Hava ilə bağlı bütün qurumlara xəbərdarlıq edilib
04-okt-2018Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 5-də və 6-da hava şəraitini kəskin dəyişəcəyi ilə bağlı yaydığı xüsusi təhlükəli hadisə haqqında açıqlanan məlumata aydınlıq gətirib.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən sözügedən şöbənin müdiri Umayra Tağıyeva xatırladıb ki, ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yayılan xəbərdarlıq öz qüvvəsindədir: “Belə ki, oktyabr 5-dən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Gün ərzində şiddətli olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Ümumiyyətlə, gün ərzində temperaturun anomal gedişi gözlənilir. Belə ki, adətən səhər saatlarında temperatur daha aşağı, gündüz saatlarında isə yuxarı olur. Ancaq sabah prosesin əksi müşahidə olunacaq. Yəni,səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında maksimal temperaturun 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağını gözləyirik. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək. Bu da metohəssas insanlar üçün əlverişsiz bir hava şəraiti sayılır.
Temperatur normadan aşağı olacaq. Ancaq əvvəlcə biz prosesi müşahidə etməliyik. Sonra ötən illərin norması ilə müqayisə edib məlumat verərik”.
Onun sözlərinə görə, küləyin sürəti haqqında xəbərdarlıqlar iki gün əvvəldən bütün əlaqədar təşkilatlara, müvafiq qurumlara xüsusi xəbərdarlıq başlığı ilə ötürülüb. U. Tağıyeva qeyd edib ki, əhali üçün tərtib olunan proqnozlarda zəif, mülayim, güclü və şiddətli külək sözlərindən istifadə edilir: "Artıq güclü və şiddətli deyəndə biz bunun arxasında nə dayandığını bilirik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatması haqqında məlumatlar müvafiq təşkilatlara göndərilib”.
Qeyd edək ki, əhalinin nəzərinə çatdırırıq ki, iki gün ərzində küləyin şiddətli olması ilə əlaqədar ehtiyatlı olsunlar. Avtomobillərini ağacların altında saxlamasınlar.