızı işıq” yandırılıb. Deyilənə görə, Nizami Xudiyevin deputat mandatından məhrum edilməsi və yenidən hansısa yüksək vəzifəyə təyinatı məsələsinin əleyhinə gedən başlıca şəxs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.