Bu gün:
Xezer.info » Hava » Güclü külək, leysan, dolu gözlənilir - Xəbərdarlıq

Güclü külək, leysan, dolu gözlənilir - Xəbərdarlıq


Güclü külək, leysan, dolu gözlənilir - Xəbərdarlıq
"Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O, vətəndaşlara müraciət edərək istirahət günləri üçün planlarında hava şəraitini nəzərə almağı xahiş edib:

"Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki, iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun.

Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir".