Bu gün:
Xezer.info » Sosial » Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi: Pulları geri qaytaracaqlar

Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi: Pulları geri qaytaracaqlar


Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi: Pulları geri qaytaracaqlar
Bu ilin yanvarında daha 200 əsassız əlillik ləğv edilib.

Oxu.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb:

“Səhiyyə Nazirliyi ilə birgə yaradılan İşçi qrupu bu məsələ ilə ciddi məşğuldur. Araşdırma zamanı məlum olur ki, saxta əlillik almaq üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əlillik faizi 70 faiz az olub. Bu dinamika reallığa uyğundur”.

Nazir bildirib ki, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür:

“Saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var. Onlardan bir neçəsi artıq həbs edilib. Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfindən geri ödənilməyə başlayıb. Artıq bir milyon manata qədər vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində üç milyon manata qənaət deməkdir”.

Sahil Babayev qeyd edib ki, ötən il 600 əməkdaş barədə inzibati tənbeh tədbiri görülüb:

“Bunlardan 80 nəfəri işdən çıxarılıb, 500 nəfərdən çoxu tənbeh alıb. Bunlar, əsasən, səhlənkarlıq, kobudluq hallarına görə olub”.