“Prezident tapşırıqların icrasını şəxsən yoxlayır” - PA rəsmisi
12-okt-2018“Bələdiyyələr yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. Oktyabrın 15-dən 21-dək nəzərdə tutulan “Yerli Demokratiya Həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov oktyabrın 11-də Sumqayıtda Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə “Yerli Demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda Konfransda söyləyib.
E. Eyvazov sayca 11-ci dəfə keçiriləcək “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının “Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşularaq hər il bələdiyyələrə belə tədbirlərin keçirilməsini tövsiyə etməsinin yaxşı ənənəyə çevrildiyini deyib.
Sektor müdiri bu tədbirin bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımları ölkə başçısı İlham Əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.
“Hamıya məlumdur ki, dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən sərəncamlar imzalayır və vaxtaşırı bu sərəncamların, tapşırıqların icrasını yerlərdə şəxsən yoxlayır. Bu siyasətə uyğun olaraq şəhər, rayon icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq səyyar qəbullar keçirilir, həmin qəbullarda vətəndaşlar onları narahat edən məsələləri birbaşa bildirir və aidiyyəti qurumlar tərəfindən mövcud problemlərin həlli istiqamətində iş aparılır. Bu baxımdan bələdiyyələr də yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. “Yerli demokratiya həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”.
Prezident Administrasiyasının sektor müdiri bələdiyyə rəhbərlərinin qarşısında duran vəzifələri qeyd edərək həftənin özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin inkişafına təkan verəcəyini vurğulayıb.
Yerli demokratiya həftəsinin əhəmiyyətini vurğulayan Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov bildiriblər ki, “Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətinin genişlənməsinə, bu qurumların işində demokratik prinsiplərin daha çevik tətbiqinə imkan yaradacaq.